Xəbər lenti
Bütün xəbərlər

SOCAR-ın Türkiyədəki layihələri: Azərbaycanın qazancı nədir?

  • 16 okt 2019, 09:35

İlham Şaban: "SOCAR-ın qarşısında duran missiya odur ki...”

Xəbər verdiyimiz kimi, "SOCAR-Türkiyə”nin təşkilatçılığı ilə bir qrup azərbaycanlı jurnalistin Trans-Anadolu Təbii Qaz Boru Kəməri layihəsinin (TANAP) Ədirnənin İpsala qəsəbəsindəki MS4 ölçmə məntəqəsinə və eləcə də SOCAR Türkiyə tabeliyində fəaliyyət göstərən STAR neft emalı zavodu və "Petkim Petrokimya Holding A.Ş.”yə mediatur təşkil edilib.

Mediaturda iştirak edən ekspert İlham Şaban "Yeni Müsavat”a layihələr barəsində öz fikirlərini bildirib. O, aşağıdakıları söyləyib: "TANAP vasitəsilə artıq ötən ilin 30 iyun tarixindən etibarən kommersiya qazının satışı başlayıb. TANAP ona gətirib çıxardı ki, ”Cənub-Qaz dəhlizi" layihəsi gerçəkləşdi. Artıq Xəzər qazının Avropaya daşınması layihəsi mifdən reallığa çevrilib. Bu layihəni gerçəkləşdirməklə, Azərbaycan öz adını qaz ixrac edən ölkələr siyahısına yazdı. Qazın neftdən fərqli tərəfləri var. Əgər sən infrastrukturu, alıcını yaratmasan, o həcmləri çıxarmaq imkanın da olmur. Qaz çıxdığı anda satılmalıdır. Onun saxlanma perspektivi yoxdur. Bu da Azərbaycanın 21-ci əsrdə neft ölkəsindən qaz ölkəsinə transferini həyata keçirən addım idi. Bununla da ölkə özünün həm xarici iqtisadi əlaqələrini, təsirini və yeni əməkdaşlıq imkanlarını qazanır. Bu, Azərbaycanın yaxın və orta perspektivdə əldə edəcəyi ən böyük nailiyyətdir".

İ. Şabana görə, TANAP elə layihələndirilib ki, onun şərq tərəfdə əvvəlcədən iki giriş nöqtəsi var: "Bu da ona görə edilib ki, TANAP vasitəsilə Yaxın Şərqdə olan ehtiyatların və o cümlədən İran, İraq qazının, Aralıq dənizində tapılan ehtiyatların Avropaya daşınması mümkün olsun. Məhz bu boru kəməri layihələndirmə səviyyəsindən, istismar verilmə səviyyəsinə qədər həm siyasi rəhbərliyimiz, həm də SOCAR səviyyəsində qeyd edilib ki, bizim boru kəmərinin digər ölkələrin inşa etdiyi boru kəmərlərindən fərqi ondadır ki, biz üçüncü tərəflərə bünövrəsindən onu açıq elan edirik. Necə ki, Bakı-Tbilisi-Ceyhan-nın bir kommersiya layihəsi kimi fəaliyyətinə bəzi dövlət və şirkətlər şübhə edirdilər. İndi isə Türkmənistan, Qazaxıstan, Rusiya bu boru kəmərindən yararlanırlar”.

İlham Şaban söyləyib ki, cəmiyyətdə "Petkim” və "STAR”ın nə üçün Azərbaycan ərazisində qurulmadığı ilə bağlı xeyli suallar var: "Bildirilir ki, nə üçün bu layihələr Azərbaycan deyil, Türkiyə ərazisində həyata keçirildi. 21-ci əsrdə hələ ki Cənubi, Şərqi Avropada, Şimali Afrikada, Yaxın Şərqdə, bu keyfiyyət parametrində neft emalı zavodu tikilib istifadəyə verilməmişdi. Bunu qonşu Türkiyədə etdik. Bu məsələ də qarşılaşdırılır ki, nə üçün hazırda Heydər Əliyev adına Neft Emalı Zavodu modernləşdirilir, Türkiyədə isə belə bir möhtəşəm zavod sıfırdan inşa edilib. Bunun cavabı çox sadədir. Belə ki, SOCAR orada bu zavodun tikintisi ilə bağlı qərar verərkən əlavə qazanc əldə etmək kimi qarşısına məqsəd  qoymuşdu. Yəni heç nədən yeni bir layihə həyata keçirilir və oradan əlavə qazanc əldə edilir. İkincisi, 2008-ci ildə SOCAR ”Petkim" zavodunun nəzarət paketinə sahib olmuşdu. Ancaq orada istehsal edilən məhsulların maya dəyərini aşağı salmaq üçün xammalın daha ucuz başa gəlməsi vacib şərt idi. Xammal isə başqa-başqa emal müəssisələrindən alınırdı. Həmin zaman düşünüldü ki, əgər şirkətin özünün sahib olduğu emal müəssisəsi olarsa, o zaman ölkədə daha güclü mövqeyə sahib olmaq mümkündür. Bu baxımdan SOCAR-ın "STAR” neft emalı zavodunun inşası zamanında atılmış addım oldu.

Orada həm xammalla təchiz olundu, həm ixraca mal verdi, həm də Türkiyənin ehtiyaclarının 20%-inin ödənilməsində iştirakçı oldu. Nəticə etibarilə bir ildə bu müəssisənin 500 milyon dollar xalis mənfəəti olacaq. Hazırda cari il üçün 7.5 milyon ton ümumi neft emalı olacaq. Gələn ildən isə bu, 10 milyon tona yüksəldiləcək. Ancaq təbii ki, 500 milyon dollar az vəsait deyil. Azərbaycanın bütün qeyri-neft sektorunun ixracı 1. 7 milyarda çatmır. Ancaq Azərbaycanın bütün qeyri-neft sektorunun mənfəətini elan edən yoxdur. Bilinmir ki, bu, 200, 300, 500 milyondur, yoxsa daha yuxarıdır. Ancaq SOCAR-a bağlı olan bir müəssisə 500 milyon dollar xalis mənfəət verir. İkincisi də bir zavodun bu qədər mənfəət verməsi, digər müəssisələrin də mənfəətinə səbəb olur. Bütün bu faktorların hamısı şirkətin, o cümlədən də Azərbaycan dövlətinin, dövlət büdcəsinə ödəmələrin artımı deməkdir. Bir məsələni də qeyd edək ki, SOCAR-ın Azərbaycanda istismar etdiyi yataqların hamısı köhnədir. İldən-ilə orada hansısa artım deyil, azalma baş verir və bu da təbiidir. Bu baxımdan yalnız daxildə işləri genişləndirmək istiqamətində gedilərdisə, şirkətin qazancı azalardı. Ancaq SOCAR-ın qarşısında duran missiya dövlət büdcəsinə vergiləri artırmaq və öz biznesini inkişaf etdirməkdir. Ölkənin daxilində bunu necə edəcəkdi? Deməli, onlar xaricdəki fəaliyyətlərini genişləndirməli idi. Biz də səfər zamanı bu inkişafın əyani şahidi olduq".

Əli RAİS,
"Yeni Müsavat”

Oxşar xəbərlər