Xəbər lenti
Bütün xəbərlər

Bu bəyannamə bizə yardım edəcək - Azay Quliyev

  • 07 sen 2019, 23:51

Andermatt Bəyannaməsi İpək Yoluna Dəstək Qrupunun fəaliyyətini daha da genişləndirməyə yardım edəcək.

Bu sözləri ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun sədri Azay Quliyev Qrupun İsveçrənin Andermatt şəhərində keçirilən III Beynəlxalq Konfransının yekun plenar iclasında çıxışı zamanı deyib. O bildirib ki, konfransda ötən 3 gün ərzində ATƏT məkanında qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı ortaya çıxan məsələlərin geniş spektri, davamlı infrastrukturun dəstəklənməsi, risklərin azaldılması, şəffaflıq, yaxşı idarəetmə prinsipləri və gələcək nəsillər üçün daha yaxşı bir həyatın təmin edilməsinə dair ətraflı müzakirələr aparılıb.

A.Quliyev deyib ki, Bakı və Minsk bəyannamələrinin ruhunu davam etdirən Andermatt Bəyannaməsinin qəbul edilməsi Qrupun fəaliyyətinə Davamlı İnkişaf Məqsədləri və onların təşviqi ilə bağlı yeni çalarlar da qatır:
"Əminəm ki, bu Bəyannamə qrupumuzun fəaliyyətini daha da genişləndirməyə və onun parlament nəzarəti və iştirakçılığının inkişafı prosesində effektiv bir vasitə kimi rolunu təkmilləşdirməyə yardım edəcək. Məlum olduğu kimi, qrupumuz mövcud əməkdaşlıq əlaqələrinin səviyyəsini artırmaq, daha da çox fayda gətirmək və insanların rifahına töhfə vermək üçün mümkün yolların müzakirəsinə dəstək verən əla bir fürsət olduğunu sübut edən hərtərəfli hökumət-parlament-özəl sektor dialoqu üçün zəmin yaradır. Çox şadam ki, çoxmillətli platformamızın bu konfransı zamanı nümayəndə heyətləri onları narahat edən məsələlər üzrə açıq dialoq keçirdilər, eləcə də dövlətlərarası əməkdaşlığın genişləndirilməsinin mümkün yolları və logistika və nəqliyyatda mövcud prosedurların asanlaşdırılması tədbirləri ətraflı müzakirə olundu”.

Oxşar xəbərlər