İlin 8 ayının iqtisadi və siyasi yekunu barədə...

  • 30 avq 2019, 10:05

Neftin qiyməti, yüksək kredit faizləri, siyasətdə  süstlük...

2019-cu ilin 8 ayı geridə qalmaq üzrədir. Bu  il Azərbaycanda sosial islahatlarla başladı, əmək haqqı və pensiyalarda artımlarla bağlı qərar verildi. Bu artımların davamlı olacağı da anons edildi. Daha sonra minimum əmək haqqı 250 manata çatdırıldı. Digər tərəfdən, ötən 8 ayda  problemli kreditlərlə bağlı kompensasiyalar ödənildi, qalan kreditlərin restruktruzasiya prosesi davam edir.

Bütün bunlarla yanaşı, ölkə iqtisadiyyatında bir çox problemlər qalmaqdadır, neftdən asılılıq kəskin şəkildə davam edir.  Kənd təsərrüfatı məhsullarının qiymətinin baha olması bu il əhalini narahat edən əsas problemlər sırasında oldu. Manatın məzənnəsi sabit qalsa da, maliyyə sektorunun problemləri həllini tapmadı. Xüsusən də istehlak kreditlərinin faiz dərəcələrinin yüksək olması, biznes kreditlərinin ümumi kredit portfelində çox kiçik yer tutması, real sektorun biznes kreditlərindən yararlanma imkanlarının məhdudluğu da ənənəvi olaraq davam edir.

İqtisadçı ekspertlər də ötən 8 ayda əhalinin maddi rifahının gücləndirilməsi istiqamətində atılan addımları vurğulamaqla yanaşı, iqtisadiyyatın fundamental problemlərinin həlli ilə bağlı görülən işlərin yetərli olmadığını  və islahatların davan etməsinin zəruriliyini vurğuladılar.

İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, dünyada baş verən ticarət və valyuta müharibələri, o cümlədən buna bənzər gərginliklər neft qiymətləri ilə özünü göstərir: "Avqust ayı məhz ötən aylarla, ilin əvvəli ilə müqayisədə yüksək olan neft qiymətlərinin 60-62 dollara enməsi ilə əlamətdar oldu. İlin əvvəlində bu qiymət 70 dollar ətrafında idi. Neftin 60 dollarlıq qiyməti hələ ki təhlükə deyil. Çünki dövlət büdcəsində də neftin qiyməti 60 dollardan hesablanıb”.

İqtisadçının sözlərinə görə, daxildə baş verən hadisələrdən əsasən Mərkəzi Bankın uçot dərəcəsini azaltması yadda qaldı, ancaq təəssüf ki, bunun iqtisadiyyata ciddi təsir mexanizmi yoxdur: "Dünyanın hər bir ölkəsində Mərkəzi Bank uçot dərəcəsini aşağı salan  kimi iqtisadiyyatda dinamik hadisələr baş verir. Ancaq Azərbaycan iqtisadiyyatı institutlaşmadığı üçün Mərkəzi Bakın bu addımının iqtisadiyyata güclü təsirinin olduğunu söyləmək mümkün deyil. İlin əvvəlində kredit faizləri necə yüksək idisə, hələ də o cür yüksək olaraq qalır. Bu da iqtisadiyyatı zəiflədən amillərdən biridir”. Cari ilin geridə qoyduğumuz dövründə baş verən siyasi hadisələri dəyərləndirən politoloq, "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə bildirdi ki, bu il də Dağlıq Qarabağ münaqişəsinin həllində də heç bir irəliləyiş olmadı: "Dünyanın bir çox nöqtəsində siyasi və hərbi münaqişələr davam edir. Avrasiya bölgəsindəki müharibələr,  Suriyada, Yəməndə, İsrail-Fələstin müharibəsində də irəliləyiş olmadı. Ötən ildə başlayan gərginliklər davam edir. Bizim bölgədə, o cümlədən Dağlıq Qarabağ münaqişəsində heç bir irəliləyiş olmadı. Əksinə, biz görürük ki, Ermənistanın baş nazirinin mövqeyi getdikcə sərtləşir. Halbuki Paşinyana ilk vaxtlar müəyyən ümidlər var idi, bəlkə o, Sərkisyandan bir qədər fərqlənər, bu işğalın Ermənistana baha başa gəldiyini anlayaraq hansısa uzlaşmaya gələr. Ancaq görürük ki, yox, belə deyil, əks şüarlar səsləndirirlər ki, Qarabağı Ermənistana birləşdirmək lazımdır. O baxımdan mən hesab edirəm ki, münaqişəni sülh yolu ilə həll edə bilməyəcəyik. Yeganə həll yolu düşmənə təzyiqi artırmaqdır. Bu il Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gözləntim yoxdur. Diplomatik danışıqlarda təzyiqi artırmalıyıq”.

Politoloqun sözlərinə görə, ilin sonunaa seçki gözlənilsə də, elə bir aktivlik müşahidə olunmur: "Bu ilin sonunda ölkədə bələdiyyə seçkiləri olacaq, ancaq elə bir seçki canlanması müşahidə olunmur. Gələn il parlament seçkiləridir, ola bilər ki, biz bu seçkilərdə bir qədər siyasi canlanmanın şahidi olaq. İqtisadi proseslərə gəldikdə isə bu il devalvasiya olmadı,  manat dəyərini qoruyub saxladı, ancaq qiymət artımı əhalini narahat edir”.

Oxşar xəbərlər