Dövlət hesabına yay düşərgələri bərpa oluna bilərmi - Təklif

  • 25 iyul 2019, 11:17

Ölkədə pullu düşərgələrin ən ucuzu 40 manat, ən bahalısı isə 1600 manatdır...

Artıq bir müddətdir ki, məktəblilər yay tətilinə buraxılıb. Hər il olduğu kimi, bu il də valideynlər yay düşərgələrinin olmamasından şikayətlənir. Tətilə buraxılan uşaqların əksəri gününü ya televizor qarşısında, ya da həyətdə oynamaqla keçirir.

Beləliklə, yay tətili səmərəsiz və faydasız şəkildə keçmiş olur. Halbuki sovet dövründə valideynlər bu barədə problemi yaşamırdı, çünki uşaqlar üçün yay düşərgələri var idi. Məsələn, Ukraynada "Artek”, Rusiyada "Oqonyok” adlı ümumittifaq pioner düşərgələrinə Azərbaycandan olan əlaçı şagirdlər də qatılırdı.

Rəsmi məlumata görə, 1992-ci ilədək Azərbaycanda şagirdlərin dincəlməsi üçün 50-dən çox yay istirahət düşərgəsi fəaliyyət göstərib. Onların 16-sı Xəzər dənizi sahillərində, 5-i işğal olunmuş ərazilərdə, qalanı isə ölkənin digər səfalı rayonlarında idi. Həmçinin "Şagird İstehsalat Briqadası” adlı düşərgələr təşkil olunardı. Bu briqadalarda şagirdlər müəyyən əmək qabiliyyətinə, müxtəlif əmək vərdişlərinə yiyələnir və əmək haqqı alırdılar.

Onu da xatırladaq ki, sovet dövründə bir uşağın 20 günlük düşərgə xərci təxminən 14-15 rubl təşkil edirdi. Şəhər düşərgələrində isə bu məbləğ iki dəfə az, 7-8 rubl idi. Beləliklə, bütövlükdə xərclərin demək olar ki, böyük qismini dövlət qarşılayırdı. Lakin sovet hakimiyyətinin süqutundan sonra ölkəmizdə yay düşərgələrinin bir qismi dağıdıldı, bəziləri özəlləşdirildi və sairə.

Hazırda yay düşərgələri təşkil edən özəl şirkətlər var. Lakin onların təklif etdiyi qiymətlər orta statistik ailələr üçün əlçatan deyil. Araşdırmadan belə məlum olur ki, hazırda yay düşərgələrinin ən ucuzu 40 manat, ən bahalısı isə 1600 manatdır. 40 manata təklif edilən düşərgə Nabranda təşkil olunur və 8 gün nəzərdə tutulur. Bura nəqliyyat, qalmaq üçün yer (çadır), qidalanma, köynəklər, atıcılıq, atçılıq, oxatma, idman oyunları, şəhər turu və s. daxildir.

Ən bahalı 1600 qiymətə olan düşərgədə - 4 həftə Qubada qalmaq mümkündür. Qiymətə nəqliyyat, qalmaq üçün yer, qidalanma, əyləncələr, debatlar, idman oyunları, ingilis dili tədrisi daxildir. Şirkət qiymət yüksəkliyini düşərgədə xarici dil kurslarının təşkili ilə izah edir.

Xəzər sahillərində də yay düşərgələri var. 1 ay ərzində yemək, gündəlik aparıb gətirmə, müxtəlif əyləncələr bir uşaq üçün 800 manata təklif olunur. Ayrı-ayrı nazirliklər tərəfindən də yay düşərgələri təşkil olunur ki, burada da demək olar ki, nazirliyin öz əməkdaşlarının uşaqları istirahət edir.

Bir qisim imkanlı valideynlər isə uşaqlarını xaricə dil öyrənmək üçün düşərgələrə göndərir. Bu cür düşərgələrdə 2 həftəlik dincəlmək 1000-1500 avroya başa gəlir. Almaniyada Höte İnstitutunun nəzdində düşərgənin 2 həftəsi 1000 avro, İspaniyada "EnfoCamp”da 1050 avroya, Londonda 1500 avroyadır.

Azərbaycanda yenidən dövlət hesabına uşaq yay düşərgələrini təşkil etmək proqramda varmı?

Qeyd edək ki, Təhsil Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə ödənişsiz  "Yay məktəb”i  təşkil etməyə başlayıb. "Yay məktəbi” "Məktəblinin dostu” pilot layihəsi çərçivəsində reallaşdırılır və Bakı şəhərində yerləşən 35 məktəbi əhatə edir. Nazirliyin yaydığı məlumata görə, bu il "Yay məktəbi” V və VI siniflər üçün iyul ayında, VII və VIII siniflər üçün isə avqust ayında keçiriləcək. Layihə çərçivəsində 2000-dən çox şagird üçün təlim, seminar və informativ sessiyaların keçirilməsi, müxtəlif idman yarışlarının, əyləncəli saatların təşkil edilməsi planlaşdırılır.

Hazırda ölkədə 4410 dövlət, 28 qeyri-dövlət ümumi təhsil məktəbi fəaliyyət göstərir. Təxminən ümumilikdə 1 milyona yaxın şagird tətilə buraxılıb. Hesablayanda onların yalnız çox cüzi qismi bu il yay düşərgələrində istirahət etmək şansını əldə edə biləcək.

Mövzu ilə bağlı Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov "Yeni Müsavat”a danışdı: "Bu, kifayət qədər böyük həcmli işi əhatə edən məsələdir. Bununla bağlı təşkilati işlər görülməli, infrastruktur hazırlanmalıdır və sairə. İndiki halda isə bizdə daha çox ayrı-ayrı və yaxud nazirliyin tabeliyində olan qurumların lokal düşərgələri fəaliyyət göstərir. Bildiyiniz kimi, ”Yay məktəbi" düşərgəsi var. Burada müəyyən bölgələrdə tədris göstəriciləri zəif olan şagirdlərlə iş aparılması nəzərdə tutulub. Təxminən 2 min km bir yol marşrutunu əhatə edən yay düşərgəsi nəzərdə tutulub. Qeyd edim ki, hazırda gənc müəllimlərin Şəkidə yay düşərgəsi təşkil olunub və bu, həftəsonuna qədər davam edəcək. Lakin yay düşərgələrinin daha böyük şəbəkədə olması həm də infrastruktur, maliyyələşmə məsələsi deməkdir. Gələcəklə bağlı dəqiq hansı işlərin planlaşdırıldığı barədə hazırda fikir söyləməsək də, düşünürəm ki, bu barədə niyyət var və onun  sistemli şəkildə həyata keçirilməsi nəzərdə tutula bilər".

Bəs dünya ölkələrində uşaqlar üçün düşərgələr necə təşkil olunur?

İnternet resurslarında bu barədə kiçik araşdırma apardıq. Məlum oldu ki, dünya ölkələrində, xüsusən də Avropada uşaq düşərgələri bir növ macəra tiplidir. Məsələn, İspaniya, Bolqarıstan, Fransa, Xorvatiyada "Casusların uşaqları”, "Qaya şəhərinin sirri”, "Robinzoniada” adlı macər düşərgələri var. Bu düşərgələr təxminən 2 həftəlik, qiyməti isə 1200 dollarlıq civarda olur. Bu düşərgələrə üz tutan uşaqlar iki həftə ərzində ekstremal ekskursiyalara, dağ və meşələrə gəzintilərə çıxır, mağaralarda, qayalar dibində çadırlar qurub, maraqlı istirahət yaşayırlar.

Bundan başqa, müxtəlif istiqamətdə olan düşərgələr var. Məsələn, idman düşərgələrində uşaqlara üzməyi, at sürməyi, aykido və karate kimi döyüş üsullarını öyrədirlər. Polşanın Putsko şəhərində 2 həftəlik düşərgədə vindserfinqi öyrənmək mümkündür.

Bununla yanaşı, dini təmayüllü düşərgələrə də rast gəlinir. Məsələn, Tatarıstanda 20-yə yaxın müsəlman düşərgə var. Burada uşaqlar əylənməklə yanaşı, Qurani-Kərimi müsəlman qaydaları və İslam normalarını öyrənirlər.

Qonşu Rusiyada uşaqların istirahəti üçün  düşərgələrin sayı çoxdur və ildən-ilə artır. Təkcə Sankt-Peterburqda 40-a yaxın uşaq düşərgəsi var.

"Yeni Müsavat”

Oxşar xəbərlər