Milli Məclisdə büdcənin icrası müzakirə edilir

  • 14 iyun 2019, 13:26

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası Oqtay Əsədovun sədrliyi ilə öz işinə başlayıb. Spiker 15 iyun Milli Qurtuluş günü ilə bağlı qısa nitq söylədi və hamını bayram münasibətilə təbrik etdi.

Bundan sonra gündəlikdəki məsələlərin müzakirəsinə keçildi. İlk olaraq "2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini II oxunuşda müzakirəyə çıxarıldı. Qeyd edək ki, hökumət üzvləri də iclasda iştirak edir.

Komitə sədri Ziyad Səmədzadə bildirdi ki, birinci oxunuşdan sonra qanun layihəsi hökumət üzvlərinin iştirakı ilə müzakirə edilib, bir sıra təkliflərə baxılıb. Bəzi təkliflərə isə növbəti ilin dövlət büdcəsində baxılmasına qərar verilib. Z.Səmədzadə bütün deputatları qanun layihəsinə səs verməyə çağırdı.

Deputat Şəmsəddin Hacıyev dedi ki, bu gün Azərbaycan iqtisadiyyatı çox sürətlə inkişaf edir. Ş.Hacıyev Ermənistanda orta aylıq əmək haqqının Azərbaycandan yüksək olduğu barədə ötən iclasda deputat həmkarının səsləndirdiyi fikirləri təkzib etdi: "Hər il ölkəni on minlərlə insan tərk edir, yoxsulluq rəzalət. Belə bir vəziyyətdə hansı rifahdan, yüksək əmək haqqından danışmaq olar? Azərbaycanda ÜDM-in səviyyəsi Ermənistandan 8 min dollar yüksəkdir. Əmək haqqının səviyyəsində gəldikdə, 374 dollar yüksəkdir. Azərbaycan iqtisadiyyatı Cənubi Qafqazın 72 faizini, Ermənistan isə 12 faizini təşkil edir”.

Deputat Rauf Əliyev seçicilərinin müraciəti əsasında binaların giriş hissələrinin təmir olunması ilə bağlı məsələ qaldrıdı: "Hər bir səyyar görüşdə camaat bu məsələni qaldırır. Mən fürsətdən istifadə edirəm, nazirlərimiz də burdadır. Xahiş edirəm ki, bu məsələ ilə əlaqədar tədqiqat aparılsın, növbəti illərdə bu məsələlərin həlli istiqamətində addım atılsın”.

Sədr dedi ki, biz büdcəni müzakirə etmirik, icrasını müzakirə edirik.

E.Paşasoy /Y.M/

Oxşar xəbərlər