Xəbər lenti
Bütün xəbərlər

POS - terminallardan istifadəni necə optimallaşdıraq...

  • 04 iyun 2019, 09:52

Natiq Cəfərli: "İnzibati yolla, cəza tətbiq etməklə bu məsələni yoluna qoymaq dünyanın heç bir yerində mümkün olmayıb”

Son günlər mətbuatda nağdsız ödənişlərin ən geniş yayılmış forması olan  POS -terminallarla bağlı məsələ müzakirə olunur. Xüsusən də Milli Məclisin sonuncu plenar iclasında parlamentin sədri Oqtay Əsədov POS-terminalların işləməməsindən şikayətlənməsindən sonra məsələ daha da  aktuallaşıb.  Həqiqətən də deputatın sözlərində doğru məqamlar var. Əksər ictimai -iaşə obyektləri dövriyyələrini gizlətmək üçün müştərilərin kartla ödəniş etməsinə imkan vermirlər.

MM-dəki çıxışında bu məsələyə toxunan O.Əsədov Vergilər naziri Mikayıl Cabbarova müraciət edərək deyib ki, POS-terminalların fəaliyyəti haqqında bir qərar fikirləşmək lazımdır: "Sürətli internet və digər imkanlar, bir sözlə, hər cür şərait qurulub. Belə olan halda POS-terminallar niyə işləməli deyil? Deputatların 30-40 faizi şikayət edir ki, nə edək, POS-terminallar işləmir? Əməkhaqqını kartla alırıq, gərək hər dəfə kartdan pul çıxaraq? Xahiş edirəm ki, bu məsələni diqqətdə saxlayın”.

Vergilər Nazirliyi də öz növbəsində məlumat paylaşıb ki, POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilmiş vergi 25%-i həcmində azaldılır. Bu güzəştin alınması hüququ müəyyən edilərkən vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır. Bu, vergi orqanında qeydiyyatda olan şəxslərin sahibkarlıq fəaliyyəti məqsədləri üçün aldıqları mallara (işlərə, xidmətlərə) görə ödədikləri məbləğlərə münasibətdə tətbiq edilir. Vergi orqanında qeydiyyatda olan şəxsin şəxsi istehlak məqsədi üçün aldığı mala görə nağdsız qaydada POS-terminal vasitəsilə ödədiyi məbləğlər bu maddənin məqsədləri üçün nəzərə alınır.

İqtisadçı-ekspert Natiq Cəfərli də "Yeni Müsavat”a açıqlamasında bildirdi ki,  həm obyekt sahiblərinin, həm də vətəndaşların POS-terminaldan istifadəsinin stimullaşdırılmasını vacib hesab etdi: "Elə etmək lazımdır ki, obyekt sahiblərinə POS-terminaldan istifadə etmək sərfəli olmalıdır. Əgər sərfəli olmasa, nəzarət funksiyalarını yerinə yetirən istənilən orqanların gücü çatmayacaq ki, bu məsələni özü həll etsin. Çünki Vergilər Nazirliyinin cəmi 2500 nəfərə yaxın işçisi var. İctimai-iaşə obyektlərinin sayı isə 50 minə yaxındır. Ona görə də  bu obyektlərin hər birini daim nəzarətdə saxlamaq mümkün deyil. Sahibkarlar POS-terminallardan istifadə etməkdə maraqlı deyillər. Çünki belə olan halda onların dövriyyəsi leqallaşır və vergilər artır. Buna görə də çox zaman obyekt sahibləri bu qurğulardan istifadə etməkdə maraqlı olmurlar. Onları maraqlandırmaq , stimullaşdırmaq üçün POS-terminallardan istifadənin qaydaları  dəyişdirilməlidir, onlara müəyyən güzəştlər tətbiq edilməlidir. Məsələn, əlavə dəyər vergisində güzəşt oluna bilər və ya gəlir vergisində güzəşt oluna bilər. POS-terminaldan istifadə edən obyektlər varsa,  ondan istifadə zamanı əldə olunan gəlirin yaratdığı əlavə dəyər vergisi 18 faizdən 10 faizə və ya 8 faizə  salına bilər. Bu zaman obyekt sahiblərində bir stimul yaranacaq. Onlar özləri maraqlı olacaqlar ki, POS-terminallardan istifadə etmək üçün heç bir əngəl yaranmasın. Əgər həmin maraq yaranmasa, sırf inzibati yollarla bu məsələni daim nəzarətdə saxlamaq mümkün olmayacaq”.

N.Cəfərli vurğuladı ki, hələ vətəndaşlar arasında da POS-terminaldan istifadə mədəniyyəti tam formalaşmayıb:"Qanun tələb edir ki, istənilən obyektdə POS-terminal quraşdırılmalıdır. Ancaq bizdə əhalidə də POS-terminaldan istifadə ilə bağlı oturuşmuş davranış qaydaları yoxdur. Biz dəfələrlə görmüşük ki, təqaüdlər, maaşlar verilən kimi bankomatların qarşısında onlarla insan növbə gözləyir, pulunu nağdlaşdırmağa çalışır. Halbuki həmin kartlarla alış-veriş də etmək olar. Qəribə mənzərə yaranır. Bankomatdan pulunu çəkən vətəndaş həmin nağd pulu götürüb marketə gəlir, evinə bazarlıq edir. Əslində kartla ödəniş etsə, bu, daha rahat olardı . Vətəndaşlar arasında nağdsız ödənişlə bağlı davranış qaydalarını formalaşdırmaq üçün müəyyən addımlar atılmalıdır. Dəfələrlə bunu da təklif etmişik ki, POS-terminallar vasitəsilə ödənişlər zamanı verilən çek və onun nömrəsi avtomatik lotereya biletinə çevrilə bilər. Vətəndaş həmin çekləri toplayaraq ayda 1 dəfə dövlət tərəfindən keçirilən lotereya uduşlarını izləyə bilər. Hər bir çekin unikal nömrəsi var, o nömrələr lotereya biletinə çevrilsə, bahalı hədiyyələr uduşa qoyulsa, vətəndaşın da marağı olar ki, POS-terminallar vasitəsilə ödəniş etməkdə maraqlı olsun. Vətəndaşın da, biznesin də davranışı stimullaşdırılmalıdır. Başqa yolla bu məsələnin  oturuşmasına, bir davranış normasına çevrilməsinə nail olmaq mümkün deyil. İnzibati yolla, cəza tətbiq etməklə bu məsələni yoluna qoymaq dünyanın heç bir yerində mümkün olmayıb. Bir çox  ölkələrdə nağdsız ödənişlərin bir davranış qaydası kimi formalaşması üçün stimullaşdırıcı üsullardan istifadə ediblər. Azərbaycanda da mütləq belə bir proqram qəbul olunmalıdır”. 

"Yeni Müsavat”

Oxşar xəbərlər