Azərbaycanlılar Yaponiyaya axışa bilər - səbəb...

  • 22 yan 2019, 10:33

Sahib Məmmədov: "Yaponiya üçün hansı ölkənin prioritet ölkə olacağı da sual işarəsidir”; Vüqar Bayramov: "Böyük axın olacağını düşünmürəm”

Yaponiyada əhalinin getdikcə yaşlanması əmək bazarında böyük bir boşluğun yaranmasına səbəb olub. Hazırda xarici işçilərə tətbiq edilən maneələri aradan qaldırmaq istiqamətində addımlar atılır.

"Yeni Müsavat” "BBC Azərbaycan”a istinadən xəbər verir ki, 2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiadasına hazırlıqlar da sürətlə davam edir. Beləliklə də ölkənin əmək bazarında yaranmış boşluğu doldurmaq üçün işçiyə ehtiyac var. Yaponiya on illərdir əhali azalması probleminin fərqindədir. Ancaq hökumət bu istiqamətdə köklü addımlar atmaqdan çəkinir.

Baş nazir Shinzo Abe ölkəyə az maaşlı xarici işçi axınını artırmaq istəyir. Lakin 2025-ci ilə qədər yüz minlərlə işçi almağı nəzərdə tutan təklif, ənənəvi olaraq, miqrasiyaya müsbət yanaşmayan ölkədə mübahisəyə səbəb olub.

Təklif dekabr ayında parlamentdə qəbul edilib. Beləliklə, aprel ayından başlayaraq növbəti 5 il ərzində 300 min xarici işçi ölkədə işə qəbul olacaq. Bu, gələcəkdə ölkədə böyük dəyişikliklərə səbəb olacaq addım kimi qəbul edilir.

Yaponiyada ümumilikdə mühacirlərin əhaliyə nisbəti yüzdə bir faiz səviyyəsindədir. Bu nisbət Britaniyada 5, ABŞ-da isə yüzdə on yeddi faizdir. Xarici işçilərin yüzdə otuz faizi çinli, digərləri isə vyetnamlı, filippinli və braziliyalılardır.

Əmək miqranlarının sayının aşağı olmasının səbəbi yaponların adalar ölkəsi kimi mühacirliyə müsbət baxmamasıdır.

1800-cü illərin ortalarına qədər ölkəyə giriş-çıxışlar hətta ölümlə cəzalandırıla bilərdi. İndi isəYaponiya özünü güclü bir mədəni şəxsiyyətə sahib hegemon ölkə olaraq görür.

Mühacirlərə qarşı olmağın arxasında iş itirmək, mədəni həyatın pozulması və cinayət nisbətinin artması kimi qayğılar dayanır. Lakin ən böyük narahatlıq qaynağı ölkədə yaponların azalmasıdır.

2010-2015-ci illərdə əhali təxminən bir milyon azalıb. Ötən il bu rəqəm 227 min olub. 65 yaşdan yuxarı əhali yüzdə 27 faizlə rekord səviyyədədir. Bu nisbətin 2050-ci ildə 40 faizə çatacağı gözlənir.

Mövcud iş yerlərinin əmək qabiliyyətli əhaliyə nisbəti də gedərək artır. May ayında hər 100 işçi üçün 160 iş yeri olub. Yəni bu gün yaşlı yaponların işləyə bilməyəcəyi, gənclərinsə işləmək istəmədiyi çoxlu sayda iş yeri var.

Sahib Məmmədov: "Bütün dünya üzrə elan olunsa, Azərbaycanın da şansı yarana bilər”

Bu gəlişmənin Azərbaycan oxucuları üçün maraqlı olan cəhəti isə ölkə işsizləri üçün Yaponiya qapısının açılıb-açılmayacağıdır. Belə ki, indiki halda azərbaycanlılar iş üçün Rusiya, Türkiyə, eləcə də Avropa ölkələrinə üz tuturlar. Sonuncuya daha çox siyasi miqrant kimi müraciət edən soydaşlarımız arasında eyni zamanda elm, təhsil, texnika sahəsində də yüksəlişə çatanlar az deyil. Yaponiya azərbaycanlı işsizlər üçün yeni qapı ola bilərmi?

Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əmək miqrasiyasının təmzimlənməsinin bir neçə yolu var. Bunlardan birincisi iki dövlət arasında bağlanan müqavilədir. Buna nümunə kimi 1961-ci ildə Almaniya ilə Türkiyə arasında bağlanan müqaviləni göstərən S.Məmmədov həmin vaxt 3-4 milyon Türkiyə vətəndaşının işçi qüvvəsi olaraq ora getdiyini dedi: "Bizdə də 90-cı illərdə işçilərin Körfəz ölkələrinə göndərilməsi tendensiyası baş vermişdi. Bir də var vasitəçi şirkətlər işçiləri bir ölkədən başqa ölkəyə göndərsinlər”.

Müsahibimiz dedi ki, indiki halda Yaponiya Azərbaycan miqrantlarına prioritet ölkə olaraq giriş verməlidir. S.Məmmədovun fikrincə, Yaponiya üçün hansı ölkənin prioritet ölkə olacağı da sual işarəsidir. Böyük ehtimalla Filippinin prioritet ölkə olacağını vurğulayan müsahibimizə görə bütün dünya üzrə elan olunsa, bu halda Azərbaycanın şansı yarana bilər: "Hər şey onlardan asılıdır. Hansı ölkəyə çıxış verəcəklərsə, o ölkənin vətəndaşları da əmək miqrantı olaraq ora gedəcəklər. Ola bilər ki, ümumən regiona  çıxış versinlər. Amma konkret bir ölkəyə də çıxış verilə bilər”.

Qeyd: Dünyada dörddə bir milyarddan çox miqrant var, onlardan yalnız 7 faizi qaçqındır. Miqrantların 60 faizi əmək miqrantlarıdır, yəni xaricə iş tapmaq dalınca gələn və ya artıq işləyən insanlar. Əvvəlki sorğudan bu yana dörd il ərzində dünyada əmək miqrantlarının sayı təxminən 10 faiz artıb.

Miqrantların üçdə ikisi zəngin ölkələrə gedib və indi oralarda hər beşinci işçi əcnəbidir. Miqrantlar arasında məşğulluqla bərabər yerli əhali arasında işsizlik və narazılıq artmaqdadır. Nəticədə, inkişaf etmiş iqtisadiyyatlarda əmək miqrantlarının axını tədricən yavaşlayır və orta gəlirli ölkələr diqqəti öz üzərinə çəkir. Dünya Əmək Təşkilatının son tədqiqatına görə, Çin və Braziliya ilə yanaşı, bu qrupun tərkibinə Rusiya, Belarus, Qazaxıstan, Azərbaycan və Türkmənistan daxildir.

İnkişaf etmiş ölkələrin işçi qüvvəsində miqrantlar 18,5 faizini təşkil edirsə, ümumiyyətlə, planetdə yalnız hər iyirminci və ya 3,5 milyard işçinin 5 faizindən azı xaricdən gəlib.(BBC)

Yaponiyada hansı peşələr populyardır?

Ümumilikdə Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinin rəsmi məlumatına görə, ölkədə 2018-ci ildə minimum əmək haqqı saatda 848 yen (təqribən 6,4 avro) təşkil edib. Prefekturadan asılı olaraq bu rəqəm saatda 737-958 yen (təqribən 5,6-7,2 avro) arasında dəyişir. Yaponiyada orta illik əmək haqqı təqribən 3 milyon 857 min 628 yen (təqribən 29 min 155 avro) və ya ayda 321 min 469 yen (2 min 430 avro) təşkil edir.

Bir çoxları çətinlik çəkmədən ingilis dili müəllimi ixtisası üzrə iş tapa bilərlər. Qızlar isə modelçilik biznesində və ya televiziyada da işləyə bilərlər. Avropa görünüşlü rəqqaslara və müğənnilərə də böyük ehtiyac var.

Yapon və beynəlxalq kadr agentiklərinin məlumatına görə, bu gün Yaponiyada ən çox tələbat duyulan peşələrin siyahısına bu ixtisaslar daxildir - həkim, incəsənət xadimi, mühəndis, avtomobilqayırma sahəsi üzrə mütəxəssis, satış üzrə menecer, model, xidmət sahələri üzrə işçilər, tərcüməçi, proqramçı, ali məktəb müəllimi, tikinti mütəxəssisi, alim, ingilis dili müəllimi, maliyyəçi və bank işçisi.

Onu da qeyd edək ki, Yaponiyada orta ömür müddətinin uzunluğu təqribən 84 yaş təşkil edir. Bu, bütün dünyada ən yaxşı göstəricilərdən biri hesab edilir. Bununla yanaşı, əhalinin yaşlanması işçi qüvvəsinə ciddi tələbat yaradır. Buna görə də Yaponiya hökuməti daha çox ehtiyac duyulan peşələrə malik əcnəbilərə şərait yaratmaq üçün qarşıdakı illərdə sərtliyi ilə fərqlənən immiqrasiya siyasətini yumşaltmaqda davam edəcək.

Bizimkilər Rusiyada nə qədər qazanır?

Müqayisə üçün deyək ki, Rusiyaya gedən əmək miqrantlarının əksəri MDB ölkələrindəndir. İlk üçlükdə Tacikistan, Özbəkistan və Qırğızıstan qərarlaşıb. Miqrantların 30%-i tikinti sahəsində çalışır. Digər populyar sahələr topdan və pərakəndə ticarət, avtotəmir və emal istehsalıdır. Ali İqtisadiyyat Məktəbinin araşdırmasına əsasən, ötən il Rusiyada ən çox belaruslu miqrantlar qazanıblar. Onların orta aylıq məvacibi 40 min rubldan çox təşkil edib. Siyahıda sonrakı yerləri müvafiq olaraq Azərbaycan və Gürcüstan tutur. Bu ölkələrin vətəndaşları ayda ortalama təqribən 36 min rubl alırlar.

Əmək miqrantları öz gəlirlərinin təxminən 40%-ini evə göndərir. Maliyyə araşdırmaları üzrə milli agentliyin məlumatına əsasən, bu baxımdan birinci yeri Özbəkistan vətəndaşları tutur. İlin əvvəlindən onlar Rusiyadan 700 milyon dollardan çox vəsait köçürüblər.

Rusiyaya miqrant axını 2017-ci illə müqayisədə 42 faiz azalıb. Beynəlxalq miqrantların sayında isə vəziyyət dəyişməz olaraq qalsa da, gedənlər 22 faiz təşkil edib.

Vüqar Bayramov: "Azərbaycanda Yaponiyada elan olunan işə böyük maraq olmayacaq”

Iqtisadçı Vüqar Bayramov isə "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, son illər Azərbaycandan iş tapmaq üçün xaricə gedənlərin sayında artım var. Müsahibimizin sözlərinə görə, apardıqları monitorinqlər 2014-cü ildən sonra ölkədən işləmək üçün xaricə gedən ixtisaslı kadrların sayında artım olduğunu sübut edib: "Yaponiya da Azərbaycanın ixtisaslı kadrları üçün cəlbedici ola bilər. Amma sözsüz ki, Avropadan fərqli olaraq, Yaponiyaya getməyin xeyli çətinlikləri var. Əvvəla, viza alınması xeyli prosedura tələb edir. Baxmayaraq ki, Şengen vizası almaq da o qədər asan deyil. Bununla belə, Şengen vizası almaq Asiyanın inkişaf etmiş ölkələrinə - Yaponiya və Cənubi Koreyaya viza almaqdan daha asandır. Digər tərəfdən, sözsüz, Azərbaycanın ixtisaslı kadrları daha çox Avropa və Amerikada iş tapmaq istəyirlər”.

V.Bayramov hesab edir ki, Azərbaycanın əmək qabiliyyətli vətəndaşları arasında Yaponiyada elan olunan işə böyük marağın olacağını düşünmür. Onun sözlərinə görə, bununla belə, Azərbaycan vətəndaşlarının həmin iş üçün müraciət edə biləcəyi də tamamən istisna edilmir: "Bu kontekstdən  yanaşsaq, Yaponiyanın işçi axtarması Azərbaycanın əmək bazarına təsir göstərməyəcək. Bu, əmək bazarında ixtisaslı kadr problemi yaratmayacaq. Təsirləri cüzi ola bilər. Ümumiyyətlə, hiss ediləcək təsirlərinin olacağı proqnozlaşdırılmır”. /Y.M/

Oxşar xəbərlər