Rayonlarda meyvələri saxlamağa yer tapılmır

  • 29 noy 2018, 10:35

Aqrar istehsalçıların soyuducu anbar problemi

Azərbaycanda meyvələrin yığım dövrü başa çatmaqdadır. Artıq bağlardan alma, armud, nar, xurma, heyva və digər meyvələrin yığılması prosesi, demək olar ki, yekunlaşıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-oktyabrında Azərbaycanda 804,1 min ton meyvə və giləmeyvə toplanıb. Bir sıra məhsullar bu il xeyli bol olub. Üzüm, xurma, alma kimi meyvələrdə böyük artım qeydə alınıb. Məsələn, bu il ölkə üzrə üzüm istehsalı 146 min tondan yuxarı olub. Xurma istehsalının isə 200 min ton olacağı gözlənilir.

Belə məhsul bolluğu istehsalçıları sevindirsə də, bir sıra problemlər də yaranıb. Bu problemlərdən ən əsası bol məhsulun satılmayan hissəsinin saxlanması ilə bağlıdır. Belə ki, qeyri-neft məhsullarından olan meyvələrin xaricə ixracı dövlət tərəfindən stimullaşdırılsa da, məhsulun hamısının ixracı mümkün deyil. Bolluq qiymətlərin xeyli aşağı düşməsi ilə nəticələnir ki, kənd təsərrüfatı istehsalçıları da məhsullarını indi aşağı qiymətə deyil, bir qədər sonra daha baha satmağa çalışırlar. Lakin bölgələrdə məhsulların saxlanması üçün soyuducu anbarların yetərincə olmaması, olanlarda isə qiymətlərin yüksəkliyi istehsalçıların əksəriyyətinin məhsulunu dəyər-dəyməzinə satmasına səbəb olur. Məsələn, ölkə üzrə xurma istehsalının 44 faizini təmin edən Gəncə-Qazax bölgəsində hazırda bu məhsulun kiloqramı 15-20 qəpiyə satılır. İstehsalçılar mövcud soyuducu anbarlardakı saxlama xərclərinin yüksəkliyindən narazılıq edirlər. Bu xərclər onların məhsullarını bir neçə ay saxlayaraq daha yüksək qiymətə satmalarına imkan vermir.

Eyni problemlərlə Şimal bölgəsinin alma istehsalçıları da üzləşiblər. Belə ki, təkcə Quba rayonunda bu il 122 min ton alma istehsal olunub. Rayonda ümumilikdə 28 min tona yaxın tutumu olan 13 soyuducu anbar fəaliyyət göstərir. Bu isə istehsal olunan məhsulun 23 faizə yaxını deməkdir. Hamısı özəl əllərdə olan soyuducuların sahibləri fermerlərdən məhsulu ucuz qiymətə almağa üstünlük verirlər, nəinki onlar üçün saxlamağa. Buna görə də anbarlarda saxlanma haqqını bir çox hallarda qəsdən yüksək müəyyən edirlər. Analoji problemlər digər bölgələrdə də müşahidə edilməkdədir. Bəzi hesablamalara görə, saxlanma üçün şəraitin olmaması üzündən hər il istehsal olunan meyvənin 25-30 faizi itkiyə gedir.

Qeyd edək ki, Azərbaycanda soyuducu anbarların yaradılmasına 2008-ci ildən başlanıb. Həmin ildən etibarən İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu(keçmiş Sahibkarlığın İnkişafına Yardım Fondu) tərəfindən ölkə üzrə 53 soyuducu anbarın yaradılması üçün sahibkarlara 170,5 milyon manat güzəştli kredit verilib. İqtisadiyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən aldığımız məlumata görə, bu anbarların ümumi tutumu 347,1 min tondur. Nazirlikdən onu da qeyd edirlər ki, sahibkarların müraciətləri əsasında soyuducu anbarların yaradılmasına güzəştli kreditlərin ayrılması prosesi bundan sonra da davam etdiriləcək.

Sahibkarlığın İnkişafı Fondundan əlavə, Kənd Təsərrüfatı Nazirliyinin "Aqrolizinq” ASC-nin xətti ilə də Azərbaycana soyuducu anbarlar gətirilir. ASC-də mətbuatla əlaqələrə məsul olan Aytəkin Məmmədovanın "Yeni Müsavat”a verdiyi məlumata görə, Nazirlər Kabinetinin 31 mart 2005-ci il tarixli 58 nömrəli Qərarını əsas tutaraq "Aqrolizinq” ASC tərəfindən 2008-2018-ci illər ərzində ölkəyə 43 dəst soyuducu anbar avadanlıqları gətirilib. Onların ümumi tutumu 55 .6 min ton təşkil edir: "Hazırda müxtəlif bölgələrdə lizinqdə olan və istifadə edilən soyuducu anbar avadanlıqlarının sayı 25 dəstdir və ümumi tutumu 27,5 min tondur”.

Qalan 18 dəst soyuducu anbar avadanlığı isə sahibkarlar tərəfindən ödəniş olunmadığı üçün geri alınıb və hazırda istifadəsizdir.

A.Məmmədovanın sözlərinə görə, ASC tərəfindən soyuducu anbarların gətirilməsi prosesi hələlik dayandırılıb.

Göründüyü kimi, regionların soyuducu anbarlarla təchizatı sahəsində dövlət dəstəyi ilə işlər aparılsa da, bu, tələbatı ödəyəcək səviyyədə deyil. Kənd təsərrüfatı məhsullarının istehsalının artırılması ilə bərabər, onların istehsalçıların xərclərini qarşılayacaq qiymətə satılmasını təmin etmək üçün daha ciddi addımların atılmasına ehtiyac var. Bunu təmin etməyin yollarından biri də məhsulların soyuducu anbarlarda saxlanması üçün yetərli infrastrukturun formalaşdırılmasıdır. İstehsalçıların dövlətdən əsas gözləntilərindən biri məhz budur - əlverişli xidmət haqqı təklif edən soyuducu anbarların yaradılması.

Oxşar xəbərlər