Gələn il pambıq əkini sahəsi azaldılacaq
Amma istehsal builkindən daha yüksək olacaq
Prezident İlham Əliyevin bu ilin mayında imzaladığı sərəncamla yaradılan Kənd Təsərrüfatı yanında Aqrar Tədqiqatlar Mərkəzi özünün fəaliyyət istiqamətləri və funksiyalarını ictimaiyyətə təqdim etdi. Bununla bağlı keçirilən mətbuat konfransında verilən məlumatdan aydın oldu ki, Aqrar Tədqiqatlar Mərkəzində Azərbaycan və xarici ölkələrin nüfuzlu universitetlərində təhsil almış, aqrar sektorda çalışmış, aqrar sahənin müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış kadrlar bir araya gəlib. Bu Mərkəzin aqrar sahənin "beyin mərkəzi” rolunu oynayacağı nəzərdə tutulur.
Mərkəzin direktoru Pərviz Hacıyev bildirib ki, qurumun yaradılmasında məqsəd kənd təsərrüfatında məhsuldarlığı, qida keyfiyyətini, davamlı ərzaq təhlükəsizliyini, iqtisadi inkişafı, təbii ehtiyatların və ətraf mühitin bütövlüyünün qorunmasını təmin etmək, innovativ kənd təsərrüfatı texnologiyaları ilə dəstəkləməkdir. Bundan başqa, ATM əməkdaşları dərin təhlilə əsaslanan tədqiqatlar apararaq kənd təsərrüfatı məhsullarının istehsalında səmərəliliyi artırmaq niyyətindədirlər. P.Hacıyev həmçinin mərkəz tərəfindən elektron kənd təsərrüfatı informasiya sisteminin artıq başa çatmaq üzrə olduğunu bildirib. Onun sözlərinə görə, bu sistemin yaradılması aqrar sahənin inkişafına, davamlı ərzaq təhlükəsizliyinin, iqtisadi inkişafın, innovativ kənd təsərrüfatı texnologiyalarının tətbiqinə xidmət edir.
Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Toğrul Cəfərov bildirib ki, mərkəzin əsas funksiyalarına aqrar məlumat bazasının yaradılması, elektron kənd təsərrüfatı informasiya sisteminin formalaşdırılması da daxildir. Bu sistem əsasında aqrar təhlillərin aparılması və qiymətləndirməsi, aqrar proqnozlaşdırma, özəl və dövlət sifarişlərinin yerinə yetirilməsi mümkün olacaq. T.Cəfərovun sözlərinə görə, beynəlxalq ekspertlərin iştirakı ilə proqram və layihələrin hazırlanması, aqrar sahənin strateji planlaşdırılması və elmi tədqiqat işlərinin aparılması da nəzərdə tutulur.
Mərkəzin yaratdığı elektron bazaya artıq 400 min fermer və onun təsərrüfatı barədə məlumatlar daxil edilib. Bazanın yaxın müddətdə tam hazır olacağı və fəaliyyətə başlayacağı gözlənilir. Bu baza imkan verəcək ki, gələcəkdə hansı kənd təsərrüfatı məhsullarının becərilməsi barədə fermerlər məlumatlandırılsın. Bu isə istehsalın tənzimlənməsi nəticəsində bir məhsulun bir il baha, növbəti il çox ucuz olmasının qarşısını alacaq
Mərkəzin direktor müavini Namiq Şalbuzov hazırlanan dövlət proqramları barədə məlumat verib. O bildirib ki, heyvandarlığın inkişafına dair Dövlət Proqramının ilkin layihəsi hazırlanıb, bundan başqa, taxılçılığın inkişafına dair Dövlət Proqramı üzərində iş davam edir. Taxılçılıqla bağlı dövlət proqramında qarşıya qoyulan əsas hədəf 2023-cü ilədək buğda istehsalını ölkənin tələbatının 60 faizinə, qarğıdalı və soya istehsalını isə 100 faizinə çatdırmaqdır.
Heyvandarlığın inkişafına dair Dövlət Proqramında isə intensiv yolla bu sahədə məhsuldarlığı yüksəltmək nəzərdə tutulur. Bu zaman ət və süd məhsulları ilə daxili tələbatı təmin etmək, həmçinin ixraca nail olmaq hədəflənir.
ATM tərəfindən pambıqla bağlı arayış və təkliflər hazırlanaraq əlaqədar qurumlara təqdim olunub. ATM-in direktoru P.Hacıyevin sözlərinə görə, Azərbaycanda yaxın illərdə pambıq istehsalını 400-500 min tona çatdırmaq üçün əlavə əkin sahələrinin ayrılmasına ehtiyac yoxdur: "Pambıq elə bitkidir ki, növbəli əkin sistemi, düzgün aqrotexniki qulluq və doğru yer seçilməsə, orada normal məhsuldarlığa nail ola bilməyəcəksən. Bizim əldə etmək istədiyimiz məhsuldarlıq bir hektar üçün 3-3,5 tondur. Normal becərmə üsulları tətbiq olunarsa, bu məhsuldarlıqla biz 150-160 min hektarla 450-500 min ton istehsala nail ola bilərik. Bizim hədəfimiz məhz bu göstəricidir. Bu, çox real bir rəqəmdir. Dünyada pambıqdan böyük nailiyyətlər əldə edən ölkələrdə məhsuldarlıq 3,5-4 tondur. Biz də buna nail ola bilərik və olmalıyıq da. Pambığın maya dəyərinə gəlincə, o, məhsuldarlıqla tərs mütənasibdir. Yəni məhsuldarlıq artıqca, maya dəyəri aşağı düşür. Bu isə daha çox gəlir əldə olunması deməkdir. Bizdə hardasa 17 sentner pambıq bir hektar üçün maya dəyəridir. Yəni bir hektarın maya dəyəri 1000-1100 manata bərabərdir. Ümumiyyətlə, kənd təsərrüfatına elmi yanaşmanı tətbiq etməklə bütün məhsullar üzrə dünya səviyyəsində məhsuldarlığa nail olmaq mümkündür. Biz məhz elmi yanaşmanı tətbiq edəcəyik”.
N.Şalbuzovun verdiyi məlumata görə, 2019-cu ildə Azərbaycanda 104,9 min hektar sahədə pambıq əkiləcək: "Pambıq əkini üçün son illərdə ən yüksək məhsuldarlıq əldə olunmuş rayonlar seçilib. Bu il 132,5 min hektarda pambıq yetişdirilib. 2017-ci ildə isə 136 min hektarda əkilib və 207,5 min ton məhsul götürülüb. Bu il isə yığım hələ başa çatmayıb, artıq 210,3 min ton məhsul əldə olunub. Bu o deməkdir ki, artım məhsuldarlığın yüksəldilməsi hesabına baş verib. 2018-ci ildə Azərbaycanda 79,3 min ton mahlıc istehsal olunub - 2017-ci ildəkindən 2 dəfə artıq. Bu il başa çatmayıb, amma 78 milyon dollarlıq mahlıc, 17 milyon dollarlıq iplik ixrac etmişik. Bizim əsas məqsədimiz pambığın mahlıc kimi deyil, son məhsul kimi ixracına nail olmaqdır. Pambığın dəyər zənciri üzrə son mərhələyə çatmaq üçün tədbirlər görməliyik. Artıq Mingəçevirdə 2 iplik istehsalı zavodu fəaliyyətə başlayıb. Ölkədə 23 pambıq emalı zavodu fəaliyyət göstərir ki, onların da illik istehsal gücü 465 min tondur. Yəni istehsal olunan pambığın hamısını emal etməyə güc var. Amma mahlıcın ipliyə çevrilməsi üçün ölkədə potensial azdır. Əldə olunan ipliyi parçaya, parçanı paltara çevirmək potensialı da çox məhduddur. Bizim əsas hədəfimiz bu sahələrdə potensialı artırmaqdır. Özü də yüksək keyfiyyətli məhsul istehsalı sistemi yaratmaqla. Bu zaman dəyər səncirinin bütün mərhələlərini daxildə icra etməyə və son məhsulu ixrac etməklə yüksək gəlirə nail olacağıq”.
ATM direktorunun dediyinə görə, hazırda ölkədə qoyun ətinə olan tələbat 100 faiz ödənilir: "Mal əti üzrə bu göstəricini 90 faizə, quş əti üzrə isə 100 faizə çatdırmaq istəyirik. Bu, yaxın vaxtlarda reallaşa bilər”.
P.Hacıyev onu da bildirib ki, Mərkəz tərəfindən ət və süd istehsalı ilə bağlı layihə hazırlayır. Həmin layihənin icrası bu iki sahədə ciddi təkana səbəb olacaq. Layihədə əsas hədəf istehsalı intensiv üsulla artırmaqdır.
"Yeni Müsavat”