Məcburi köçkünlər üçün 6 milyon avroluq layihə

  • 05 okt 2018, 08:40

GİZ nümayəndələri böyük layihə ilə bağlı "Qaçqınkom” rəhbərliyi ilə görüşdü

Oktyabrın 4-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) nümayəndələri ilə görüş olub. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, görüşdə GİZ-in Azərbaycanda məcburi köçkünlərlə bağlı həyata keçirməyi planlaşdırdığı layihə müzakirə edilib.

Komitə sədrinin müavini Fuad Hüseynov ölkəmizdə məcburi köçkünlərlə iş üzrə dövlət siyasətinin əsas istiqamətləri barədə qonaqlara ətraflı məlumat verib. Bildirilib ki, məcburi köçkünlərin problemlərinin həlli prezident İlham Əliyevin və birinci vitse-prezident xanım Mehriban Əliyevanın daim diqqət mərkəzindədir. Bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin, sosial təminatının yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.

Bununla belə, Ermənistanın təcavüzü və Azərbaycan ərazilərini işğal etməsi nəticəsində yaranmış humanitar fəlakətin fəsadlarının, qaçqınların və məcburi köçkünlərin üzləşdikləri çətinliklərin aradan qaldırılmasında beynəlxalq təşkilatların dəstəyi mühüm əhəmiyyət kəsb edir.

Komitə sədrinin müavini GİZ-in Azərbaycanda məcburi köçkünlərlə bağlı gördüyü işlərə görə təşəkkür bildirib. Layihənin növbəti mərhələsinin işğaldan azad olunacaq ərazilərdə gerçəkləşdiriləcəyinə inam ifadə olunub.

GİZ-in nümayəndələri Dövlət Komitəsi ilə əməkdaşlıqdan razılıq edib, məcburi köçkün gənclərin və qadınların, həmçinin onların mənsub olduğu icmaların həyat keyfiyyətinin yaxşılaşdırılmasında layihənin təsirli rol oynayacağını bildiriblər. 

Azərbaycan və Gürcüstanda icra edilməsi nəzərdə tutulan layihə Cənubi Qafqazda məskunlaşmış məcburi köçkün və aztəminatlı əhalinin maddi rifahının yüksəldilməsinə yardım etmək məqsədi daşıyır. Layihənin büdcəsi 6 milyon avro təşkil edir. Layihə çərçivəsində şəxsi inkişaf, peşə təhsili üzrə qısamüddətli kurslar, sahibkarlıq və konkret sahələr üzrə 6-7 aylıq treninqlərin keçirilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər