Keyfiyyətli yağ almaq üçün nələri bilməliyik...

  • 04 okt 2018, 11:39

"Azərsun Holdinq” yağ zavoduna mediatur təşkil etdi

Ötən həftə kimliyi məlum olmayan şəxs WhatsApp vasitəsilə səs yazısını yayaraq "Azərsun Holdinq”ə məxsus bəzi məhsullarda guya vərəm çöpünün tapılmasını bildirmişdi. Şirkət bəhs etdiyimiz səs yazısı yayılandan dərhal sonra açıqlama yayaraq, bu fikirlərin tamamilə yanlış, qərəzli və əsassız olduğunu bildirmişdi.

Oktyabrın 2-də isə  "Azərsun Holdinq” səs yazısında adları çəkilən məhsulların biləvasitə istehsal prosesi ilə tanış olmaları üçün ölkənin aparıcı KİV nümayəndələrini Sumqayıt Yağ Fabrikinə apardı. Burada jurnalistlər zavodun laboratoriyasında, anbarında, qablaşdırılmanın aparıldığı yerdə olub, hər şeyi gözləri ilə gördülər.

"Yeni Müsavat”ın əməkdaşının da qatıldığı mediaturda ilk olaraq jurnalistləri istehsal müsəssisəsinin müdiri Şahəddin İbrahimov qarşıladı. O, jurnalistlərə Qida və Yağ Fabrikinin 1997-ci ildən fəaliyyət göstərdiyini, 2014-cü ildən isə ən müasir tələblərə cavab verən və tam avtomatlaşdırılmış avadanlıqlarla təmin edilmiş Azərsun Sənaye Parkına köçürüldüyünü bildirdi. Ş.İbrahimov söylədi ki, zavodun  illik istehsal həcmi 270 min tondur. Müəssisə rəhbəri media nümayəndələrinin WhatSappda  yayılmış səs yazısı barədə suallarını cavablandıraraq, bu məlumatın tamamilə yalan olduğunu və ümumiyyətlə, qeyri-mümkün olduğunu söylədi. O, fabrikin Avropanın ən müasir müəssisələrindən biri olduğunu, yaradılmış xüsusi sistem hesabına bütün istehsal xətlərinin və avadanlıqların mütəmadi olaraq dezinfeksiya edildiyini bildirdi. Müəssisə rəhbəri jurnalistlərə burada istehsal edilən məhsulun dünyanın istənilən laboratoriyasında yoxlamadan uğurla çıxa biləcəyini bildirdi.

 "Azərsun Holdinq”in Araşdırma və təkmilləşdirmə şöbəsinin baş mütəxəssisi Tural Babayevin iştirakı ilə jurnalistlər istehsal müəssisəsində də oldular. Onu da qeyd edək ki, zavod ərazisinə daxil olduğumuz zaman bizə xüsusi qoruyucu xalat, papaq verildi. Bununla yanaşı, öyrəndik ki, hər kəs içəri keçməzdən öncə xüsusi qurğudan istifadə edib, əllərini dezinfeksiya etməlidir. Həmçinin müşahidə etdik ki, içəridə heç bir mütəxəssis telefondan istifadə edə bilmir. İstehsal prosesinin aparıldığı sahəyə daxil olan mütəxəssislər telefonlarını içəri keçməzdən öncə ayrılmış xüsusi yerə qoyurdular.

 Burada həmçinin  müşahidə etdik ki, bütün istehsal prosesi avtomatlaşdırılmış qaydada, insan əli dəymədən həyata keçirilir. İstehsal qurğularına nəzarət etmək üçün müəssisədə xüsusi otaq gördük. Burada mütəxəssislər əyləşərək, quraşdırılan kompüter sistemi vasitəsilə prosesə nəzarət edirdilər. Tural Babayev söylədi ki, fabrikin bütün avadanlıqları bu sahə üzrə dünyanın ən məşhur və böyük şirkətləri tərəfindən təmin edilib. O, müəssisənin İSO sertifikatının tələblərinə tam cavab verdiyini, dünyanın ən məşhur restoran şəbəkələri olan McDonald’s və KFC-nin yağ təminatının Sumqayıt Yağ Fabriki tərəfindən təmin edildiyini qeyd etdi.

Rafinasiya sahəsini ziyarət edən jurnalistlər burada xammalın emalı və dezodorasiyası kimi proseslərin ən müasir avadanlıqlarla həyata keçirildiyinə şahid oldular. Yuxarıda da qeyd etdiyimiz kimi, mediatur zamanı jurnalistlər laboratoriyaya da aparıldı. Bildirildi ki, bura bütün mərhələlərdə məhsullar üzərində 1000-1500 testin edilir. Öyrəndik ki, laboratoriyada çalışan mütəxəssislər hamısı yüksək səviyyəli təhsil alıblar. Onlar bildirdilər ki, məhsullarının keyfiyyətinə şübhəsi olan istənilən şəxs bunu yoxlaya, zavoda gəlib, istehsal prosesi ilə tanış ola bilər.

Daha sonra isə  jurnalistlər "Final”, "Möcüzə”, "Zeytun bağları” kimi məşhur milli markaların istehsal edildiyi sahədə oldular. Burada da müşahidə etdik ki, bütün istehsal prosesi tam avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Məhsulun qablaşdırılması, paketlənməsi və hətta anbara aparılması belə xüsusi qurğular vasitəsilə həyata keçirilir və heç bir şəkildə insan əli dəymir.  Duru yağ istehsal sahəsi ilə tanış olduqdan sonra jurnalistlərə "Bizim Süfrə” mayonezlərinin istehsal edildiyi sahə nümayiş etdirildi.  Mütəxəssislər bildirdilər ki, bazarda zeytun yağı adı altında müxtəlif yağlar satılır ki, istehlakçılar bu baxımdan diqqətli olmalıdırlar.

Sonda jurnalistlərə açıqlama verən "Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr və Biznesin İnkişafına Dəstək Departamentinin müdiri Afiq Səfərov yayılan səs yazı barədə də danışdı. O bildirdi ki,  bu böhtanın kimin tərəfindən yayılması barədə ehtimalları var. O, artıq hüquq-mühafizə orqanları tərəfindən araşdırmaların aparıldığını və həmin şəxsin Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq ən sərt şəkildə cəzalandırılacağına inandıqlarını söylədi. Şirkət rəsmisi keyfiyyətin "Azərsun” üçün ən vacib və önəmli amil olduğunu və bütün istehsal müəssisələrinə mütəmadi olaraq media turların, ekskursiyaların, texniki gəzintilərin, təcrübə proqramlarının, "açıq qapı” günlərinin təşkil edildiyini bildirib. O, bu cür mesajların keyfiyyət hesabına rəqabət apara bilməyən, öz məqsədlərinə çirkli yollarla çatmağa çalışan işbazlar tərəfindən yayıldığını söyləyərək insanları bu məsələlərə həssas yanaşmağa və böhtan xarakterli absurd məlumatlara inanmamağa dəvət etdi.

Qeyd edək ki, müəssisənin istehsal həcmi  ölkədaxili tələbatdan təxminən iki dəfə çoxdur.

Əli RAİS,
"Yeni Müsavat”
Fotolar müəllifindir.

Oxşar xəbərlər