“Azerspace-2” peykimiz də orbitə buraxılıb

  • 26 sen 2018, 08:05

Azərbaycanın "Azerspace-2” peyki Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb.

"Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, "Azerspace-2” peyki orbitə "Arianespace” şirkətinə məxsus "Ariane-5″ ağır daşıyıcı raketi ilə göndərilib.

Buraxılış çərşənbə günü gecə, Bakı vaxtı ilə saat 02:29-da start götürüb.

Peyk 45° şərq uzunluğu orbital mövqeyində yerləşəcək. "Azerspace-2” peykinin orbitdə istismar müddəti minimum 15 il təşkil edəcək.

Bu, "Ariane-5" raket daşıyıcısı üçün yubiley - sayca 100-cü buraxılış olub. Onun göyərtəsində iki əcnəbi telekommunikasiya peyki – "Azerspace-2" və "Horizons 3e" var. Birinci aparat məlum olduğu kimi Azərbaycana, ikinci isə Yaponiyaya məxsusdur.

"Azerspace-2” Azərbaycanın orbitə çıxarılan üçüncü peykidir.

Peyk "Space Systems/Loral” (SSL) şirkəti tərəfindən yüksək etibarlı "SSL 1300” peyk platforması əsasında istehsal olunub.

"Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. Yeni peyk Azərkosmosun xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı birinci telekommunikasiya peyki – "Azerspace-1” peykinin orbitdəki ehtiyatı olacaq. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək.

Oxşar xəbərlər