Xəbər lenti
Bütün xəbərlər

Ekspert: "Qiymətlərin bahalaşması üçün əsas yoxdur"

  • 01 avq 2018, 13:02

Müəyyən fasilədən sonra Tarif Şurası növbəti gecə sürprizini edib. Bu il avqustun 1-dən ictimai nəqliyyatda gediş haqqı 50 faiz bahalaşıb. Həm də, həmişə olduğu kimi, belə bir qərarın qəbul edilməsi ehtimalı haqqında əhalini əvvəlcədən məlumatlandırmağa macal tapmayıblar.

Əvvəllər ictimai nəqliyyatda gediş haqqının artırılması yanacaq və elektrik enerjisi qiymətlərinin bahalaşması ilə əsaslandırılırdı, indiki qərarı isə Tarif Şurası sərnişindaşıma xərclərinin artması, avtobus parklarının yenilənməsi, ehtiyat hissələrinin xaricdən gətirilməsi, xidmət keyfiyyətinin artırılması, metropolitenin dövlət büdcəsindən asılılığının azaldılması ilə əsaslandırıb. Yəni qurum yalnız ümumiləşdirilmiş ifadələrlə kifayətlənib ki, onlara əsaslanaraq qiymətləri hər gün qaldırmaq olar.

Gediş haqqının artırılmasının tərəfdarları qiymətlər qalxdıqdan sonra da yerli nəqliyyatın dünyanın bir çox ölkələrində olduğundan ucuz qaldığını deyə bilərlər. Məsələn, İsveçrədə gediş haqqı 3,1 dollar, Osloda 3,8 dollar, Londonda isə 4 dollardır. Amma sadalanan şəhərlərin sakinləri bir saatda 19,6 dollardan 36,6 dollara qədər qazanır, ictimai nəqliyyatın keyfiyyəti isə Azərbaycan nəqliyyatının keyfiyyəti ilə müqayisəyə belə gəlməz. Əsasən şəhərin mərkəzində işləyən azsaylı BakuBus avtobusları və bir neçə yeni metro qatarları istisna olmaqla, qalan ictimai nəqliyyatın vəziyyəti heç də yaxşı deyil. Paytaxtdan kənarda işləyən avtobuslar kart sistemindən, kondisionerlərdən, hələ bunlar bir kənara, normal oturacaqdan belə məhrumdur və adi gigiyena normalarından uzaqdır.

Azərbaycan vətəndaşları üçün ictimai nəqliyyatdan istifadə haqqı artırıldığı bir vaxtda, Azərbaycan kimi keçmiş Sovet İttifaqı ölkəsi olan Estoniyanın hakimiyyəti tamamilə əks qərar qəbul edib. İndi Estoniya vətəndaşları yerli nəqliyyatda pulsuz gedişdən istifadə edə biləcəklər. Ölkənin 15 qəzasından 11-də yerli sakinlər üçün gedişi pulsuz ediblər. Ölkənin paytaxtı Tallində isə 2013-cü ildən gediş pulsuzdur. Doğrudur, yerli nəqliyyatda pulsuz gediş yalnız həmin qəzada qeydiyyatda olan sakinlərə şamil edilir, şəhərlərarası gedişlər hələ pulludur. Amma yaşadığın ərazi hüdudları daxilində bir qəpik ödəmədən istədiyin qədər nəqliyyatdan istifadə edə bilərsən. Pulsuz gediş hüququ əldə etmək üçün 2 avroya birdəfəlik xüsusi bilet almaq lazımdır və pulsuz ictimai nəqliyyatın qapıları estoniyalıların üzünə açıqdır.

Hakimiyyət ictimai nəqliyyatı pulsuz etmək qərarını yerli iqtisadiyyatı stimullaşdırmaq istəyi ilə izah edib. Tallin meriyasının nümayəndəsi Alan Alakyulun sözlərinə görə, nəqliyyat pulsuz olduqdan sonra insanlar axşamları evdən çıxmağa, şəxsi avtomobildən daha az istifadə etməyə başlayıblar və qənaəti hiss edərək, artıq pullarını xərcləməyə başlayıblar.

İctimai nəqliyyatda pulsuz gediş təcrübəsi dünyanın digər inkişaf etmiş ölkələrində də mövcuddur. Belə ki, Avstraliyanın paytaxtında mərkəzi rayonda tramvaylar bütün sərnişinlər üçün pulsuzdur. İngiltərənin Mançester şəhərində ölkənin əsas dəmir yolu stansiyalarını, park yerlərini, şopinq və biznes zonalarını birləşdirən Metroshuttle adlı avtobuslar da tamamilə pulsuzdur. Finlandiyanın Mariehamn şəhərində şirkətlərdən birinin ictimai nəqliyyatı 2000-ci ildən etibarən həm yerli sakinlər, həm də gəlmələr üçün pulsuzdur. Malayziya, ABŞ, İslandiya, Litva, Sloveniya, Belçika, Fransa, İtaliyanın ayrı-ayrı şəhərlərində və hətta İsveçrənin Cenevrə şəhərində pulsuz nəqliyyat geniş yayılıb. Bu ölkələrin hakimiyyətlərinin fikrincə, pulsuz gediş turist axınını, iqtisadiyyatın canlanmasını stimullaşdırır və avtomobillərin sayının azaldılması yolu ilə ekoloji problemləri həll edir.

Bəs niyə Azərbaycan hakimiyyəti ictimai nəqliyyatda nəinki pulsuz sistemə keçməyib, hələ gediş haqqını qaldırmağa qərar verib?

"Son vaxtlar ictimai nəqliyyata görə məsul olan qurumların nümayəndələri, əsasən Bakı Metropoliteninin nümayəndələri sərnişindaşımanın maya dəyərinin bahalı olduğunu bildiriblər, 47 qəpik kimi bir rəqəm göstəriblər. Amma indiyə qədər onların heç biri bu hesablamaların necə aparıldığını izah etməyib", deyə iqtisadçı Natiq Cəfərli Turan-a bildirib.

Ekspertin fikrincə, Tarif Şurası gediş haqqının niyə məhz 10 qəpik bahalaşdığını əsaslandırmalıdır: "Bu qurumun fəaliyyəti şəffaflıqdan uzaqdır, buna görə bu günə qədər onun qəbul etdiyi heç bir qərar iqtisadi cəhətdən əsaslandırılmayıb".

Cəfərli hesab edir ki, qiymətlərin artırılması əsassızdır: "Ən maraqlısı budur ki, sərnişindaşıma ilə məşğul olan bütün qurumlar hamıdan çox dövlət dotasiyası alır. Vaqonlar, avtobuslar dövlət hesabına alınır, təmir, əlavə avadanlıq quraşdırılması, yeni metro stansiyalarının tikintisi tamamilə dövlət büdcəsindən ödənilir. Bu, öz xərcini özü ödəyən şirkətlər deyil. Belə olan halda qiymət artımı başa düşülərdi. Amma indi ictimai nəqliyyatda gediş haqqının artırılmasını müvafiq qurumların qeyri-şəffaf işi, korrupsiya ilə izah etmək olar və bu problemlər nəticəsində yaranan bütün maiyyə çətinliklərini vətəndaşların çiyninə yıxmaq istəyirlər. Bunu başqa cür izah etmək olmaz. Dizel yanacağının, maye qazın, elektrik enerjisinin qiyməti bahalaşmayıb. Buna görə sərnişin daşımalarının maya dəyərinin artırılması üçün əsas ola biləcək amil yoxdur", deyə N.Cəfərli bildirib.

Oxşar xəbərlər