Mülayim keçən qışdan sonra kənd təsərrüfatında nə gözlənilir

  • 20 fev 2018, 09:50

Murtuzəli Hacıyev: "Son vaxtlar intensiv yağışların yağması kənd təsərrüfatına, xüsusilə də taxılçılığa müsbət təsir edir”

Son günlər dünyada ən çox müzakirə olunan mövzulardan biri heç şübhəsiz ki, Amerika prezidenti Donald Tramp haqqında işıq üzü görən kitabdır. Artıq müzakirələr və kitabla bağlı iddialar yayılıb. "Atəş və qəzəb: Trampın Ağ Evində” (Fire and Fury: Inside the Trump White House) kitabı haqqında "The Guardian” yazır ki, Trampın vəkilləri onun yayımını dayandırmaq üçün baş sındırırlar. Kitabın müəllifi jurnalist Maykl Wolffdur.

Bu il qışın mülayim keçməsi, dağlıq və dağətəyi rayonlar istisna olmaqla, əksər bölgələrdə qarın az yağması və ya ümumiyyətlə yağmaması kənd təsərrüfatında məhsuldarlığın necə olacağı ilə bağlı qayğıların artmasına səbəb olub. Artıq fevral ayının ikinci ongünlüyü də başa çatdı. Lakin ölkəmizin hələ də qar yağmayan bölgələri var. İlin nisbətən quraqlıq keçməsi isə əkinlərin kifayət qədər su ehtiyatı toplamamasına səbəb olur. Digər tərəfdən, şaxtanın az olması bəzi bitki xəstəliklərinin və gəmirici həşəratların da geniş yayılmasına səbəb olur. Artıq gəmiricilərlə bağlı bölgələrdən siqnallar daxil olmaqdadır.

Mövzu ilə bağlı "Yeni Müsavat”a danışan kənd təsərrüfatı eksperti Müslüm İbrahimov bildirdi ki, builki hava şəraitinin məhsuldarlığa necə təsir edəcəyi ilə bağlı birmənalı fikir  demək tezdir: "Hər bir məhsulun becərilməsi üçün təbii şərtlər fərqli olur. Çünki kənd təsərrüfatı məhsulları əkilmə, yetişmə dövrünə görə fərqlənir. O baxımdan builki hava şəraitinin məhsuldarlığa necə təsir edəcəyini birmənalı şəkildə demək olmaz, hər məhsula fərqli təsir edə bilər. Bu səbəbdən builki mülayim hava şəraitinə görə  kənd təsərrüfatı məhsullarının qıtlığının yaşanacağını birmənalı demək olmaz. Məhsuldarlığa təsir edən əsas amillərdən biri torpağın yararlı olması, digər iqlim şərtləridirsə, ən önəmlisi də aqrotexniki qaydalara necə əmək olunmasıdır. Hər il kənd təsərrüfatı ilə bağlı proqnoz ilk növbədə iqlim şəraitinə uyğun olaraq verilir.

Məhz bu səbəbdən ilbəil iqlim şəraitindən asılı olaraq məhsuldarlıq fərqli olur. Aqrar sektorda hava şərtləri ilə bağlı risklər hər zaman var. Hazırda onu deyə bilərik ki, bu il meyvə-tərəvəz istehsalı daxili bazarı təmin etmək üçün yetərli olacaq.  Bu qayğılar bütün ölkələri narahat edir. Çünki iqlim dəyişikliyi hər yerdə baş verir. Hansı bitkilərin dəyişən iqlim şəraitinə necə tab gətirəcəyi hazırda dünya ölkələrini narahat edən əsas problemdir. Əgər situasiya tədricən dəyişirsə, bitkilər də tədricən iqlim  şəraitinə adaptasiya olunur”.

M.İbrahimovun sözlərinə görə, bu il qışın mülayim keçməsi kənd təsərrüfatında digər problemlərə yol açacaq: "Bu il qış mülayim keçdi. Yalnız bəzi bölgələrdə şaxtalı hava şəraiti hökm sürdü. Bu da kənd təsərrüfatında digər problemlərə yol açacaq. Əkin sahələrində zərərverici həşəratların  sayı arta bilər, bitkiçilikdə, meyvə-tərəvəzçilikdə xəstəliklər çoxala bilər. Mülayim iqlim  şəraiti aqrar sektorda bəzi məhsulların daha çox istehsal olunmasına şərait yaratsa da, əkin sahələri  zərərverici  həşəratların hücumuna məruz qala bilər. Onların tez oyanması bitkilərə ziyan vuracaq. Qış şaxtalı keçəndə isə bu həşəratlar kənd təsərrüfatına daha az ziyan verirlər. Alaq otlarının artması da əkinə ziyan  vurur. Bütün bunları nəzərə  alaraq vaxtı-vaxtında aqrotexniki və aqrokimya tədbirlər həyata keçirilməlidir ki, öncədən problemin qarşısını almaq mümkün olsun. 

Bu problemlər əsasən şaxtalı günlərin az olduğu ölkələrdə ortaya çıxır. Məhz o  zaman alaq otlarının və zərərverici həşəratların   bitkiçiliyə mənfi təsiri çoxalır".

Ekspertin sözlərinə görə, meyvəçilikdə daha çox fitopotogen  xəstəliklər yayıla bilər: "Mülayim hava şəraiti və yağışlı günlərin daha çox olması meyvələrin üzərində qara ləkələrin yaranmasına səbəb olur ki, bu da bir xəstəlikdir. Ona görə də sağlam məhsulların qıtlığı müşahidə oluna bilər. Bu qıtlığı aradan qaldırmaq üçün ilk növbədə bu problemlərlə bağlı tədbirlər görmək lazımdır. Kənd təsərrüfatında çalışan fermerləri öncədən xəbərdar etmək lazımdır ki, bu il iqlim şəraiti necə olacaq və bu, müxtəlif növ aqrar məhsulların istehsalına necə təsir edə bilər. Bu işdə informasiya xidməti, maarifləndirmə də böyük rol oynayır. Kənd təsərrüfatında bu cür problemlərlə üzləşməmək üçün ən çox istifadə olunan üsul növbəli əkin sisteminin təşkil edilməsidir. Əgər iqlim dəyişikliyi baş verirsə, dərhal növbəli əkin sistemini təmin etmək lazımdır. Bu səbəbdən aqrar sektorda bilgili olan insanların, mütəxəssislərin iştirakına ehtiyac var”.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri  Murtuzəli Hacıyev "Yeni Müsavat”a açıqlamasında isə vurğuladı ki, bu il normal hava şəraiti müşahidə olundu: "Bölgələrdə də hava yağmurlu keçir, intensiv yağışlar yağıb. Bu müsbət bir haldır. Həm taxılçılıq üçün, həm də yazlıq əkinlər üçün müsbət  təsiri var.  Torpaqda rütubətin toplanmasına müsbət təsir edir. Hazırda hər hansı neqativ hal müşahidə edilmir. Təbii ki, hava şəraiti normadan müəyyən qədər isti keçərsə, bu, qərzəkli meyvələrin vaxtından tez çiçəkləməsinə səbəb ola bilər. Sonradan havanın kəskin dəyişməsi qərzəkli meyvələrin bolluğuna təsir edə bilər. Ancaq fakt odur ki, hələ ki elə bir hal yoxdur. Bölgələrdə ağaclarda oyanma müşahidə olunmur. Son vaxtlar intensiv yağışların yağması kənd təsərrüfatına, xüsusilə də taxılçılığa müsbət təsir edir. Hələlik hava şəraiti normal hesab oluna bilər. Lakin bundan sonra necə olacağını biz deyə bilmərik. Çünki kənd təsərrüfatı riskli bir sahədir və hava şəraitindən sığortalanmayıb. Bölgələrə, xüsusilə dağlıq və dağətəyi bölgələrə qar da düşüb. Qış hələ ki davam edir. İndi məhsuldarlığın necə olacağından danışmaq çox tezdir”.

M.Hacıyevin fikrincə, payız əkinləri üçün, taxılçılıq üçün hazırkı yağmurlu hava şəraiti çox müsbətdir: "Meyvəçilikdə isə fermerlər hələ ki budama işləri ilə məşğuldurlar. Ağaclarda oyanma baş vermədiyi üçün aqrotexniki tədbirlərdən danışmaq tezdir. Bu baxımdan qıtlıqdan söhbət gedə bilməz. Bölgələrlə mütəmadi əlaqə saxlayırıq, hər hansı ciddi problemlə üzləşməmişik. Gəmiricilərlə biz mütəmadi olaraq mübarizə aparırıq. Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən güclü iş aparılır. Bitki Mühafizə şöbələrinə də tapşırıq verilib ki, gəmiricilərə qarşı hər il olduğu kimi, bu il də mübarizə tədbirləri həyata keçirilir. Havanın mülayim və ya şaxtalı keçməsindən asılı olmayaraq bu işlər görülür. Təbii ki, hava isti olanda, temperatur normadan çox olanda onlar daha çox aktivləşir. Ancaq onlara qarşı mübarizə tədbirləri mütəmadi olaraq həyata keçirilir. Yanvar ayında, eləcə də fevralda havanın qarlı, şaxtalı olması həmin zərərvericilərin məhz olmasına səbəb olur. Bu il üçün hansısa ciddi siqnal yoxdur”.

Nazirlik sözçüsü Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu sahədə vaxtaşırı maarifləndirmə işləri aparıldığını da diqqətə çatdırdı: "Bizim  Fitosanitar Nəzarəti Xidmətimizin bölgələrdə Bitki Mühafizə şöbələri var. Bu xidmətin əməkdaşları tərəfindən mütəmadi olaraq rayonlarda fermerlər üçün seminar və müşavirələr keçiririk. Fermerlərə bukletlər paylanılır. Bizim ”16-52" nömrəli çağrı mərkəzimiz var ki, fermerlər hər hansı neqativ hallarla qarşılaşdıqda, gəmiricilərin kütləvi yayılmasını gördükdə dərhal Fitosanitar Nəzarəti Xidmətimizə məlumat versinlər. Xüsusən qış mülayim keçdikcə biz müvafiq şöbələrə məlumat veririk və  bu sahəni daha ciddi nəzarətdə saxlayırıq".

Oxşar xəbərlər