Manatın möhkəmlənməsi ilə bağlı hansı planlar var?

  • 17 yan 2018, 08:16

Ekspert: "Neftin qiyməti düşərsə, bu, manatın da kəskin dəyərsizləşməsinə və daxildə şok effektlərin yaranmasına gətirib çıxara bilər”

Dünya bazarında neftin qiymətinin yüksəlməsi ilə Azərbaycan manatının məzənnəsində də sabitlik yaranıb. Artıq bir ilə yaxındır ki, manatın ABŞ dollarına nəzərən məzənnəsi demək olar ki, dəyişməz qalmaqdadır. Baş verən dəyişikliklər isə cüzi xarakter daşıyır.

Qeyd edək ki, hazırda dünya bazarında Azərbaycan neftinin qiyməti 72 dollara yaxınlaşır. Bazarda yaranmış sabitlik Azərbaycanda manatın məzənnəsinin möhkəmlənməsi üçün real zəmin formalaşdırır. Bu şəraitdə manatın bahalaşması, dolların ucuzlaşması prosesi gedə bilərmi? Mövcud iqtisadi şərtlər daxilində manatın hansı həddə qədər möhkəmlənməsi mümkündür?

Sualları cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, manatın məzənnəsində əsas faktor neftin qiymətidirsə, məzənnənin formalaşmasında və xarici ticarət balansının təmin olunmasında neftdən asılılıq 90 faiz təşkil edirsə, bu zaman neftin qiymətinin manatın məzənnəsinə birbaşa təsiri danılmazdır: "Bu təsiri Azərbaycan xalqı 2004-2014-cü illərdə manatın davamlı möhkəmlənməsində, 2015-ci ildən sonrakı dövrdə isə kəskin dəyərsizləşməsində görüb. Bu gün neftin qiymətinin baha olması manat üzərində möhkəmlənməsi istiqamətində bir təzyiq yaradır. Əgər hökumət dediyi kimi, əsl üzən məzənnə rejimi tətbiq edərsə, bu zaman hazırkı şərtlər daxilində manatın möhkəmlənməsi qaçılmazdır. Amma bu gün bizim qənaətimiz budur ki, Azərbaycanda real üzən məzənnə deyil. Hökumət müdaxilə edərək əlindəki rıçaqlarla manatın məzənnəsini tənzimləyir.  Burada bir sıra arqumentlər var. Əvvəla, manatın məzənnəsi neftin qiymətinə bağlıdır. Neftin qiyməti isə sabit deyil, hər zaman dəyişə bilər. Bu dəyişiklik ehtimalına görə hökumət ehtiyatlı davranaraq manatın möhkəmlənməsinə imkan vermir. Çünki neftin qiyməti düşərsə, bu, manatın da kəskin dəyərsizləşməsinə və daxildə şok effektlərin yaranmasına gətirib çıxara bilər. Hansı ki, belə bir təcrübəni biz artıq yaşamışıq”.


 

 

R.Həsənov 2018-ci ildə manatın məzənnəsində ciddi dəyişiklik baş verəcəyini gözləmir: "Düzdür, bu il seçki ilidir. Buna görə də mümkündür ki, hökumət təbliğati baxımdan manatın bir qədər möhkəmlənməsinə imkan versin. Lakin bu möhkəmlənmə 3-5 faizdən yuxarı olmayacaq və müvəqqəti xarakter daşıyacaq. Sonra yenidən məzənnə əvvəlki vəziyyətinə qaytarılacaq. Burada yalnız hökumətin neft qiymətindən irəli gələn ehtiyatkarlığı deyil, digər bir sıra faktorlar da var. Bunlardan birincisi budur ki, real iqtisadiyyat faktiki olaraq dəyişkən şəraitə çevik uyğunlaşmağı bacarmır, qısa müddətə qərarlar qəbul edib onları həyata keçirə bilmir, daha çox sabiq məzənnə rejimində işləməyə alışıb. Bu da hökuməti məcbur edir ki, məzənnəni sabit saxlasın. İkinci bir məsələ qeyri-neft ixracıdır. Ötən il Azərbaycana 7,8 milyard manatlıq mal və məhsul idxal olunub. Bunun qarşılığında qeyri-neft ixracının həcmi 11 ayda cəmi1,4 milyard dollar təşkil edib. Bu, haradasa 5 dəfədən yuxarı fərq deməkdir. Bu, ciddi faktordur, növbəti dövrlərdə qeyri-neft ixracının təşviqinin davam etdirilməsini məcburi edir. Buna görə də düşünürəm ki, hökumət məzənnənin möhkəmlənməsinin qarşısını alacaq. Çünki məzənnənin möhkəmlənməsi yenidən idxalı stimullaşdıran şərait yaradacaq. Bütün bunlar deməyə əsas verir ki, ən azı yaxınmüddətli dövrdə manatın bahalaşması hökumətə sərf etməyəcək”.

Eksertin sözlərinə görə, uzunmüddətli dövrdə nələrin baş verəcəyini proqnozlaşdırmaq çətindir: "Hökumətin özünün siyasətində dəyişikliklər hiss olunmaqdadır. Bu, hazırda xərcləmələrdə özünü göstərir. Bir neçə il əvvəl fiskal konsolidasiyaya başlayan hökumət neftin qiymətinin bahalaşması ilə bu istiqamətdəki yanaşmasını dəyişir, xərcləmələri artırır. Ola bilsin ki, növbəti dövrdə neftin qiyməti yüksək qalarsa, tədiyə balansının müsbət saldosu artarsa, hökumət manatın məzənnəsinin möhkəmlənməsinə şərait yaratsın”.

Oxşar xəbərlər