Tarixi müqavilə: Bakı siyasi arenada güclənir – Şərh
"Əsrin müqaviləsi”nin müddətinin uzadılması üçün ilk növbədə xarici tərəfdaşlar Azərbaycan tərəfinin tələblərini qəbul etməli idilər. Çünki Azərbaycanla əməkdaşlıqda onların marağı kifayət qədər böyükdür. "Əsrin müqaviləsi”nin icra müddəti 2024-cü ildə başa çatır. Mütəxəssislərin apardıqları araşdırmalar göstərir ki, "Azəri”, "Çıraq” və "Günəşli” yataqlarının potensial imkanları müqavilənin vaxtı başa çatdıqdan sonra da kifayət qədər böyük olaraq qalacaq. Məhz bu reallıq imkan verdi ki, onların birgə istismar müddəti yenidən uzadılsın.
Bu sözləri Axar.az-a açıqlamasında keçmiş maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov ötən il Azərbaycanda "Əsrin müqaviləsi”nin müddətinin uzadılması ilə bağlı danışarkən söyləyib. O bildirib ki, yeni şərtlər əvvəlkindən daha sərfəlidir:
"Azərbaycanın müqavilədəki rolunun artması kontraktın yeni layihəsində öz şərtlərini diktə etməyə əsas verdi. "Əsrin müqaviləsi” imzalanan dönəmlərdə ölkə iqtisadiyyatı dağınıq halda, ictimai-siyasi durum qeyri-sabit bir vəziyyətdə idi. Belə bir şəraitdə biz bu nəhəng kontraktın imzalanmasına nail olmalı idik və ulu öndərin uzaqgörən siyasəti sayəsində buna müvəffəq olduq. Bütün investisiyaların xarici şirkətlər tərəfindən qoyulmasına nail olduqdan sonra mənfəət neftinin 75 faizinin Azərbaycana çatması şərtinin tərəf-müqabillərə qəbul etdirilməsi o dövr üçün çox böyük uğur idi. Bu gün imzalanmış kontraktla "Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi vaxtı 2050-ci ilə qədər uzadılır. Yeni kontraktın şərtləri Azərbaycan üçün daha da əlverişlidir. Belə ki, kontraktın imzalanmasından sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək, bu da xarici kompaniyaların 2004-cü ildə imzalanmış "Əsrin layihəsi” üzrə o zaman ödədikləri bonusdan müqayisə edilməyəcək dərəcədə çoxdur.
Digər tərəfdən yeni imzalanmış kontraktda SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır. Bütün bunlar onu göstərir ki, Azərbaycanın gələcək inkişafında kontraktın çox böyük əhəmiyyəti olacaq. Bu layihə sözsüz ki, ölkəmizin iqtisadi potensialının artırılmasına öz töhfəsini verməklə yanaşı, siyasi müstəvidə də tələblərini təmin etmək üçün əlavə təsir rıçağı rolunu oynamış olacaq”.
Ekspertin sözlərinə görə, energetika sahəsində TANAP və TAP kimi iki önəmli layihə Azərbaycanın bundan sonrakı uğurlu inkişafını təmin edəcək:
"2008-2015-ci illərdə Azərbaycan Respublikasının dünyanın ən böyük loqistika mərkəzlərindən birinə çevrilməsinin təməli qoyuldu. XXI əsrin ən nəhəng enerji layihəsi olan Cənub Qaz Dəhlizinin, onun davamı olan TANAP və TAP xətlərinin tikintisi, "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılması, Bakı-Tiflis-Qars dəmir yolunun çəkilməsi, Ələt qəsəbəsində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikilməsi Azərbaycanı beynəlxalq yükdaşımaların böyük bir mərkəzinə çevirəcək transmilli layihələrdir”.