Demokratik TV
İcmal büdcənin kəsiri 1,1 mlrd. manatı ötdü
2017-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 3 mlrd. 591,5 mln. manat, xərcləri 3 mlrd. 912,7 mln. manat olub. Maliyyə Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, büdcənin icrasında 321,2 mln. manat məbləğində kəsir (defisit) yaranıb.
2017-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 3,473 mlrd. manat proqnoza qarşı 3 mlrd. 591,5 mln. manat və yaxud 3,4% çox olub.
Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 103,8% icra edilməklə dövlət büdcəsinə 1 mlrd. 420,8 mln. manat vəsait təmin edilib.
Həmin vəsaitin 67,2%-i və yaxud 954,2 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.
2017-ci ilin birinci rübündə Dövlət Gömrük Komitəsi proqnoza 117,5% əməl edərək büdcəyə 571 mln. manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 37% və yaxud 154,1 mln. manat çoxdur.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 62,6 mln. manat təşkil edib.
Sair daxilolmalar üzrə büdcəyə 12,1 mln. manat vəsait daxil olub.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 1 mlrd. 525 mln. manat vəsait transfert edilib.
Ötən rüb dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 95,5% və yaxud 3 mlrd. 912,7 mln. manat icra olunub.
İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk üç ayında dövlət büdcəsi xərclərinin 41,8%-i və ya 1 mlrd. 635,7 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,6% və ya 209 mln. manat çoxdur.
Birinci rübdə dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 216,8 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidən qurulmasına və digər sahələrə 676,1 mln. manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən 22,2 mln. manat vəsait yönəldilib.
2017-ci ilin ilk üç ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.
Rüb ərzində icmal büdcənin gəlirləri 5 mlrd. 649,6 mln. manat, icmal büdcənin xərcləri isə 6 mlrd. 752,7 mln. manat icra olunub. İcmal büdcənin kəsiri 1 mlrd. 103,1 mln. manat təşkil edib.
Demokratik.Az