“Azərsun Holdinq”dən növbəti qiymət endirimi...

  • 10 apr 2017, 20:36

Azərbaycanda ən böyük qida məhsulları istehsalçılarından biri olan "Azərsun Holdinq" bəzi əsas ərzaq məhsullarının qiymətlərini aşağı salıb.

Şirkətin sözçüsü bildirib ki, bəzi məhsulların qiyməti 6 qəpik, 15 qəpik və 25 qəpik aralığında azaldılıb.

Lakin mətbuatda yayılan məlumatda bildirilir ki, qiymətlər ucuzlaşsa da ərzaq məhsullarının qablaşdırıldığı bankaların da ölçüsü kiçildilib. Nümunə kimi isə şirkətin istehsalı olan tomat pastası bankaları göstərilib.

Məsələ ilə bağlı musavat.com-a açıqlama verən holdinqin İctimaiyyətlə əlaqələr və Sosial xidmətlər departamentinin rəhbəri Afiq Səfərov bildirib ki, mətbuatda bu kimi xəbərlər yazılmasına təəssüf hissi keçirir: "Əvvəla onu qeyd edim ki, biz bir neçə gün öncə verdiyimiz açıqlamada hansı məhsulların qiymətinin endirildiyini açıq şəkildə göstərmişdik. Açıqlamamızda qeyd olunmuşdu ki, şəkər tozu, qarğıdalı və günəbaxan yağ məhsullarımızın qiymətləri endirilib. Yeni qərarımızı da sizin vasitənizlə ictimaiyyətə çatdırırıq. Belə ki, artıq kağız məhsullarımızda da 6-12 faiz qiymət endirimi barəsində qərar qəbul olunub. Ton hesabı ilə, şəkər tozuna 60 manat, günəbaxan yağına 150 manat, qarağıdalı yağına isə 250 manat endirim edilib. Yəni kilo ilə hesablasaq qeyd etdiyimiz ardıcıllıq üzrə qiymətlər 6, 15, 25 qəpik məbləğində endirilib. Kağız məhsulları dedikdə, salfetlər, tualet kağızları və digər bu kimi məhsullardan söhbət gedir”.

Похожее изображение

Afiq Səfərov

Məhsulların qablaşdırılması məsələsi ilə bağlı isə şirkətin sözçüsü aşağıdakıları söyləyib: "Məhsulların müxtəlif formalarda qablaşdırılması, istehlakçının sırf tələblərinə uyğun olaraq həyata keçirilir. Müxtəlif bazarlarda da fərqli tələbatlar olur. Orta Asiya, Rusiya və ya Avropa bazarında ciddi şəkildə qramaj fərqinə uyğun tələblər olur. Məhsulların da müxtəlif qablarda qablaşdırılması sırf bununla əlaqədardır. Mətbuatda yazılan faktlar, təəssüf ki, heç bir reallığı, həqiqəti özündə əks etdirmir. Eyni zamanda məhsulun qabından asılı olaraq, onun qiymətində də fərq var. Qeyd edim ki, qiymət dəyərləndirilməsi hər zaman ola bilər. Qiymətlərlə bağlı artıq qərarlar bəyan olundu. Yaxın günlərdə isə nə olacağını deyə bilmərəm. Ancaq konkret banka məhsulları ilə bağlı bildirmək istəyirəm ki, hal-hazırda biz, yerli şüşə istehsalçıları ilə danışıqlar aparırıq. Yüksək keyfiyyətli istehsala təminat verəcəkləri halda yerli istehsalçı şirkətlərin şüşə qablarından da istifadə etməyi nəzərdə tuturuq”.

Əli Rais,
Musavat.com

Oxşar xəbərlər