"Snam" TAP-a 270 mln. avro ayıracaq
- 09 mart 2017, 20:08
İtaliyanın
"Snam" şirkəti Trans-Adriatik Qaz Boru Kəməri (TAP) layihəsinə 270
mln. avro məbləğində investisiya yatırmaq niyyətindədir.
"APA-Economics" xəbər verir ki, bu barədə şirkətin yaydığı
press-relizdə deyilir.
Məlumatda deyilir ki, "Snam" 2017-2021-ci illərdə qaz-nəqliyyat
sektoruna 5 mlrd. avro yatıracaq: "Bunun 4,7 mlrd. avrosu İtaliyanın qaz
şəbəkəsinin gələcək inkişafına, 270 mln. avrosu isə TAP layihəsinə
yönəldiləcək".
Məlumatda həmçinin deyilir ki, "Snam" TAP-ın İtaliyadan keçən
hissəsinə dəstək məqsədilə konsorsiuma 50 mln. avro ayırıb.
TAP layihəsi Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin
diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır. Təbii qazın
Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP
təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında
"Hökumətlərarası Saziş" 2013-cü ilin fevral ayında imzalanıb. Borunun
uzunluğu 878 km təşkil edir. Onun fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin
yanvar ayı göstərilir.
TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 mlrd. kubmetrdir (illik 20 mlrd.
kubmetrədək artırıla bilər).
Layihə üzrə hazırkı pay bölgüsü: "Cənub Qaz Dəhlizi" QSC - 20%, BP -
20%, "Snam" - 20%, "Fluxys" - 19%, "Enagás" -
16%, "Axpo" - 5%.
Demokratik.Az