Avropa çempionatından 3 medal

  • 29 noy 2015, 17:32
Polşanın Kolobjek şəhərində davam edən boks üzrə gənclərin Avropa çempionatında Azərbaycan idmançıları uğurlu çıxışları ilə bir daha Avropanın ən güclülərindən olduqlarını nümayiş etdiriblər. Xəbər verdiyimiz kimi,boksçularımızdan 49 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Ruslan Rüstəmov yarımfinala qədər uğurla irəliləyib. Bu mərhələdə boksçumuzun rəqibi erməni idmançısı Alen Danielyan olub. R.Rüstəmov rəqibini məğlub edərək Avropa çempionatının finalına yüksəlib. Finalda boksçumuz irlandiyalı Stefan Makkenna ilə döyüşüb. Güclü rəqibini məğlub edən idmançımız Avropa çempionu olub.
60 kq çəkidə çıxış edən boksçumuz Elməddin İsmayılov yarımfinalda almaniyalı idmançı Denis Qaşi ilə üz-üzə gəlib. Gərgin keçən görüş almaniya idmançısının qələbəsi ilə yekunlaşıb. Bununla da, E.İsmayılov Avropa çempionatını bürünc medalla başa vurub.
69 kq çəki dərəcəsində yarışan təmsilçimiz İsmayıl Hüseynov isə yarımfinala qədər bütün rəqiblərini məğlub edib. Bu mərhələdə boksçumuz polşalı idmançı Sebastian Viktorzakla döyüşüb. Görüş İ.Hüseynovun qələbəsi ilə yekunlaşıb və o, finala adlayıb. Qızıl medal uğrunda döyüşdə boksçumuz irlandiyalı Maykl Nevinle qarşılaşmalı olsa da, idmançımızın zədələnməsi bu görüşə çıxmasına imkan verməyib. Beləliklə, Azərbaycan komandası Avropa çempionatını 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub.
Oxşar xəbərlər