Xəbər lenti
Bütün xəbərlər

"Qurban Qurbanov aparıcı oyunçuların bəzilərinə istirahət verəcək" — Vaqif Sadıqov

  • 17 okt 2015, 18:13

Dünən Azərbaycan çempionatının 8-ci turuna start verilib

Açılış oyununda "Rəvan" doğma meydanda "Kəpəz" klubuna 0-2 hesabı ilə məğlub olub. Bu gün turun daha 2 oyunu keçiriləcək. İlk olaraq meydana "Neftçi" və "Qəbələ" komandaları çıxacaq. Flaqman uğursuz çıxışa son qoymağa çalışacaq. "Qəbələ"nin isə Dortmundla oyun öncəsi necə çıxış edəcəyi maraq doğurur. Oyun saat 15:30-da start götürəcək.

Saat 18:00-da isə "Qarabağ" Suraxanıda yerləşən Tofiq İsmayılov adına Suraxanı Qəsəbə Stadionunda çempionatın sürpriz komandası olan "Zirə"ni qəbul edəcək. Adil Şükürovun başçılıq etdiyi komanda 7 turdan sonra gözlənilmədən liderlər siyahısında yer tutmağı bacarıb. Bu tura qədər məğlubiyyətsiz davam edən 2 komandanın görüşü böyük maraq doğurur.

Ölkə.Az bu 2 oyuna böyük marağı nəzərə alıb AFFA məşqçilər komitəsinin sədri Vaqif Sadıqovdan oyun haqda fikirlərini öyrənib.

İlk olaraq "Qarabağ"-"Zirə" oyunu haqda mütəxəssis bu fikirləri bölüşdü:

"Düşünürəm ki, liderlərin görüşü çox maraqlı keçəcək. Zirənin çempionatın aşkar favoriti olan "Qarabağ"a qarşı oyunu çox maraq doğurur. Oyundan öncə hər 2 komandanın şansları bərabərdir və kim özünü göstərib şanslarını öz üstünlüyünə çevirə bilsə, o komanda da qələbə qazanacaq. Mənə daha maraqlı isə Avroliqada yaxşı çıxış edən "Qarabağ"a qarşı "Zirə"nin çıxışıdır".

"Qarabağ"ın 22 sentyabrda "Monako" ilə oyunu bu oyuna necə təsir edəcək sualına isə təcrübəli mütəxəssis belə cavab verib:

"Nəzərə alsaq ki, "Qarabağ" milli çempionatda fərqli heyətlə çıxış edir, düşünmək olar ki, bu oyunda da Qurban Qurbanov fərqli heyətə üstünlük verəcək. Ancaq "Qarabağ" bu tura qədərki oyunlarda sübut elədi ki, eyni səviyyədə 2 heyətə malikdir. Düşünürəm ki, aparıcı oyunçuların bəzilərinə istirahət verib, "Monako" ilə oyuna saxlayacaqdır".

"Neftçi"-"Qəbələ" oyunu haqda isə AFFA məşqçilər komitəsinin sədri bunları dedi:

"Bu oyunda çox böyük maraq doğurur. "Qəbələ" milli çempionatda tamamilə fərqli oyun sərgiləsə də nəticə baxımından liderlərdəndir. "Neftçi" isə demək olar ki, stabil oyununu çoxdan itirib. Hər 2 komandaya qələbə psixoloji cəhətdən durumlarını düzəltmək üçün vacibdir. "Qəbələ" çalışacaq "Borussiya Dortmund"la oyun öncəsi qələbə qazansın. "Neftçi" isə bundan öncəki buraxılan səhvlərin təsadüf olduğunu sübut eləmək üçün qələbəyə köklənəcək. Deyərdim ki, bu oyunda da şanslar bərabərdir və gərgin oyun bizi gözləyir".

Qeyd edək ki, tura sabah keçiriləcək Xəzər Lənkəran-Azal və Sumqayıt-İnter oyunları ilə yekun vurulacaq.

Taleh Rəcəb

Oxşar xəbərlər