Mahir uçacaq? Ay uçdu a...

  • 26 iyul 2020, 18:41
Belə görünür ki, Mahir Əmrəlinin ölkəni tərk etməsi ilə bağlı söhbətlər “sabun operası”ndan başqa bir şey olmayacaq.
Az qala hər iki-üç aydan bir ölkənin ən istedadlı futbolçularından birinin hansısa klubun maraq dairəsinə düşməsi ilə bağlı xəbər yayılır.
Və tezliklə aydın olur ki, bütün bu xəbərlər yalnız kiminsə xoş arzusudu. Əminəm ki, “Beşiktaş”ın prezidenti Ahmet Nur Çəbinin “CBC Sport”un efirində “azərbaycanlı qardaşlar ən yaxşılarını bizə gətirsinlər, oynadaq” deyəndən sonra bütün oxların Mahirə yönəlməsi də bekarçılıqdan atılan addımdı. Bilirsiz, niyə?
Əvvəla, Mahir kartof-soğan deyil ki, adi reyslə də olmasa, çarter reysinin yük yerinə qoyub, İstanbula göndərəsən. İkincisi, hansısa azərbaycanlı futbolçu legioner həyatı yaşamaq üçün ən azı müəyyən müddətə rahatlığından və maliyyə təminatından əl çəkməlidi.
Yəni Mahir legioner həyatı yaşamaq istəyirsə, müəyyən maliyyə iddialarından əl çəkməklə “Qarabağ”ı razı salmalı (transfer pulunun bir hissəsini boynuna götürməli...), sonra da “Beşiktaş”da əsas heyətə düşmək üçün tər-qan axıtmalıdı.
İndi də gəlin bu sual üzərində düşünək: doğrudanmı, Mahir belə ağır sınaqlara hazırdı? Vətənin adını Türkiyədə, superliqada ucaltmaq üçün hansısa fədakarlığa gedəcək? Gördüyüm, haqqında oxuduğum qədəri ilə o heç bir qurbana və fədakarlığa hazır deyil.
Yadınızdadısa, bir ara ailə münaqişəsi zamanı anasının və dayılarının tərəfini saxlamaqla, onun bugünlərə çatması yolunda böyük əmək sərf edən atasına birmənalı şəkildə arxa çevirməklə gündəmdə oldu.
İyulun ilk günündə, yəni 23 yaşını tamamlayarkən isə karantin rejiminin qaydalarını nümayişkaranə şəkildə pozdu. Açıq-aşkar görünür ki, bu adam futbolçu kimi inkişaf etməkdə, parlamaqda, dünyanı demirəm, heç olmasa, Avropaya səs salmaqda maraqlı deyil.
Qurban Qurbanov kimi tələbkar məşqçi də onun inkişafına nail ola bilmirsə, deməli, çoxsaylı istedadı açılmayan adamlardan biri kimi yaşlanacaq və bir gün futbol səhnəsindən çəkilib gedəcək.
Təbii ki, onda əlini başına-yanına döyəcək. Nə yazıq ki, sonrakı peşmançılıq heç vaxt fayda verməyib. Mən də utanıb-çəkinmədən “Futbol+”in ötən sayında onun haqqında yazılan xəbərə “Mahir qartal olub uçacaq?” sərlövhəsi qoyuram.
Zarafat bir yana, bəlkə mən lap çox arzulasam, xəyalların qanadlarına minib, harasa uçaram. Mahir isə harasa uçana qətiyyən oxşamır. Mən ölü, siz diri – görəcəksiz (Futbol+)...
Oxşar xəbərlər