Xəbər lenti
Bütün xəbərlər

Azərbaycan Xorvatiya ilə heç-heçə edib

  • 10 sen 2019, 11:09

Futbol üzrə Azərbaycan milli komandası növbəti oyununu keçirib.

APA-nın məlumatına görə, AVRO-2020-nin seçmə mərhələsində mübarizə aparan yığma E qrupunda VI turunda qüvvəsini sınayıb.

Nikola Yurçeviçin baş məşqçisi olduğu komanda Xorvatiya ilə görüşüb. Buna qədər keçirdiyi bütün qarşılaşmalarda uduzan milli son dünya çempionatının gümüş mükafatçısı ilə görüşə ilk xal üçün çıxıb.

Oyunun əvvəlində Luka Modriç penalti zərbəsini qola çevirib. 2018-ci ildə dünyanın ən yaxşı futbolçusu seçilən yarımmüdafiəçi bununla öz ad gününə hədiyyə edib.

Buraxılan qoldan sonra yığmamız bir neçə yaddaqalan hücum təşkil etsə də, Zlatko Daliçin komandası daha çox real qol vəziyyəti yaradıb. Lakin millidə debüt edən Emil Balayev dəfələrlə komandamızı qoldan xilas edib.

İkinci hissədə də fəal olan futbolçularımız hücumlarını davam etdirib. Komandamız matç ərzində iki dəfə qaydalar çərçivəsindən kənar şəkildə rəqib qapısına yol tapıb ki, bunlardan birində hakimə sərt etiraz edən qapıçılar üzrə məşqçi Dmitri Kramarenkoya da xəbərdarlıq edilib. Futbolçulardan sarı vərəqə alan Anton Krivotsyuk isə cəzalı duruma düşüb.

Cari tsiklin bütün matçlarında qol sevinci yaşayan yığma bu dəfə də azarkeşlərini sevindirməyə imkan tapıb. Əvvəlki qarşılaşmalarda Mahir Emreli və Ramil Şeydayev hərəyə iki dəfə fərqlənmişdisə, bu dəfə Təmkin Xəlilzadə qol sevinci yaşayıb. O, rəqibin üç futbolçusundan sıyrılaraq üz-üzə qaldığı qapıçını qarşısıalınmaz zərbə ilə məyus edib – 1:1.

Bununla da yığmamız seçmə mərhələdə ilk xalını qazanıb. Ardıcıl 5 qarşılaşmada qol vuran komandamız məğlubiyyət seriyasını da dayandırıb. Bu, komandamızın Xorvatiya ilə ev görüşlərindəki ikinci heç-heçəsidir. Dörd il əvvəl digər xorvatiyalı Robert Prosineçkinin baş məşqçi olduğu vaxt 0:0 hesabı qeydə alınmışdısa, Nikola Yurçeviç qollu heç-heçəyə sevinib.

Qeyd edək ki, qrupumuzun digər oyununda Macarıstan Slovakiyanı qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

AVRO-2020-nin seçmə mərhələsi
E qrupu, VI tur
9 sentyabr
20:00. Azərbaycan – Xorvatiya - 1:1
Qollar: Modriç, 11 (pen) - Xəlilov, 73
Baş hakim: Sandro Şarer (İsveçrə)
Azərbaycan: 12. Emil Balayev, 2. Qara Qarayev, 3. Şəhriyar Rəhimov, 5. Maksim Medvedev (k), 6. Bəhlul Mustafazadə, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 18. Anton Krivotsyuk, 21. Pavel Paşayev, 22. Cavid Hüseynov
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Şahruddin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 9. Ağabala Ramazanov, 14. Rəşad Eyyubov, 15. Ömər Buludov, 16. Rüfət Dadaşov, 17. Renat Dadaşov, 19. Təmkin Xəlilzadə, 20. Riçard Almeyda
Baş məşqçi: Nikola Yurçeviç
Xorvatiya: 1. Dominik Livakoviç, 3. Borna Barişiç, 4. İvan Perişiç, 6. Deyan Lovren, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 13. Nikola Vlaşiç, 18. Ante Rebiç, 20. Bruno Petkoviç, 21. Domaqoy Vida, 22. Karlo Bartoleç
Ehtiyat oyunçular: 12. Lovre Kaliniç, 23. Simon Sluqa, 2. Miyo Çaktaş, 5. Matey Mitroviç, 7. Yosip Brekalo, 8. Marko Roq, 9. Mislav Orşiç, 14. Mile Şkoriç, 15. Mario Paşaliç, 16. Tin Yedvay, 17. Dario Melnyak, 18. Milan Badel
Baş məşqçi: Zlatko Daliç
Bakı. "Bakcell Arena” stadionu

***

Saat 21:42

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Xorvatiya matçında hesab dəyişib.

APA-nın məlumatına görə, xorvatiyalı Nikola Yurçeviçin rəhbərlik etdiyi yığma Bakıda keçirilən qarşılaşmada hesabı bərabərləşdirib. Komandamızın heyətində 73-cü dəqiqədə Təmkin Xəlilzadə fərqlənib - 1:1.

***

Saat 21:10

Azərbaycan – Xorvatiya matçında ikinci hissə başlayıb. Millimiz 0:1 hesabı ilə geridədir.

***

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan – Xorvatiya matçında hesab açılıb. Rəqib komandanın 10 nömrəli oyunçusu Luka Modriç penalti zərbəsini vuraraq hesabı 1-0 edib.

***

Saat 20:00

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan – Xorvatiya matçı başlayıb.

Musavat.com xəbər verir ki, qarşılaşmanı isveçrəli hakimlər briqadası idarə edir. Yığmamız 6-cı turda "Bakcell Arena"da Xorvatiya millisini qəbul edir.

Baş hakim Sandro Scharer, köməkçiləri Stephane De Almeida, Alain Heiniger və Fedayi Sandır.

Qeyd edək ki, millimiz bundan əvvəl keçirdiyi 4 oyununun hamısında uduzub. Saat 22:45-də isə E qrupunun digər görüşündə Slovakiya Macarıstanın qonağı olacaq.

Oxşar xəbərlər