Bakıda Formula 1 yarışlarına yekun vuruldu

  • 29 apr 2019, 09:10

Bir gündə Bakı haqqında dünya mətbuatında 5 min məqalə yazıldı

Bakıda 4-cü dəfə Formula 1 yarışları keçirildi. Hələ yarışın ilk günündə sərbəst yürüşlər zamanı qəzalar yaşandı. Xüsusilə də Formula 1-in sərbəst yürüşü zamanı "Williams” komandasının üzvü Corc Rasselin idarə etdiyi bolidin kanalizasiya quyusunun qapağına ilişərək qəzaya düşməsi, xeyli səs-küy yaratdı. Hadisə sosial şəbəkələrin gündəminə çevrildi. Xarici auditoriyada bir gecədə Bakı haqqında 5 min məqalə yazıldı.

Ölkə cəmiyyətində bu hadisə qeyri-peşəkarlıq kimi qiymətləndirilsə də, xarici media tamamilə başqa məqalələr dərc etdi. Mütəxəssislər bildirdilər ki, əslində sərbəst yürüşlərdə bu kimi hadisələrin baş verməsi normaldır. Yarışdan sonra Bakı Şəhər Halqası mətbuat konfransı keçirərək, hadisədən sonra  trek boyu dəfələrlə yoxlamalar aparıldığını bildird. Yoxlamaların və tədbirlərin nəticəsində yarış ərzində bu kimi hallar təkrarlanmadı.

Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarai hadisəyə münasibət bildirərkən aşağıdakıları söyləmişdi: "Şəhər treklərinin xüsusiyyəti onların gözlənilməz olmasıdır. Sıx məskunlaşmış şəhərdə F1 keçirməyin özəlliyi budur. Bu, şəhər yarışlarını həm maraqlı, həm də yaddaqalan edir. Formula 1-i yaxşı tanıyanlar bilir ki, belə hadisələr F1 şəhər treklərində daima baş verir. 2010 və 2016-cı illərdə Monakoda, 2012-ci ildə Şanxayda, 2017-ci ildə Malayziyada və s. oxşar hadisələr baş vermişdi. Malayziyada ”Haas" komandasının pilotu drenaj sisteminin lyukunun üstündən keçəndə bolid zədələnmişdi. Bu hadisələr yarışın finalı zamanı baş verib. Bizdə isə  bu, test yürüşü idi, yarış deyildi. Elə test yürüşləri də ona görə olur ki, pilotlar treklə tanış ola bilsinlər, yarış öncəsi bütün üzə çıxa biləcək məqamlar düşünülsün. Əlbəttə, biz təşkilatçı olaraq hazırlıqlarımızı öncədən etməliyik və treki təhvil verməliyik. Yenə  də söyləyirəm ki, işimizə çox ciddi yanaşırıq. Formula 1 bir oyundur, rəqabətdir və inanın ki, bizim yarış F1 keçirən 20 ölkə arasında fanatlar və media tərəfindən ən çox sevilənlərdən biridir. Bu fəxr ediləsi bir haldır. Yarışı gözləyək, arzu edək ki, möhtəşəm Bakımızda növbəti dəfə möhtəşəm yarış olsun".

"Yeni Müsavat”ın əməkdaşı olaraq Bakı bulvarında olduğumuz zaman xeyli əyləncəli proqramların təşkil olunduğuna da şahidlik etdik. Xarici turistlər yaradılan şəraitdən istifadə edərək həm dincəlir, həm də yarışdan zövq alırdılar.

Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019-un  açılışında tamaşaçılara yeni surprizlər edildi. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə keçirilən Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019 yarışının açılışı əvvəlkilərdən fərqli formada baş tutdu.

Belə ki, saat 15:40-da başlayan açılışda əvvəlcə tamaşaçılara builki yarış üçün xüsusi tərtib olunmuş kubok təqdim olundu. Daha sonra himn mərasiminə start verildi. Mərasimdə Azərbaycan dövlət himni tanınmış bəstəkar Azad Vəliyevin yeni aranjmanında səsləndirildu. Himn mərasimində Azərbaycan Respublikası hökumətinin yüksək rəsmiləri, Formula 1 şirkətinin rəhbərliyi və pilotlar iştirak etdilər. Pilotları "Gələcəyin ulduzları” adlanan azyaşlılar müşayiət etdi.

Himni respublikanın əməkdar artistləri Bəyimxanım Vəliyeva ilə Nurlan Növrəsli birlikdə müvafiq olaraq muğam və klassik üslüblarında səsləndirdilər. Onları tarda əməkdar artist Şəhriyar İmanov,  nağarada əməkdar artist Kamran Kərimov, voilonçeldə Emin Qaliyev və bəm nağarada Hüsaməddin Əzizov müşayiət .  İfaçılar xalq və klassik üslublarına aid geyimdə idilər. Daha sonra isə yarış başladı.

Start xəttində birinci mövqedə "Merdeces”in pilotu Valtteri Bottas, ikinci - "Merdeces”in digər pilotu Lyuis Hemilton ikinci, üçüncü sırada isə "Ferrari” təmsilçisi Sebastian Fettel dayandılar. Ümumilikdə şəhər trasında hər biri iki pilotla təmsil olunan 10 komanda yarışdı:

1.Valtteri Bottas ("Mercedes”)

Lyuis Hemilton ("Mercedes”)

Sebastian Fettel ("Ferrari”)

Maks Ferstappen ("Red Bull Racing Honda”)

Serxio Peres ("Racing Point BWT Mercedes”)

Daniil Kvyat ("Scuderia Toro Rosso Honda”)

Lando Norris ("McLaren Renault”)

Şarl Lekler ("Ferrari”)

Karlos Sayns ("McLaren Renault”)

Daniel Rikkardo ("Renault”)

Aleksander Albon ("Scuderia Toro Rosso Honda”)

Kevin Maqnussen ("Haas Ferrari”)

Lans Stroll ("Racing Point BWT Mercedes”)

Romen Qrojan ("Haas Ferrari”)

Niko Hulkenberq ("Renault”)

Corc Rassel ("Williams Mercedes”)

Antonio Covinatsi ("Alfa Romeo Racing Ferrari”)

Kimi Raikkonen ("Alfa Romeo Racing Ferrari”)

Robert Kubitsa ("Williams Mercedes”)

Pyer Qasli ("Red Bull Racing Honda”)

Xatırladaq ki, Formula 1 Bakıda 2016-cı ildən keçirilir. Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir - 7,6 metr. Start və finiş xətti "Azadlıq” meydanındadır.

2016-cı ildə "Williams” komandasının pilotu Valtteri Bottas tərəfindən Bakıda Formula 1 yarışlarının sürət rekordu qeydə alınıb - 378 km/saat.

Bildirilib ki, Azərbaycanda Qran Priyə tamaşa etmək üçün daha çox Rusiya, Böyük Britaniya, Gürcüstan, Niderland, Polşa, BƏƏ və Finlandiya vətəndaşları səfər ediblər.

Qəzet çapa gəderkən məlum oldu ki, "Mercedes” komandasının pilotu, finlandiyalı Valtteri Bottas Formula 1 Azərbaycan Qran Prisinin qalibi olub. /Yeni Müsavat/

Oxşar xəbərlər