Xəbər lenti
Bütün xəbərlər

Loyallığı sevməyən FUTBOL

  • 24 yan 2015, 16:15

Azər Qasımlı: "Bizdə "Barselona” yoxdur, onu "Qəbələ” futbol komandası əvəz edir”

Komandanın baş məşqçisi və əsas heyətin bir neçə oyunçusu meydandan kənarlaşdırılıb. Ancaq yenə döyüşürlər, "El-Klassiko”ya hazırlaşırlar. Söhbət rəqiblərinə qarşı daha çox italyan futbolu üslubunda oyun sərgiləyən ReAL-dan gedir.


ReAL-ın əsas heyətində top qovan Azər Qasımlıyla o qədər də böyük olmayan, Avropa standartlarına cavab verməyən balaca stadionda - məşq zalında görüşdük.
Onun driblinqləriylə "FutQOLaktika”da tanış olun...



- 2014-cü il futbolda nə ilə yadda qaldı?

- Həmişəki kimi ötən ildə də futbolun bütün qaydaları pozuldu. Çox oyunçuya qırmızı vərəqə göstərildi. Halbuki onlar qaydalardan kənar oynamamışdı. 

- Ötən il keçirdikləri oyunla görə ən yaxşı 11-liyi açıqlayın. 

- 11-liyə düşəcək elə bir isim yoxdur. Çünki bizdə futbolu qaydasız döyüşə çeviriblər. Buna görə də kiminsə adını çəkməyim doğru deyil.

- İlqar Məmmədov necə məşqçidir?

- İlqar Məmmədovu Yoahim Lövə bənzədirəm. Bir var, çox təcrübəsi olan, bir də var ki, yeni bir komanda qurasan və qələbə çalasan. İlqar Məmmədov da cavan, perespektivli, futbolun nəzəriyyəsini və praktikasını əla mənimsəyən, yalnız yeni nəsli, yeni transferləri gətirib qələbənin yollarını bilən bir məşqçidir. 

- Ötən ili də baş məşqçisiz oynamaq ReAL-a çətin olmadı?

- Yox. İlqar Məmmədovu iki il öncə cəzalı duruma salmasaydılar belə, ötən il yeni eyni hal yaşanacaqdı. 

- 2014-cü ilin ən yaxşı oyunçusu kimdir?

- Mən ən pis futbolçuların adını çəkmək istərdim. 

- Buyurun...

- Ən pis oyunçular kiminsə maskalarının cırılması haqda fikirlər söyləyən futbolçular oldu.

- Ən pis futbolçuların adını çəkmək istədiyinizi dediniz, ancaq yenə də ümumi danışdınız...

- Ad çəkmək istəmirəm.

- Sizcə "Qızıl top” kimə verilməlidir?

- Bunu azarkeşlər özü müəyyənləşdirməlidir. Ancaq onlar hələ ki, autdan çıxmayıblar. 

- Bəlkə ofsayt demək istəyirsiz?

- Xeyr. Azarkeşlər autdadır. Meydana çıxa bilmirlər.

- Bəzən deyirlər ki, ReAL nə etdiyini bilmir. Ümumiyyətlə, siz komanda olaraq nə istəyirsiz?


- ReAL meydana qol vurmaq üçün çıxır. Ancaq hücuma keçib müdafiəni də unutmur. 

- Deməli, sizin üçün əsas qoldur, qələbənin o qədər də əhəmiyyəti yoxdur...

- Yox, əsas qələbədir. Biz elə qol vurmaq istəyirik ki, sonra qapımızda top görməyək. 

- Bəs, 2015-ci ildə ReAL nə məqsədlə meydana çıxacaq?

- Transferlərdə və daha ciddi oyunlarda iştirakda özünü göstərəcək.

- ReAL-ın əsas rəqibi kimdir?

- Hakimlər.

- "Barselona”nı ciddi rəqib hesab etmirsiz?

- Bizdə "Barselona” yoxdur. Onu "Qəbələ” futbol komandası əvəz edir. 

- Fərq bu qədər böyükdür? 

- Bəli. 

- Ancaq zəif saydığınız komanda illərdir meydandan qalib ayrılır...

- Bizdən güclü deyil. Problem ondadır ki, hakimlər onların tərəfindədir. 

- Baş məşqçiniz və üç əsas oyunçunuz meydandan kənardadır. Qırmızı vərəqələrin sayını çoxaltmamaq üçün bəlkə bir az ehtiyyatla oynayasız? Siyasi dillə desək, loyallıq nümayiş etdirəsiz?


- Bu ehtimallar hər zaman reallaşa bilər. Ancaq futbol loyallığı sevmir. İndiyə qədərki oyunlar da göstərdi ki, necə oynayırsan oyna, hakimlərin öz düşündükləri var. Hər bir halda uduzduracaqlar. 

- ReAL xeyli zamandı səs-küylü transferlər həyata keçirmir. Səbəb nədir? 

- Futbolda baş verən qeyri-müəyyənlik, hakimlərin özbaşına hərəkət etməsi və onların qaydalara tam uymamamları buna mane olur. 

- Neftin qiymətinin düşməsi sizin klub prezidentindən maaşınızı vaxtı-vaxtında almağına problem yaratmır?

- Biz klub prezidentdən heç vaxt pul gözləməmişik. Qələbə məqsədiylə meydana çıxırıq. 

- Qələbəyə acsız deyə pul haqda düşünmürsüz?

- Tamamilə doğrudur. Əsas düşüncəmiz qalib gəlməkdir. Qələbə naminə hər şeyə hazırıq. 

- Qələbə naminə nə vaxtsa "Qələbə” meydanına gedəcəksiz?

- Meydan "Qələbə” də ola bilər, başqa bir məkan da. Hər şeyin zamana, vaxta ehtiyacı var. 

- "Qələbə”də "Məhsul”un yetişməsini gözləyirsiz?

- Xeyr. Sadəcə dünya bazarında neftin qiymətinin bir az da düşməsini, bizə rəqib olan komanda da transferlərin azalmasını, onlar üçün psixoloji durumunun daha da pisləşməsini gözləyirik. 


- Rəqibiniz çox güclüdür. İllərdir bütün mükafatları alırlar. Bəs, nədən dost komandalarla birləşib onlara qarşı oynamırsız?

- Heç bir zaman birləşmə haqda fikirlər söyləməmişik. Bunu deyən başqa komandaların futbolçuları olub. Əsas rəqib hesab etdiklərinə qarşı çox ciddi oyunlar keçiriblər. Təəssüf ki, məğlub olublar. Uduza-uduza gələn oyunçuları komandamıza transfer etmək, yaxud da hansısa klubda birləşib oynamaq, məncə o qədər də uğurlu bir ideya deyil.

- Niyə əvvəlki komandanızda qalmadınız, ReAL-a gəldiniz? 

- Heç bir komanda da olmamışam. 

- Müsavatda olmusunuz...

- Orada olmuşam. Ancaq ikinci divizionda oynamışam. Yaşım birinci liqada top qovmağa imkan verməyib. Bunu heç istəməmişəm. Keçmiş komandanın uğursuz olduğunu, qalib gələ bilməyəcəyini görüb oradan ayrıldım. 

- Deyirsiz ki, yaşınız çatmırdı deyə əvvəlki komandanızda əsas liqada oynaya bilmirdiz. ReAL-a gələn kimi heyətə düşdünüz. ReAL-da lipayla oynayırsız?

- Xeyr. Mən əvvəlki komandamdan ayrılanda yaşım birinci liqada oynamağa çatırdı. Sadəcə gördüm ki, onlarla heç nəyə nail olmayacağıq. Hətta Messi gəlsə belə, o komandanı qələbəyə apara bilməyəcək. 

- Azarkeşlərin "Santyaqo Bernabeu”ya gəlməməsinin günahı kimdədir?

- Hansısa komandanın səhvən azarkeşi olan insanlar bizə də diqqət yetirirlər. Əslində onlar ReAL-ı dətəkləyirlər.

- Komanda yoldaşlarınıza nə arzulayırsız?

- Hakimlərin ədalətsizliyini görüb ruhdan düşməmək, saxta oyunlara görə ümumən futboldan iyrənməmək, yalnız qələbəni düşünmək və sonda da buna nail olmaq.

Ramin DEKO