“Qarabağ” “pley-off” sınağında - Bugün

  • 22 avq 2018, 10:15

İnanırıq ki, komanda Tiraspoldan bizi sevindirən nəticə ilə qayıdacaq

Çempionlar Liqasında mübarizəni dayandıran təmsilçimiz "Qarabağ” bu gün Avropa Liqasının pley-off mərhələsində Tiraspolun  "Şerif” klubu ilə qarşılaşacaq. "Şerif”in Ağdam klubu ilə qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

UEFA-nın rəsmi saytının yaydığı xəbərə görə, Tiraspol şəhərində keçiriləcək ilk matçı avstriyalı hakimlər briqadası idarə edəcək. Görüşün əsas hakimi Harald Lexner olacaq. Ona Andreas Heydenrex, Maksimilian Kolbim və Yulian Veynberger kömək edəcəklər. Oyunun hakim-inspektoru ukraynalı Vladimir Petrov, UEFA nümayəndəsi isə finlandiyalı Teuvo Holopaynedir.

Ötən il "Şerif” Avroliqanın 1/16 mərhələsinə adlayacaqdı, amma...

Qeyd edək ki, komandalar  ötən il ÇL üçüncü təsnifat  mərhələsində rəqib olublar.  "Qarabağ” Gürcüstanın "Samtredia” klubuna iki oyununun nəticəsinə görə 6:0 qalib gələrək inamla Çempionlar Liqasının III təsnifat mərhələsinə vəsiqə qazandı və rəqibi "Şerif” oldu. Bakıda keçirilən ilk görüşdə "Qarabağ”ın bütün cəhdlərinə baxmayaraq, oyun qolsuz bərabərliklə yekunlaşdı. Tiraspolda keçirilən təkrar görüşdə "Qarabağ”ın sabiq üzvü  Dino Ndlovun və Miçelin qollarına rəqib cəmi bir topla cavab verə bildi. Beləliklə, iki oyunun nəticəsinə görə "Şerif” ÇL mübarizəsini dayandırmalı oldu.

"Şerif” bundan sonra Avropa Liqasının pley-off mərhələsində Polşanın "Legiya”sını mübarizədən kənarlaşdıraraq qrup mərhələsinə vəsiqəni təmin etdi. Bu, "Şerif”in Avroliqada dördüncü sınağı idi. F qrupunda yer alan "Şerif” Moskvanın "Lokomotiv”, Danimarkanın "Kopenhagen” və Çexiyanın "Zlin” klubları ilə rəqib oldu. "Şerif” öz qrupunda 9 xal toplayaraq beş turdan sonra lider oldu. Amma Danimarka klubu ilə aralarındakı oyunlara və top fərqinə görə ("Şerif” 9 xal toplasa da, qapılara cəmi 4 top vurmuşdu) Moldova klubunu 1/16 mərhələyə adlamasına imkan vermədi.

Klubun baş məşqçisi Qoran Sabliç idman ictimaiyyətinə yaxşı tanışdır. 39 yaşlı xorvatiyalı karyerasında bir çox klublarda, o cümlədən "Hayduk” və Ukraynanın "Dinamo”(Kiyev) klublarda oynayıb. Sabliç Xorvatiya milli komandasının heyətində 4 il çıxış etsə də, parlaq oyunu ilə seçilməyib. Sonra futbolçu karyerasına son qoyan xorvatiyalı  bir neçə klubda məşqçi işləyib.

"Şerif”dən əvvəlki iş yeri isə Bosniya və Hersoqovinanın  "Şiroki-Brieq” klubu olub. "Şerif”in Avroliqada uğuruna imza atan 2016-cı ilin payızından kluba rəhbərlik edən italiyalı  mütəxəssis Roberto Bordin (hazırda "Neftçi”nin baş məşqçisidir) bu ilin aprelin komandadan ayrıldı. Aprel ayında onun istefası rəsmiləşəndən  sonra klub aralıq dövr üçün yerli mütəxəssis Viktor Mixaylova həvalə olundu. 2018-ci ilin iyununda klub rəhbərliyi xorvat məşqçi ilə müqavilə imzaladı. Moldova mətbuatı iddia edir ki, xorvatiyalı ilə imzalanmış müqavilənin şərtləri açıqlanmır. Məşqçilər heyətinə həmçinin əvvəl də klubda çalışmış Mirko Xrqoviç və Boris Peyrek daxildir. Sonuncu klubun "fizika”sından-yəni oyunçuların fiziki hazırlığından görəvlidir.

"Şerif” şəriksiz liderdir

 8 klubun yer aldığı Moldova çempionatında "Şerif”39 xalla liderdir. Bir müddət əvvələ kimi "Şerif”in çempionatda əsas rəqibi paytaxt Kişinyovun "Zimbru” klubu hesab olunurdu. Amma indi "Şerif”i qarabaqara izləyən Orqeyevin "Milsami” klubudur. Qeyd edək ki, son turda "Şerif” liderliyə can atan "Milsami” ilə qarşılaşıb. "Şerif” həmin görüşdə 2:0 hesabı ilə qalib gələrək xal fərqini 7-yə çatdırıb. "Şerif”in 17 turdan sonra 39, "Milsami”nin isə 32 xalı var. "Zimbru” isə 20 xalla 4-cü sırada qərarlaşıb.

Sabliçin boğazına nə olub?

Daha bir maraqlı xəbər budur ki, "Qarabağ”la oyun ərəfəsi Qoran Sabliçin səhhətində problem yaranıb. Qol.az saytının məlumatında deyilir ki, "Milsami” ilə oyundan sonra jurnalistlər qarşısına Qoran Sabliç deyil, onun köməkçisi  Andrey Korneyenkov çıxıb. Korneyenkov deyib ki, Sabliçin boğazında yaranan problem səbəbindən onu əvəzləyib. Problemin nə qədər ciddi olduğunu deyə bilmərik, amma böyük ehtimalla Sabliç bu gün "Qarabağ”la qarşılaşmada öz yerini alacaq.

Andrey Korneyenkov Avropa Liqasının pley-off mərhələsindəki bugünkü rəqibləri "Qarabağ” haqda da danışıb.  A. Korneyenkov artıq rəqibi müzakirə etdiklərini söyləyib: ""Qarabağ”ın oyunlarına baxmışıq. Artıq bu komandanı məşqçilər korpusu öz arasında təhlil edib. Ancaq hələlik futbolçulara heç bir məlumat verilməyib. Çünki əsas diqqətimiz "Milsami” ilə oyuna yönəlmişdi".

Zidi Badibanqa hər oyunda qol vurur 

Ötən yazılarımızda da qeyd etmişdik ki, klubun heyətində həm yerli, həm də əcnəbi futbolçular yer alır. Zənnimcə, "Qarabağ” bu axşam daha çox belçikalı legioner Zidi Badibanqadan ehtiyat etməlidir. Ötən il Tiraspoldakı qarşılaşmada "Qarabağ”ın qapısına yeganə qolun müəllifi olan belçikalı indi yaxşı formadadır və demək olar ki, son oyunlarda meydanı qolsuz tərk etmir. Klubun əsas qapıçısı da xorvat Zvonimir Mikuliçdir ki, o da artıq neçə sezondur ki, "Şerif”in şərəfini qoruyur.   Müdafiədə Viktor Olivyera uğurlu oynayır. Yarımmüdafiə xəttində oynayan braziliyalı Jo Santoş da bu gün "Qarabağ” qapısına yol tapmağa çalışacaq. Hücumda Jerson Leal Rodriqes də təhlükəli ola bilər. Güman ki, klub öz meydanında bir il əvvəlki məğlubiyyətin əvəzini çıxmaq üçün bu gün çox çalışacaq.  

Qurban Qurbanovun bugünkü qarşılaşmada klubu hansı heyətdə və hansı tapşırıqlarla meydana çıxaracağını demək çətindir. Aydındır  ki, "Qarabağ” səfərdən yaxşı nəticə ilə dönməyə çalışacaq. Amma klub son aylar müdafiə futboluna daha çox meylləndiyi üçün tənqidlərə məruz qaldığını da  unutmayaq. 

İnanırıq ki, həm klub rəhbərliyi, həm komanda üzvləri Tiraspoldan bizi sevindirən nəticə ilə qayıdacaq.  "Eşşək arıları”nı qovmaq zamanıdır. "Qarabağ” bunu bir dəfə yaxşı bacarıb.

Uğurlar "Qarabağ”! /mənbə - "Yeni Müsavat”/

Oxşar xəbərlər