“Qarabağ”: addım-addım uğura doğru

  • 03 avq 2018, 09:37

İdman şərhçiləri komandamızın şanslarını dəyərləndirdilər: Natiq Muxtarlı: "Növbəti mərhələdəki rəqibdən qorxmağa dəyməz”; Aydın Bağırov: "Qarabağ” BATE-dən üstün görünür"

"Qarabağ” klubunun Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniyanın "Kukesi” klubuna Bakıda 3:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlaması Azərbaycanı sevincə qərq edib. Artıq Ağdam klubunun III təsnifat mərhələsindəki rəqibi də məlumdur. Bu, Belarusun BATE klubudur.

III təsnifat mərhələsinin ilk oyunları 7-8 avqustda, cavab oyunları isə 14-15 avqust tarixlərində olacaq. "Qarabağ” meydana ayın 7-də çıxacaq və rəqibini ilk olaraq Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.

Komandamızın ötən il Çempionlar Liqasının qrup mərhələsinə düşərək qazandığı böyük uğuru təkrarlaması üçün iki mərhələ keçmək kifayət edir. "Qarabağ” BATE-ni keçərsə, Avropa Liqasının qruplarına vəsiqəni təmin edəcək, Çempionlar Liqasının qruplarına düşmək üçün play-off oyununa çıxacaq.

Artıq bütün gözlər BATE ilə oyuna dikilib. Həmin gün bütün Azərbaycan "Qarabağ” deyəcək. Futbol mütəxəssislərinin bu oyunla bağlı proqnozları müxtəlifdir.

Komanda.az saytının redaktoru Natiq Muxtarlı "Yeni Müsavat”a açıqlamasında öncəliklə "Qarabağ” "Kukesi” qarşısında nümayiş etdirdiyi oyun barədə danışdı: ""Qarabağ” qol vurmaq istəmirdi" yox, "Qarabağ istəyirdi, amma qol vura bilmirdi” fikri daha məntiqlidir. Bunun da obyektiv səbəbləri var. "Qarabağ” bu mövsüm Çempionlar Liqasında keçirdiyi ilk 3 oyunda cəmisi bir qol vura bilmişdi. Yəni "Qarabağ”ın qol vura bilməmək problemi əvvəldən mövcud idi. Bunu məşqçilər korpusu da bilirdi. Ona görə də "Qarabağ”ın hücum potensialını artırmaq üçün transferlər edilmişdi. Dünənki (srağagünkü-red.) oyunda da hücum xəttində yeni futbolçular gördük. Amma bu futbolçulardan dərhal qollar gözləmək sadəlövhlük olardı. Çünki komandaya yeni qoşulublar. Ona görə də xətlərarası əlaqələrdə çatışmazlıqların olacağı bəlli idi. Üstəlik, Qurban Qurbanov da oyundan əvvəl etiraf etmişdi ki, yeni futbolçular istənilən formada deyillər. Amma bütün hallarda, "Kukesi” ilə cavab qarşılaşmasında "Qarabağ”ın hücum potensialının artdığı açıq-aşkar hiss olunurdu. Sözsüz, hücum xəttinin səviyyəsi oyundan-oyuna yüksələcək. Ancaq bu yüksəlişə qısa zamanda nail olmaq vacibdir. Çünki növbəti rəqib BATE-dir. Belarus komandası olduqca nizam-intizamlıdır. Bu komandanı yarı qüvvə ilə məğlub etmək mümkün deyil. Üstəlik, BATE "Kukesi” də deyil ki, bütün komanda ilə müdafiə olunsun. Vaxt azdır, amma ümidsiz də deyil. "Qarabağ” xətlərarası əlaqələrdəki bəzi problemləri həll edə bilsə, BATE məğlub ediləcək. Müdafiədə intizam ən yüksək həddə olmalı, ölüdürücü əks-hücumlar qurulmalı və hücum məntiqi sonluqla yekunlaşmalıdır. BATE ilə oyunda səhvlər minimum olmalıdır. Əgər "Qarabağ” BATE səddini adlaya bilsə, növbəti mərhələdəki rəqibdən qorxmağa dəyməz. Onu mütləq məğlub edəcəklər. BATE-nin məğlub edilməsi, "Qarabağ”da işlərin qaydasına düşməsi olacaq. Təbii ki, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq daha realdır. Ancaq hədəf Avropa Liqasının yox, Çempionlar Liqasının qrupu olmalıdır".

Qol.az saytının baş redaktoru Aydın Bağırov "Kukesi” ilə "Qarabağ”ın oyununun aldadıcı ola biləcəyinə işarə etdi:""Kukesi” ilə nəticəyə aldanmaq olmaz. Doğrudur, "Qarabağ” rəqibi qarşısında çox yaxşı oynadı. Bunun hər kəs şahidi oldu. Xüsusilə mənim diqqətimi daha çox komandaya cəlb edilən yeni legionerlərin səviyyəsi cəlb etdi. "Qarabağ”ın hücumçu problemi var idi. Amma İnnosent Emeqaranın "Kukesi” qarşısında oynadığı oyun bu problemin aradan qalxacağını göstərdi. Baxmayaraq ki, zədə və cəzalı olması səbəbindən bir müddət idi ki, oynamırdı. Onun özündə iradə tapıb "Kukesi” ilə oyunda yüksək oyun nümayiş etdirməsi "Qarabağ”a verəcəyi töhfələri göstərdi. Emeqara bundan əvvəl də "Qarabağ”da oynamışdı. O vaxt da yaxşı oynayırdı. Sadəcə, komanda daxilindəki bəzi problemlərə görə Azərbaycandan getmişdi. "Qarabağ”da getdikcə irəliləyişin olduğu açıq şəkildə sezilir. Amma "Kukesi” ilə oyun heç kəsi aldatmamalıdır. Unutmaq olmaz ki, alban klubunun səviyyəsi bundan əvvəl "Qarabağ”ın mübarizədən kənarlaşdırdığı nə "Olimpiya”nın, nə də BATE-nin səviyyəsində deyil. Bu klublardan "Kukesi” səviyyəcə çox aşağıdır. Kifayət qədər antifutbol oynayan klubdur. "Qarabağ”la keçirdiyi iki oyunda da bunun şahidi olduq. Komanda arxada oturub, bir dəfə də olsun ki, tutarlı hücum etmədi. BATE belə olmayacaq. Doğrudur, klub əvvəlki səviyyədə deyil. 10 il əvvəlki, eləcə də SSRİ dövründəki BATE bu gün yoxdur. İndidən "Qarabağ”ın bu klubu keçib-keçməyəcəyi barədə fikirlər səsləndirmək peşəkarlıqdan uzaq olar. Amma hər halda, indiki vəziyyətdə "Qarabağ” BATE-dən üstün görünür. Lakin nəzərə almalıyıq ki, ilk oyun Bakıda olacaq. Bu, rəqib üçün önəmli bir üstünlük ola bilər. Açığı, şansları hazırda "Qarabağ”ın xeyrinə hesab edirəm".

Cavanşir ABBASLI,
"Yeni Müsavat”

Oxşar xəbərlər