Çempionların günü: bu gün Almaniya və Braziliya başlayır

  • 17 iyun 2018, 11:28

Çempionluğa əsas iddialı komandalar haqda nədənsə, o qədər də yüksək rəy yoxdur...

Bu gün E və F qruplarının oyun günüdür. Saat 17:00-da  meydana  E qrupunda yer alan Kosta-Rika və Serbiya millisi çıxacaq. 22:00-da isə Braziliya İsveçrə qarşılaşması başlayacaq. Saat 19:00-da F qrupda Almaniya Meksikanı sınağa çəkəcək.  

Kosta-Rika DÇ-2014-dəki uğurunu təkrarlaya bilər 

Kosta-Rika və Serbiya bu gün ilk dəfə yaşıl meydanda qarşı-qarşıya gələcəklər. Çünki serblər ilk dəfədir ki, bu cür mötəbər turnirdə yarışacaqlar.

Kosta-Rika  son Braziliya mundialında qarşısına keçəni "əzirdilər”. Amerika qitəsi təmsilçiləri Uruqvay, İtaliya və İngiltərə ilə bir qrupda yer alsalar da, növbəti mərhələyə adladılar. Növbəti mərhələdə onlar Yunanıstanı da evə göndərdilər.  1/4 finalda isə indiki çempionatdan kənarda qalan hollandlarla mübarizədə büdrədilər.

 

Oskar Ramires 2015-ci ilin oktyabrından milli komandanın baş məşqçisidir. O, 1990-cı ildə keçirilən dünya çempionatında Kosta-Rika millisinin heyətində oynayıb. Kosta-Rika millisinin əsas silah isə şübhəsiz ki, qapıçı Keylor Navas oldu. Kosta-Rikadan yenə də sensasiya gözləyənlər var.  

Serbiya ilk dəfə mundialda iştirakçı olsa da, seçmə mərhələdə uğurlu çıxış edib. Keçirdiyi 10 oyunun 6-da qalib gələn Serbiya millisi cəmi bir oyunda məğlub oldu. Son nəticədə 21 xal toplayaraq qrup lideri oldu. Keçirdiyi görüşlərdə isə 20 dəfə rəqib qapısına yol tapa bildi. 

Məlumdur ki, komandanı ilk dəfə mundiala çıxaran Slavalüb Muslin baş məşqçi postunu tərk edib. Komandanı mundiala uzun illər millidə köməkçi vəzifəsində işləyən Mladen Krstaiç hazırlayıb. Serbiyanın heyətində də Nemanya Matiç ("Mançester Yunayted”, İngiltərə), Aleksandr Mitroviç ("Fulhem”, İngiltərə), Aleksandr Priyoviç (PAOK, Yunanıstan), Luka Yoviç ("Ayntraxt”, Almaniya) kimi hücumçular var. Görüş gərgin mübarizə vəd edir və hər iki komandanın qalib gəlmək şansı var. 

Braziliya komanda deyil?

Saat 22:00-da başlayacaq Braziliya-İsveçrə matçı da maraqla izlənəcək. Çünki dünya çempionluğuna əsas iddialı komandalardan olan Braziliya haqda nədənsə, o qədər də yüksək rəy yoxdur. Düzdür, Braziliya təsnifat mərhələsində 10 görüşdə qalib gəlib, 2 oyunda heç-heçə edərək mundiala 21-ci dəfə vəsiqəni təmin edib. Ötən saylarımızın birində məşhur braziliyalı Pelenin bir açıqlamasını dərc etmişdik. Dünya futbolunun əfsanəsi Braziliya haqda "oyunçuları hər biri ayrılıqda ustadırlar, amma komanda oyunu yoxdur” deyib. Mübahisə etmək üçün əsaslar var, amma bunu Braziliya komandası meydanda sübut etməlidir.

Braziliya bugünkü rəqibləri ilə indiyədək 16 dəfə qarşı-qarşıya gəliblər. Bu oyunların 10-da cənubi amerikalılar qalib gəlib, 4 oyun heç-heçə bitib. 2 oyunda isə qələbəni avropalılar bayram edib. Sonuncu dəfə isə 10 il bundan əvvəl yoldaşlıq görüşündə güclərini sınayıblar. Bu qarşılaşmanı da Braziliya minimal hesabla(0:1) qazanıblar.

10 il ərzində İsveçrə millisində şübhəsiz ki, çox şey dəyişib. Komandanın baş məşqçisi Vladimir Petkoviçin sayəsində İsveçrə 2016-cı il Avropa çempionatından sonra mundiala da vəsiqəni təmin edib. Bosniyalı baş məşqçi bu çempionatda da xüsusilə müdafiə xəttini gücləndirməsi sayəsində daha yaxşı nəticə göstərməyi qarşıya məqsəd qoyub.

Braziliyanın bugünkü oyunda əsas silahı şübhəsiz ki, Neymar olacaq.  Qabriel Jezuş, Firmino, Duqlas Kosta da bu çempionatda özlərini göstərməyə çalışacaqlar. Paulinyo, Koutinyo, Villian, Fernandinyo kimi oyunçularla Braziliya rəqibini ilk turda yenmək gücündədır. İsveçrə bu gün xal ala bilsə, bu onlara ciddi motivasiya olacaq. Uduzsalar isə...Deməyə söz çoxdur: rəqib Braziliyadır e... 

"Alman maşını” saz, yoxsa nasazdır?  

Bu gün çempionluğa daha bir iddialı komanda-F qrupunda yer alan son dünya çempionu Almaniya saat 19:00-da Meksikanı sınağa çəkəcək.

Son dünya çempionu indiyədək Meksika ilə 5 dəfə qarşı-qarşıya gəlib. Bunların 3-də almanlar üstün olublar. 2 görüş isə heç-heçə başa satıb. Sonuncu dəfə ötən il Konfederasiya Kubokunun yarımfinalında  Almaniya Meksikanı 4:1 hesabı ilə məğlub edib. Mundiallarda isə onların yolu yalnız bir dəfə kəsişib. 1998-ci ildə Almaniya 1/8 finalda Meksikaya 2:1 hesabı ilə qalib gələrək mübarizədən kənarlaşdırıb.     

Meksika əlbəttə ki, dünya çempionatlarında təcrübəli komandalardan biridir. Meksikanın artıq yeddinci dəfədir mundiala ardıcıl vəsiqə qazanması hər şeyi deyir. Seçmə mərhələdə də 10 oyunun 6-da qalib gələn, yalnız bir oyunda uduzan Meksika millisi 21 xal toplayaraq qrup lideri olub. Meksika Almaniyadan qorxacaq komanda deyil  və bu qrupda ikincilik uğrunda mübarizədə onlar da var.

Almaniya gəlincə, ilkin rəy budur ki, son dünya çempionu əvvəlki kimi təhlükəli deyil. Bunun əsas səbəbi isə komandanın bütün xətlərində istənilən səviyyədə gəncləşmənin olmamasıdır. Xüsusilə Avstriya ilə son yoldaşlıq görüşündəki 1:2 hesablı məğlubiyyətdən sonra Almaniya millisi haqda pessimist rəylər artıb.  Yoahim Lövün rəhbərliyi altında almanlar ciddi uğurlara imza atıb. Almanlar 2014-cü ildə dünya çempionatının, 2017-ci ildə isə Konfederasiyalar kubokunun qalibi oldu. İkinci dəfə dalbadal dünya çempionu olmaq üçün isə yaxşı oynamaq lazımdır.

Almanların hansı hazırlıq səviyyəsində olduğunu görmək üçün ilk oyunda Meksikadan yaxşı rəqib olmaz...

Oxşar xəbərlər