Xəbər lenti
Bütün xəbərlər

“Formula-1" yarışlarına 2 gün qaldı

  • 25 apr 2018, 08:10

Bakının "Formula-1" yarışlarına ev sahibliyi etməsinə 2 gün vaxt qaldı. Belə ki, aprelin 27-29-da keçirilməsi planlaşdırılan  ”Formula-1" Azərbaycan Qran-Prisi ard-arda olmaqla Bakıda üçüncü dəfə baş tutacaq.

Bakı Şəhər Halqasından "Yeni Müsavat”a  bildirilib ki, artıq yarışla bağlı son tamamlama işləri görülür. 

Aprel ayının 22-dən 23-nə keçən gecədən etibarən tədbir tam başa çatana qədər trekin keçdiyi bütün yollarda avtomobilin hərəkəti məhdudlaşdırılıb.

Eyni zamanda Bulvar ərazisinə də giriş məhdudlaşıb. Yollarda isə qoruyucu və treki görməni məhdudlaşdıran örtüklər çəkilib. Yarışı yalnız tribunalardan və müvafiq yerlərdən izləmək mümkün olacaq. Bundan əlavə, şəhərin mərkəzində, Qoşa Qala qapılarının önündə xüsusi avadanlıqlar, tibb məntəqəsi quraşdırlıb ki, bundan da yarış zamanı istifadə olunacaq.

Hər il olduğu kimi bu il də Bakı şəhərində keçiriləcək yarışı izləmək və işıqlandırmaq üçün həm yerli, həm xarici media nümayəndələri qeydiyyatdan keçiblər. Bildirilib ki, jurnalistlərin akkreditasiya kartları 25 aprel tarixində saat 15:00-da gələcək. Bu, ötənilki yarışlarda da belə olub. Jurnalistlərin akkreditasiya kartları yalnız yarışa 2-3 gün qalmış verilir.

Yarış üçün Bakı artıq, demək olar ki, hazırdır.

Bakı Şəhər Halqasının yaydığı məlumata görə, "Formula-1" Azərbaycan Qran-Prisində iştirak edəcək komandalar artıq şəhərimizə gəlməyə başlayıb. Qeyd olunub ki,  komandaların nümayəndələri artıq Bakıdadır, pilotlar isə bir neçə günə gələcək. Bir neçə gün ərzində həm komandaların, həm də pilotların hamısının gəlməsi nəzərdə tutulub.

Bundan əlavə, komandaların avadanlıqları da Bakıya gətirilib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən  bildirilib ki, yarış bolidləri, onlara xidmət üçün və yarışların təşkili üçün lazım olan avadanlıq da daxil olmaqla 780 tondan çox yük Şanxay, Sinqapur və Bəhreyndən səkkiz reyslə gətirilib. Daha bir reys bu həftə yerinə yetiriləcək.

Yüklərin böyük hissəsi Azərbaycanın "Silk Way West Airlines” aviaşirkəti tərəfindən daşınıb.

2018 "Formula-1" Azərbaycan Qran -Prisinin başlamasına kimi ümumilikdə 800 tondan çox yükün gətirilməsi planlaşdırılır.

Qeyd edək ki, bolidlərin təkərləri daimi +20 dərəcə temperaturun saxlanıldığı xüsusi konteynerlərdə daşınır.

Oxşar xəbərlər