Qafar Çaxmaqlı ermənilərin məkrli planını ifşa etdi
Qafar Çaxmaqlı: "Təmirdən sonra Gövhər ağa məscidi də "fars məscidi” adlanacaq, İran şirkəti də şərti belə qoyub”
"Tarixi Azərbaycan mədəniyyət mərkəzlərindən biri olan İrəvanda keçən əsrdə mövcud olan 12 məsciddən heç biri qalmayıb. Ermənilər fərqli zaman içərisində onları məhv edib tarix səhnəsindən siliblər”.
Bu fikirləri Musavat.com-a açıqlamasında ermənişünas alim Qafar Çaxmaqlı işğalçı Ermənistanın zəbt etdiyi ərazilərdə dağıdılmış məscidləri guya bərpa etmək istiqamətində cəhdlər göstərməsini şərh edərkən bildirdi. O qeyd etdi ki, 1990-cı ildə isə burada türk- müsəlmanlığın tək simvolu olan "Goy Məscid” erməni vandallar tərəfindən yandırılmışdı: "İran höküməti 90-cı illərin sonlarında Göy Məscidin restavrasiya edilməsini öz üzərinə götürərək onu bərpa etdi və təmirdən sonra da adını "Fars məscidi” qoydular. Bir soruşan olmadı ki "fars məscidi” nə deməkdir? Bəlkə farslar qeyri-adi müsəlmanlardı?”
Q.Çaxmaqlı qeyd etdi ki, Dağlıq Qarabağdakı separatçı qurum da indi eyni yolu gedir: "Şuşa işğal olunarkən buradakı məşhur Yuxarı Gövhər Ağa məscidi topa tutuldu. Minarələri dağıtdılar. Məscid xarabazara çevrildi. 8 may 1992-dən bu günə bu məscid dağıdılmış durumdadır. Yuxarı Gövhər ağa məscidi Kərbəlayı Səfixan Sultanhüseyn oğlu Qarabaği tərəfindən inşa edilib. Məscid 1883-84-cü illərdə, Aşağı Gövhər ağa məscidindən təхminən səkkiz il sonra Gövhər ağanın vəsaiti hesabına tikilib. Pənahəli xanın dövründə qarqu və qamışdan tikilən məscid, İbrahimxəlil xan tərəfindən daşla əvəz edilir. Minarəsiz olan məscidi xanın qızı Gövhər ağa sökdürərək, yerində qoşa minarəsi olan yeni bir məscid tikdirir, sonradan bu məscid də Gövhər ağanın göstərişi ilə sökülür və yerində müasir dövrümüzə qədər gəlib çatmış Yuхarı Gövhər Ağa məscidi kimi tanınan həmin bina inşa edilir. Gövhər ağa məscidinin qısa tarixçəsi budur. İndi ermənilər Şuşadakı Yuxarı Gövhər Ağa məscidini təmir etmək qərarına gəliblər”. Ermənişünas alim dedi ki, onlar yenə də məscidi iranlıların əli ilə bərpa etmək niyyətindədirlər: "İranın "Part Saman Caal Ko” adlı şirkəti Yuxarı Gövhər ağa məscidini təmir etmək məqsədi ilə hazırladıqları layihəni separatçı quruma təqdim edib və iqtisadiyyat nazirinin müavini Sergey Şahverdyan erməni mətbuatına bununla əlaqədar bilgi verib. Bəli, təmirdən sonra onun adı "fars məscidi” adlanacaq, İran şirkəti də şərti belə qoyub. Azərbaycanın və Qafqaz Müsəlmanları Dini İdarəsini etirazına heç bir əhəmiyyət verməyəcəklərini də onunla əsaslandırıb ki, "Dağlıq Qarabağ Respublikası” 2015-ci ildən Qədim Mirasların Arxeoloji abidələrin Qorunması ilə bağlı Avropa Konvensiyaya qoşulub və buradakı qədim mədəniyyət abidələrini qorumağı öz üzərinə götürüb və ikinci tərəfin buna qarışmağa ixtiyarı yoxdur. "İkinci tərəf " yəqin bizik. Onun dediyindən belə çıxır ki, Azərbaycan bu işlərə heç bir müdaxilə edə bilməz. Tutaq ki, hələ Qarabağda, Şuşada bu işlərə müdaxilə etmək imkanımız yoxdur. Amma İran səfirinin yaxasından yapışıb onu sual edə bilmərikmi? Məgər deyə bilmərik ki, Dağlıq Qarabağın tamamı Azərbaycan torpaqlarıdır və burada hər hansı fəaliyyət Azərbaycan qanunları ilə edilməlidir?”
2018-ci il yanvarın 31-də "Forbes Qazaxıstan” jurnalının "Erməni inkişaf təşəbbüsləri” (İDeA) fonduna istinadən verdiyi məlumata görə, Qazaxıstanın ən varlı adamlarından biri, biznesmen Kayrat Boranbayev işğal altında olan Şuşanın "Gövhər Ağa” məscidinin bərpasını maliyyələşdirəcək. Q.Çaxmaqlı qeyd etdi ki, eyni tələbləri Nazarbayevin qohumu Kayrat Boranbayevdən və Qazaxıstan dövlətindən də edə bilərik: "Məlum məsələdir ki, Boranbayevi ermənilərlə bağlayan biznes əlaqələridir. "Erməni inkişaf təşəbbüsləri” (İDeA)” fondunun tərəfdaşı kimi onu bu qanunsuz fəaliyyətə cəlb ediblər. Bu məsələ Türk böyüklərindən biri kimi N.Nazarbayevə yüksək səviyyəsində bildirilməli və erməni separatçılığının nəticəsi kimi bunun yolverilməz olduğu diqqətinə çatdırılmalıdır”.
Cavid Turan, Musavat.com