Xəbər lenti
Bütün xəbərlər

Gimnastlarımız finala çıxdı

  • 28 apr 2017, 20:52

Azərbaycan milli komandası qrup hərəkətlərdə finala çıxıb.

Siyana Vasileva, Aleksandra Platonova, Diana Doman, Elif Zeynep Çelep və Ayşən Bayramovadan ibarət komanda halqa ilə hərəkətlərdə finalçı adını qazanıb.

Təsnifat mərhələsində gimnastlar 16,400 xalla beşinci yer tutub.

Bundan başqa, finala Bolqarıstan, İtaliya, Ukrayna, Belarus, Özbəkistan, Macarıstan və İspaniya komandaları çıxıb.

Sabah gimnastlar top və lentlərlə qrup hərəkətlərdə təsnifat mərhələsində çıxış edəcək, hər iki növdə finallar bazar günü baş tutacaq.

Qeyd edək ki, aprelin 28-də Bakıda bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışlarına start verilib. Aprelin 30-dək davam edəcək yarışlara 21 ölkədən 92 gimnast qatılıb. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edir.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirzəyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edirlər.

Yarışların ilk iki günü təsnifat mərhələlərinin nəticələrindən asılı olaraq, həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə qaliblər və ayrı-ayrı alətlər üzrə finalçılar müəyyənləşəcək. Finallar isə turnirin son günü keçiriləcək.

Üç gün ərzində tamaşaçılar Azərbaycanın tanınmış gimnastları ilə yanaşı, bir çox xarici favorit idmançıların da çıxışlarını izləmək şansı əldə edəcəklər. Belə ki, yarışlarda 2 qat dünya çempionu və Avropa çempionu Aleksandra Soldatova (Rusiya), Avropa çempionatının bürünc mükafatçısı Zelikman Nikol (İsrail) və Rusiya (Olimpiya Oyunlarının qızıl medalçısı), İspaniya (Olimpiya Oyunlarının gümüş medalçısı), Bolqarıstan (Olimpiya Oyunlarının bürünc medalçısı), Belarus (dünya çempionatının bürünc mükafatçısı) qrup hərəkətləri komandaları iştirak edirlər.

Oxşar xəbərlər