ABŞ azərbaycanlıları orada yaşamağın yollarından danışır

  • 28 fev 2017, 17:22

Aqil Hüseynov: "Bura gəlmələrdən ibarət olduğu üçün hər kəs bir-birinə kömək edir”; Mehriban Nəsibova: "Amerika yığma komandadır, burda hamıya yer var”


Nyu York səfərimiz bu şəhərdə yaşayan azərbaycanlıların hekayələri ilə davam edir. Hər biri şəhərin ayrı-ayrı hissəsində yaşasa da, əlamətdar günlərdə - anım, bayram tədbirlərində bir araya gəlirlər. Xocalı faciəsinin ildönümü ilə bağlı Ermənistan səfirliyinin qarşısında keçirilən aksiya zamanı gördüm çoxunu. Doğma dilimizdə, doğmalaşmış zarafatlarla danışır, bir-birinə çay qonaqlığı vəd edir, çoxdan görüşməyənlər umu-küsü edirdilər. Yaşamaq qayğısı Amerikada nə qədər güclü olsa da (burda insanlar saat hesabı qazanc əldə edirlər-müəl.) mövzu Azərbaycan olanda əksəriyyət üçün axan sular belə dayanır. İşlərini atır, tədbirdə iştirak edir, sonra yenidən işə qayıdırlar.


Onlardan bir neçəsini tanıyaq. Köhnə bakılı, yeni nyu yorkluları...


AQİL HÜSEYNOV: "AZƏRBAYCANLI, GÜRCÜ, QAZAX... BUNLARIN HAMISI AMERİKANLAR ÜÇÜN "RUSSİAN”DIR”

Aqil Hüseynov 33 yaşındadır. 2016-cı ilin 27 fevralında Nyu Yorka gəlib. Uşaqlıq arzusu olan Amerikaya Green Kard udaraq qovuşub: "Bir neçə il Green Kard oynadım. Nəhayət üçüncü dəfə uddum. Sonra da gəlib burda yerləşdim. İlk dəfə bir az çətin idi. Heç kimim yox idi. Sonra yavaş-yavaş azərbaycanlılarla tanış oldum. Bruklində Münəvvər xanımın açdığı "Azərbaycan” restoranı var. Düzdür, Nyu Yorkda çoxlu Azərbaycan restoranı var. Amma Münəvvər xanım yeganə restoran sahibidir ki, gələnlərə piti verir (gülür). Özləri əslən Şəkidəndir və bu mətbəxin dadlı yeməklərini təbliğ edirlər”.

 


 

 

Aqil danışır ki, ilk vaxtlar bura öyrəşmək çətin olub: "İndi öz şəxsi biznesim var. Azərbaycanda da bizneslə məşğul idim. Ekranların satışı ilə. Onu deyim ki, ilk vaxtlar psixoloji cəhətdən çox çətin idi. İlk növbədə mətbəx. Biz yediyimizi burda tapmaq çox çətindir. Düzdü, dil bilirdim. Amma nə qədr ingilis dilində bilsək də, eyni mentalitetdə deyilik. Mədəni baryerlər də var. Azərbaycan amerikanlar üçün müsəlman ölkəsi sayılmır. Azərbaycanlı, gürcü, qazax... bunların hamısı amerikanlar üçün "russian”dır. Bunlar üçün biz bir rusuq. Müstəqil olsaq da, bunların nəzərində hamımız Sovet ölkələrindən gəlmişik. Burdan görürük ki, Rusiyanın bizə nə qədər təsiri var. Düzdü, biz hər zaman deyirik ki, Azərbaycan balanslaşdırılmış siyasət aparır, həm Qərbin, həm Rusiyanın xətrinə dəymir. Amma burdan baxanda görürük ki, bizim dəyərlər daha çox ruslara yaxındır. Azərbaycanın Qərbə çatması üçün yenidən bu proseslər baş verməlidir”.

 

"AMERİKA ONSUZ DA GƏLMƏLƏRDƏN İBARƏTDİR DEYƏ BURDA HAMI BİR-BİRİNƏ KÖMƏK EDİR”

Müsahibimizin sözlərinə görə, "amerikalı” və "diskriminasiya” sözləri bir araya sığmır. Belə ki, amerikanların gəlmələrə münasibəti çox gözəldir: "Rusiyaya da gəlmə gəlir, Amerikaya da. Amma Amerika demək olar ki, gəlmələrdən ibarət olduğu üçün hamı bir-birinə kömək edir. Amerikanlar nəsillikcə gəlmələrdən ibarətdir. Ona görə də Avropadakı kimi gəlmələrə münasibət soyuq deyil. İlk gün aeroportdan metro ilə gəldim. Bir az çaşmışdım, yolu tapa bilmirdim. Amma yolda mənə kömək edən iki amerikan düz bron etdiyim otelə qədər məni apardılar. Bunu Azərbaycanda görmək olar? Çətin ki...Xüsusən qaradərililərdə belə cəhət var. İllərdir Sovet dönəmində bizə aşılamağa çalışırdılar ki, amerikanlar kobud olurlar. Amma tamam əksi oldu”.

 

Aqil Amerikaya gələndə daha bir həqiqəti özü üçün aşkarlayıb: "Bizim televiziyaların təbliğatının əksinə olaraq, Azərbaycan heç də dünyanın mərkəzində deyil. Azərbaycanı heç tanımırlar desək, yanılmarıq. Nəinki harada yerləşdiyini bilmirlər, heç belə ölkə olduğundan xəbərləri yoxdur. Anlayışları yoxdur. Türkiyəyə, Rusiyaya calayıb, bizim ölkəni tanıtmaq olar”.

Müsahibimin Amerika xəyalları da xeyli uzağa gedir: "İstəyərdim ki, uşaqlarım burda tərbiyə alsınlar. Vizual cəhətdən yaxşı binalar tikilir. Bizim səkilər qranitdir, bunlarda köhnədir. Metrolarımızı müqayisə etsək, bizimki daha yaxşıdır. Bizdə infrastruktur inkişaf edib, amerikanlarda cəmiyyət. Amma mən hesab edirəm ki, daş hər şey deyil. Daşa baxmaq istəsək, Misirə, İtaliyaya getmək olar. Orda daha qədimləri var. Cəmiyyətin inkişafı üçün KİV-lərdən, təhsildən başlamaq lazımdır. 200 manat maaş alan müəllimə görə gələcəkdə heç kim müəllim olmaq istəmir. Uğur qazanmış insan heç vaxt istəməz ki, onun əsas hədəfi müəllimlik olsun”.

"AMERİKANLAR BİR-BİRİNƏ AĞIL ÖYRƏTMİR”

A.Hüseynov Amerikaya öyrəşdiyi kimi, amerikanlara da alışıb. Deyir ki, onların insani dəyərlərə, münasibətlər sisteminə baxışı fərqlidir: "Onlar üçün şəxsi həyat önəmlidir. Burda heç kim heç kimə qınaq etmir. Hərə öz həyatını yaşayır. O bizik ki, kiməsə ağıl öyrətməyi özümüzə vəzifə bilirik. Bizdən nə qədər qabağa gediblər, amma bununla belə heç kəs bir-birinə necə yaşamaq lazım olduğunu göstərmir. Kimsə bir başqasına yol göstərə bilər, amma necə yaşamağı öyrətmək? Bu, mümkün deyil”.

Müsahibim bundan sonra Azərbaycana qayıtmağı düşünmür. Dediyinə görə, gənc olsaydı, bəlkə də başqa plan qurardı: "Amma 33 yaşım var. Bundan sonra yeni başlanğıc mənimçün uyğun deyil. Hesab edək ki, 40 yaşdan sonra gəlib Azərbaycanda sıfırdan başlamaq istəmirəm. Ailəli deyiləm. Həyatımı burda quracam. Qeyri-millətlə evlənməyə heç də pis baxmıram. Azərbaycanda tolerantlıq olub. Bizdə beynəlmiləl ailə qurmaq ənənəsi geniş yayılıb. Əgər insan ruhu ilə mənə yaxındırsa, millət faktoru önəmli deyil”.

Amma xaricdə yaşayan bir çox azərbaycanlılar kimi müsahibim də burda ermənilərin aktiv olmasından şikayətlənir: "Ermənilərin fəaliyyəti yüz dəfə yox, min dəfə Azərbaycan diasporasının fəaliyyətindən üstündür. Onların milli proqramı var, onun əsasında hərəkət edirlər. Məsələn, Rusiyanın da öz milli marağı var. Onların xarici siyasəti dəyişməz idi. İstəyir Putin gəlsin, istər sərxoş Yeltsin. Bizdə isə tarix silinir, sonra yenidən yazılır. Millətin tarixi olmayanda gələcəyini yazması çətin olur. Milli ideyası olmur”.

"BU QƏDƏR ADAMIN ARASINDA İTMƏK QORXUSU VAR”

Arzular, planlar, qorxular... Aqili Amerikada ölçülər qorxudur: "Nyu Yorkda gördüyüm hündürlüklər ilk növbədə gözümü qorxutdu. Nyu Yorkda 8 milyon əhali yaşayır. Bir belə adamın arasında itmək qorxusu var. Təsəvvür edin, 8 milyon adam, qələbəlik, bir qarışqa belə görünmür. Bu, adamı çox qorxudur. Tamam başqa bir dünyada yaşamaq... Biz bunların cəmiyyətində təzəyik. Yəni, bu, o deməkdir ki, biz şəxsiyyət kimi burda sınırıq və cəmiyyət burda bizi yenidən şəxsiyyət kimi yetişdirir. Mədəniyyət şoku deyilən hadisə məhz bu məqamda başlanır. İnanırsız, Amerikaya gəldiyim ilk günün ilk saatında bu peşmanlığı yaşadım. Əşyalarımı gətirib otelə qoydum,çıxdım bayıra. Və məndə belə bir təəssürat yarandı ki, indi Bakıya dönüş biletimi alacam. Dedim, şəhərdə bir-iki dövrə vurum, heç olmasa tanıyım, sonra qayıdaram. Otelə gələndə də öz-özümə dedim ki, məni Bakıdan belə təmtəraqla yola salıblar, ayıbdır qayıtmağım. (gülür) Bura gələndən iki ay sonra ad günüm idi. Onda dedim ki, kaş dostlarım yanımda olaydı. Zaman-zaman belə kövrəlmələr olur, amma keçib gedir. Burda mənim Bakıdan olan yəhudi dostlarım var. 90-ların əvvəllərindən köçənlərdir. Onların da amerikan dostları "Azərbaycan” restoranına gəlir. Çox maraqlı mənzərədir”. 


MEHRİBAN NƏSİBOVA: "AVROPADAKI DİSKRİMİNASİYA BURDA YOXDUR”

f19dbb8b-4810-4c69-a3e6-7270e6a83f98.jpg (26 KB)

Mehriban Nəsibova isə Amerikaya ilk dəfə 2011-ci ildə gəlib. Kolumbiya Universitetində oxumaq üçün üçün bu ölkənin yolunu tutan gənc xanım 2013-cü ildə magistr dərəcəsini bitirib: "2014-cü ilə qədər burda işlədim. Sonra Azərbaycan universitetində dərs dedim. 2016-cı ilin avqustunda Amerikaya qayıtdım. Sentyabrdan burdayam. Burda daimi yaşamaq istərdim. İş icazəsi üçün müraciət etmişəm. İş vizası alsam, qalacağam. 2002-ci ildən Avropaya səyahət edirəm. Avropada daha çox diskriminasiya görmüşəm. Avropa daha çox düzənlidir. Orda 1 ay qalmışam. 1 ayda yaşam tərzini öyrənmək olmur. Amma Amerikanı görəndən sonra fikrim dəyişdi. Ən böyük arzum burda oxumaq idi. Oxuya-oxuya, tələbəlik həyatında buranın yaşayışını sıx öyrəndim. Bruklin qatarına minəndə görürsən ki, içəridə ingilis dilində danışan çox azdır. İçəridə daha çox rusca, özbəkcə, türkcə danışılır. Diskriminasiya bütün ölkələrdə var. Avropada gördüyüm diskriminasiya burda yoxdur. Amerika sanki yığma komandadır. Manhettenə getsən, hiss edirsən ki, Amerikadasan. Bruklin sanki potsovet məkanıdır”.


Müsahibim Avropada diskriminasiyanın çox güclü olması məsələsinə aydınlıq gətirir. Deyir ki, bunu şəxsən özü yaşayıb: "Vizamın vaxtından 1 saat keçmişdi. Mən aeroportda idim, uçmağa hazırlaşırdım. Məni incitdilər, bir daha viza verməyəcəkləri ilə hədələdilər. Halbuki gecikmə təyyarənin vaxtına görə olmuşdu. Azərbaycandan bura gələndə dedilər ki, mədəniyyət şoku yaşayacaqsan. Amma bu, olmadı. Əksinə, illərdir xəyalımda yaşatdığım o cəmiyyətə qovuşmaq hissi vardı. Sadəcə burda öyrəşmədiyim şeylər var. İlk vaxtlar iki oğlanın, iki qızın əl-ələ tutmasını görmək çətin idi. İndi o qədər də fikir vermirəm. Amma 2014-cü ildə Azərbaycana qayıdandan sonra ölkədəki xaosu, o kobudluğu, insanların aqressiyasını gördüm. Burda yolla gedəndə təsadüfən kiminsə çiyninə dəyirsən. Adam dönüb səndən üzr istəyir, halbuki sənin günahındır. Bakıda isə səni az qala itələyirlər. Sonra da qayıdıb çəp-çəp baxırlar ki, nədi, sənə borcum var, nə gözünü bərəldirsən?”


NYU YORKDA ŞƏKİLİ – FƏRHAD NURİYEV DEYİR Kİ, SƏNƏTİ OLANA BU ÖLKƏDƏ YER VAR

 

Siz Nyu Yorkda Şəki ləhcəsinin necə şirin səsləndiyini təsəvvür belə etməzsiz. Amma 7 ildir Amerikada yaşayan Nuriyev Fərhadla söhbət edəndə üzümdə ani yaranan gülüş bütün müsahibə boyunca davam etdi. Hətta deyərdim ki, ingilis dilində danışanda da Şəki ləhcəsinin elementləri özünü göstərirdi və müsahibimi bu qədər doğmalaşdıran da elə bu detal idi. Fərhad bəy Amerikaya ailəsi ilə birgə, Green Kard qazanaraq gəlib: "Bir oğlum, bir qızım Azərbaycandadır, ailələri ilə birgə orda yaşayırlar. Bir oğlum və yoldaşımla birgə bura gəldik. Amerikaya gəlmək istəyim heç vaxt olmayıb. Sadəcə Green Kard oyunu oldu, belə demək mümkünsə, bəxtimiz gətirdi. O sözü Azərbacandan çıxmamış hamı deyirdi ki, sən risk edirsən. Amma hər şeyi sıfırdan başlamaq ciddi addımdır. 360 dərəcə fərqli bir ölkəyə gəlirsən. Burda mebel işi ilə məşğulam”.

 

"Amerikada iş qurmaq asandırmı” sualına cavabda müsahibim dedi ki, insanın nəsə bir qabiliyyəti varsa, hansısa bir sənəti bacarırsa, burda yaşaya bilir: "Bacarıqsız adam üçün heç yerdə dolanışıq yoxdur. Mən öncə başqa yerdə işlədim. İş prinsiplərini öyrəndim. Ölçü vahidləri fərqlidir. Sonradan sərbəst şəkildə işlədim. Buranın çox çətinliyi olur, dözmək lazımdır. Birinci uyğunlaşmaq şərtdir. İkincisi, dil problemidir. Üçüncüsü, kimsə evi idarə etməli, çalışmalıdır. O adamın dili öyrənmək imkanı olmur. Bu şansı cavanlara verir o halda. Mən də bu şansı oğluma verdim. O, dili öyrənir, mənsə çalışıram. Sevmirəm kiminsə hesabına yaşamağı. Ona görə Avropanı seçmədim”.

Fərhad bəy Azərbaycana qayıtmağı istəmir. Deyir ki, heç vaxt bura gəlmənin peşmançılığını yaşamayıb: "Bunlar kiçik detallardır. Uşaqlarımın ikisi ailəlidir, Bakıdadır. Onları heç qonaq vizası ilə gətirə bilmirəm bura. Baxmayaraq ki, qarant və təminatları götürürük. Onlara deyirlər ki, ailən ordadırsa, gedib qayıtmaya bilərsən. Yekun olaraqsa bir şey deyə bilərəm - Azərbaycanla Amerika nəinki ayrı-ayrı ölkələr, ayrı-ayrı planetlərdir. Bunu heç kim unutmasın”.

P.S. Səfərimizin Nyu York bölümü burda yekunlaşır. Bir neçə saatdan sonra Con F.Kennedy aeroportundan Amerikanın paytaxtına,Vaşinqtona doğru yol alacağıq. Tramp Amerikasının ən qaynar nöqtəsinə, siyasi fırtınalar mərkəzinə. Reportaj və maraqlı müsahiblərlə söhbətlərimiz davam edəcək.

Sevinc TELMANQIZI
Nyu York, Amerika

Oxşar xəbərlər