Türkiyədəki hərbi qiyamdan 6 ay ötdü

  • 16 yan 2017, 08:53

Qabil Hüseynli: "Türkiyə ictimai-siyasi və iqtisadi böhrandan çıxmaq üçün hələ uzun müddət böyük əmək sərf etməlidir” 

 


Türkiyədə baş verən hərbi çevriliş cəhdindən (15 iyuldan 16 iyula keçən gecə) 6 ay ötür. Bu müddət ərzində qardaş ölkə, bəlkə də, Cümhuriyyət dövrünün ən təhlükəli aylarını yaşadı. Həm ölkə daxili, həm də xarici düşmənlərinə qarşı mübarizə apardı. Qiyam nəticəsində on minlərlə insan ya iş yerini itirdi, ya da həbsə atıldı ki, hələ bu proses davam edir.

15 iyul hadisənin acıları indinin özündə də qardaş ölkədə yaşanmaqdadır. Məhz bu hadisənin təsiri ilə qardaş ölkə müttəfiq olduğu Qərb dövlətlərindən üz çevirib, Rusiyaya tərəf yönəldi. Buna da səbəb həm qiyamdan sonra Avropa dövlətlərinin yürütdükləri ikiüzlü siyasət, həm də hadisənin birbaşa səbəbkarı sayılan və hazırda Pensilvaniyada yaşayan FETÖ lideri Fətullah Güləni Amerikanın Türkiyəyə verməməsi oldu. Son 6 ayda rəsmi Ankaranın yaşadıqları hadisələr tək bununla bitmir. Ölkə daxilində saysız-hesabsız terror aktları həyata keçirildi, rus səfiri öldürüldü. 

Bütün bunların fonunda ekspertlərin Türkiyənin 15 iyul hadisəsindən necə çıxması ilə bağlı fikirləri müxtəlifdir. Bəziləri qardaş ölkənin əzmkar qələbə qazandığını və bu qiyamdan sonra daha da gücləndiyini düşünür, amma bunun əksini deyənlər və bundan sonra hələ də bir müddət bu cür təhlükələrin Türkiyə üzərindən sovuşmadığını söyləyənlər də var.
Politoloq Qabil Hüseynli hesab edir ki, son 6 ayda Türkiyə ziddiyyətli proseslərdən keçib:

"Ölkədə hələ də hərbi vəziyyət davam edir. Üstəlik, hökumət 15 iyul hadisələrinin nəticələrini aradan qaldırmaq üçün ciddi cəza tədbirlərinə əl atdı. 100 minə yaxın insanın işdən çıxarılması prosesi baş verdi. Bunların içərisində ali və orta məktəb müəllimləri, dövlət qulluqçuları var. Amma ən böyük təmizləmə işi orduda aparıldı. Təsəvvür edin ki, mindən çox hərbi pilot işindən azad olundu. Bu yaxınlarda ölkənin hərbi pilotlara ehtiyacı üzə çıxandan sonra onlar geri çağırıldı. Onlardan cəmi 31 nəfər işə alınmadı. 900-dən çox pilot təkrar öz işinə döndü. Bundan başqa, 137 nəfər ordu generalı, general, admiral, polkovnik vəzifəsindən kənarlaşdırılıb. Onların işinə yenidən baxılmadı. 


Bir sözlə təmizləmə prosesi hələ də davam etməkdədir. Amma ən ciddi məsələ Türkiyənin xarici siyasətində etdiyi dönüşdür. Bu dönüşün olmasına səbəb Türkiyənin müdafiə nazirinin, AKP-li millət vəkillərinin qiyama Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərlik etməsi ilə bağlı fikirləridir. Bu, çox ciddi ittihamdır. Amerika bu ittihama çox soyuqqanlı cavab verdi. Lakin bu, Türkiyə-Amerika münasibətlərini xeyli zədələdi. Türkiyə həmçinin Avropa Birliyinin ünvanına da ciddi ittihamlar səsləndirdi - xüsusilə, Almaniyanın ünvanına. Bunun  nəticəsində Almaniya ilə soyuq münasibətlər davam etməkdədir. Türkiyənin Rusiya ilə yaxınlaşma prosesində sanki NATO-dan uzaqlaşma prosesi də baş verir. Bu da NATO daxilində ciddi həyəcan doğurmaqda davam edir. 

Hətta iş o yerə çatıb ki, qardaş ölkənin müdafiə naziri Türkiyənin İncirlik hərbi bazasını boşalda biləcəyi və hərbi bazasını NATO-nun tərkibindən çıxaracağı barədə açıqlamalar verir. Hesab edirəm ki, Türkiyənin ətrafının düşmənlərlə əhatə olunduğu bir vaxtda İncirlik hərbi bazasını boşlatması NATO-dan uzaqlaşdırılması ilə nəticələnə və Qərblə bütün iplərin qoparılmasına səbəb ola bilər. Bütün bunlara görə NATO-Türkiyə münasibətlərinin gərginləşməsi prosesi hələ də davam edir. Türkiyə tərəfinin bu yöndəki açıqlamaları münasibətləri getdikcə daha da gərginləşdirir”.

Politoloq ölkə daxilində hələ də ciddi proseslərin getdiyini deyir: "Ölkə konstitusiyanı dəyişib, prezident idarə-üsuluna keçmək üçün ciddi addımlar atır. Bununla paralel, Atatürk sisteminin son qalıqları da aradan qaldırılır. Təbii ki, referendumda xalq bu dəyişikliklərə öz münasibətini bildirməlidir. Amma hər halda konstitusiya dəyişikliklərinin müzakirəsi parlamentdə başa çatmaqdadır və MHP də hakim partiyaya bu yöndə dəstək verir. Bu hadisələrin fonunda ölkədə ciddi gərginliklər yaşanır. Siyasi idarəçilik sisteminin dəyişdirilməsinin əleyhinə olanlar kifayət qədərdir. Amma hər halda keçirilən referendum göstərəcək ki, xalq bunun tərəfindədir, yoxsa yox, yaxud dəyişikliklərin əleyhinə olan siyasi qüvvələr xalqı inandıra biləcəklər ya yox. 

Demək referendumdan çox şey asılı olacaq. Düşünürəmki, ölkədə etirazlar sakitləşdirilməli, proses buna doğru getməlidir. Çünki hərbi çevriliş cəhdindən sonra PKK-çılar xeyli fəallaşıblar. İŞİD da özünün terrorçuluq fəaliyyətini Türkiyə ərazisinə keçirib. 15 iyul qiyamından sonra ən azı Türkiyədə 15-ə qədər terror hadisəsi baş verib, 970 nəfərdən çox adam həlak olub. Bütün bunlar onu göstərir ki, ölkə ciddi sınaq qarşısındadır. Dövlətin xarici və daxili siyasəti ciddi imtahan verir. Ölkənin Rusiya ilə yaxınlığı NATO ilə münasibətlər baxımından xarici siyasətdə ciddi narahatlıqlar doğurmağa başlayıb. Belə bir şəraitdə Türkiyənin təklənmək və bəlli itkilərə məruz qalmaq təhlükəsi var.
Bunun nəticəsidir ki, mövcud vəziyyət ölkənin maliyyə sistemində ciddi gərginliklər yaradıb. Məsələn, dollar Türkiyə tarixində ən böyük qiymətə qalxıb. Türk lirəsi dollar qarşısında böyük itkilər verməkdə davam edir. Ölkədə sənaye istehsalının həcmi də ötən ilə nisbətən xeyli azalıb. Bunlar əhalinin maddi güzəranında özünü büruzə verir. 


Türkiyə həm də müharibə məsələlərini ölkənin xaricinə keçirib, Suriya ərazisində hərbi əməliyyatlar aparır. Bu da hərbi xərclərə və ölkədə itkilərə səbəb olur. Bunları zəruri addım hesab etmək olar. Çünki Türkiyənin yaxınlığında Suriyanın federallaşdırılması siaysətinin fonunda kürd federasiyasının yaranması ehtimalı var. Onun da qarşısını almaq üçün Türkiyə buna məcburdur. Bir sözlə, Türkiyə çox gərgin bir dövr yaşayır. Bu gərginlik siyasi etirazın, siyasi cəbhələşmənin siyasi qarşıdurma ilə nəticələnməsinə səbəb ola bilər. Bunu demək mümkündür ki, qardaş ölkə ictimai, siyasi və iqtisadi böhrandan çıxmaq üçün hələ uzun müddət böyük əmək sərf etməlidir”.

Q.Hüseynli qardaş ölkənin yenidən hərbi qiyam təhlükəsi ilə üzləşəcəyini düşünmür: "Həm daxildə, həm də xaricdə düşmən qüvvələr var. Onlar müəyyən cəhdlər edə bilərlər. Amma bu hərbi çevriliş cəhdi ilə müşahidə oluna bilməz. Çünki ordu artıq tamamilə əvvəlki vəziyyətindən çıxarılıb. Hər şeyi mülki xarakter daşıyan müdafiə naziri həyata keçirir. Aparılan hərbi ”islahatlar" vaxtilə Avropanın ikinci ordusu sayılan türk ordusunu xeyli gücdən salıb. Belə bir şəraitdə ordunun siyasi işlərə qarışmaq imkanları da yoxdur, əvvəlki səlahiyyətlərə də malik deyil. Buna görə növbəti hərbi qiyam cəhdini gözləmirəm".

Müsahibimiz Türkiyənin qiyamdan zəif və ya güclü çıxması ilə bağlı fikirlərə də toxundu: "Türkiyə hərbi çevrilişə görə zəifləmədi. Sadəcə, müttəfiqlərlə münasibətləri korladığına, daxildə yeritdiyi siyasətə görə zəiflədi. Üstəlik, xaricdən də müəyyən təxribatların olduğunu istisna etmirəm. Xarici dövlətlər Türkiyənin bu cür mövqeyinə heç də gülümsəyərək baxmadı. Nəticədə qardaş ölkənin vəziyyəti gərgin olaraq qalır”.

Cavanşir ABBASLI
Oxşar xəbərlər