Türkiyə Suriyada seçim edəcək

  • 02 sen 2016, 14:56
Bir həftə öncə Suriyanın Cerablus şəhərini «İslam Dövləti» (İŞİD) qruplaşmasından almış gənc üsyançılar qələbə işarəsi göstərir, havaya atəş açırlar. Amma onların bu ərazini əllərində saxlaması Türkiyədən asılıdır, Ankara Suriya daxilində qüvvələrini saxlayacaqmı? "azadlıq.org” xəbər verir ki, «Reuters» agentliyinin əməkdaşı David Dolan Cerablusdan müşahidələrini qələmə alıb.

Jurnalist qeyd edir ki, Cerablusu tutmaq bəlkə də işin asan tərəfiydi. Ərəb və türkmən döyüşçülər Türkiyə tanklarının, qırıcılarının və xüsusi qüvvələrinin dəstəyi ilə, Azad Suriya Ordusunun bayrağı altında İŞİD-i bir neçə saat ərzində Cerablusdan çıxardı.

«İndi üsyançılara daha çətindir. Sayları cəmi 1500-ə yaxındır. Onlar qərbə doğru irəliləyib İŞİD-in nəzarətində olan əraziylə 90 kilometrlik sərhədi də qorumalıdır. Ankara həmin əraziyə potensial bufer zona kimi baxır. Üsyançılar təkcə İŞİD-ə deyil, ABŞ-ın dəstəklədiyi kürd döyüşçülərinə qarşı da duruş gətirməlidir. Axı Türkiyə onlara düşmən kimi baxır», - müəllif yazır. İŞİD və kürdlər eynidirlər. Hər ikisi bu camaatı aclığa düçar edib», - bunu 20 yaşlarında olan üsyançı Fikrət İsmail deyir. «Son damla qanımızadək torpağımız uğrunda savaşacağıq».

Türkiyə Suriyaya müdaxiləsindən sonrayla bağlı strategiyasını açıqlamayıb. Bircə onu deyib ki, İŞİD və kürd yaraqlılarını sərhədindən uzaq tutmaq istəyir. Türkiyənin «Fərat Qalxanı» əməliyyatı Vaşinqtonun tənqidinə səbəb olub, Türkiyəni kürdlərlə qarşıdurmadan çəkinməyə, İŞİD-lə mübarizəyə fokuslanmağa çağırıblar. ABŞ Suriyadakı kürd YPG qruplaşmasını sünni radikallara qarşı ən güclü müttəfiqi, Türkiyə isə terrorçu qruplaşma sayır. Türkiyə ordusu sentyabrın 1–də Cerablusdan qərbdə yerləşən daha üç kəndi tutduğunu bəyan edib.

Jurnalist yazır ki, üç il İŞİD-in nəzarətində olmuş Cerablusda həyat axarına düşür. Qadınlar üzləri açıq küçəyə çıxırlar. Bir kişi «Reuters»ə deyib ki, qruplaşma qaçandan sonra ilk işi saqqalını qırxmaq olub. Amma cihadçıların məğlubiyyətindən bir həftə keçməsinə baxmayaraq, Cerablusda Türkiyə ordusu görünmür. Şəhərdə gənc üsyançılar dolaşır. Bəziləri «Toyota» maşınlarında, çiyinlərində avtomat küçələrdə şütüyürlər.

Türkiyənin məqsədi kövrək Azad Suriya Ordusunu kürdlərin YPG qruplaşmasına qarşı dayanacaq bir qüvvəyə çevirməkdir. Hansı qruplaşmanın cənubdakı əl-Bab şəhərinə nəzarət edəcəyi vacib məsələdir», - Türkiyə ordusunun keçmiş mayoru, «Al Monitor» jurnalının təhlilçisi Metin Gürcan belə deyir.

Əl-Bab İŞİD-in nəzarətindədir və Ankara buraya potensial bufer zona kimi baxır. «Hazırda əl-Babı tutmağa can atan, yüksək motivasiyalı iki qruplaşma var. Bu, ABŞ-ın strateji maraqlarına uyğundur, çünki hədəf İŞİD-in vurulmasıdır», - Gürcan bildirir.

Türkiyə qüvvələri Cerablusdan 30 km cənubda yerləşən Mənbic şəhərinə doğru da irəliləyir. Ötən ay YPG-nin də daxil olduğu ABŞ koalisiyası bu şəhəri İŞİD-dən alıb.

Ankara kürdlərdən tələb edir ki, Fərat çayının şərqinə çəkilsinlər. Mənbic də Cerablus kimi çayın qərb sahilindədir. Türkiyə həmişə deyirdi ki, kürdlərin Fəratın qərbinə keçməsi «qırmızı xətt»dir.
Cerablusda 16 yaşlı üsyançı Məhəmməd deyir ki, Mənbic şəhərindəndir və kürdlərlə savaşmaq həvəsi yoxdur. «Mənbicdə hər şey dağılıb», - o, dağıntılara görə İŞİD-i günahlandırır.

Türkiyə uzun müddətdir Suriya daxilində «bufer zona» yaradılmasından ötrü lobbiçilik edir, məqsədi öz sərhədinin təhlükəsizliyini təmin etmək və köçkünlərə mühafizə olunan yer yaratmaqdır. Amma bu təklifi NATO müttəfiqləri elə də dəstəkləməyib. Türkiyə 3 milyonadək suriyalı qaçqını yerləşdirib. Suriya daxilində isə on minlərlə məcburi köçkünə yardım göstərilib ki, bu da de-fakto bufer zona yaradılmasına doğru addım sayılır.

«Bufer zona yaradılmasından ötrü Türkiyə Suriya ilə sərhədində xeyli qüvvə saxlamalı olacaq», - bunu isə NATO-nun keçmiş komandiri Ceyms Stavridis deyir. Onun fikrincə, belə bir strategiya tezliklə gerçəkləşənə oxşamır, amma uzunmüddətli perspektivdə istisna deyil.

Türkiyənin dəstəklədiyi Sultan Murad üsyançı qruplaşmanın başçısı polkovnik Əhməd Osman ötən həftə «Reuters»ə deyib ki, indi prioritet 70 km qərbdə yerləşən Mari şəhərinə doğru irəliləməkdədir. Onun sözlərincə, əməliyyat həftələr və ya aylarla çəkə bilər, üsyançıların indiki 1200-1500 nəfərlik sayını da artırmaq lazımdır. Osman deyir, kürdlər döyüşmək istəməsələr də, lazım gəlsə, döyüşəcəklər.

Müəllif yazır ki, Suriya prezidenti Bəşər Əsədin  devrilməsinə çağıran Türkiyədən ötrü kürd məsələsi bütün digər problemləri kölgədə qoyub. «Türkiyənin fundamental «qırmızı xətt»i Əsəd deyil, kürd dövlətinin formalaşmasıdır», - NATO-nun keçmiş komandiri Stavridis deyir.
 
Demokratik.Az
Oxşar xəbərlər