RUSİYA VƏ QƏRBİN KƏRİMOVUN TAXTI UĞRUNDA SAVAŞI BAŞLADI

  • 02 sen 2016, 09:33

Özbəkistanda İslam Kərimovun xəstələnməsindən sonra hakimiyyət uğrunda başlanan mübarizə açıq müstəviyə keçib.

 

Publika.az xəbər verir ki, baş nazir Şövkət Mirziyoyevin birinci müavini, maliyyə naziri Rüstəm Əzimovun həbs olunduğu xəbəri yayılıb.
Rəsmi Daşkənd bu xəbəri təkzib edib. Yeni yayılan xəbərlərə görə isə R. Əzimov hələ İslam Kərimov xəstəxanaya yerləşdiriləndən dərhal sonra ev dustaqlığına salınıb. Bu xəbərlər hələlik təsdiqini tapmır. Amma Kərimov sonrası Özbəkistanda iqtidarı ələ almaq uğrunda müşahidə olunan klanlararası mübarizədə bu xəbər diqqət çəkir. Çünki İslam Kərimovdan sonra ölkəni idarə edəcək iki əsas namizəd göstərilirdi. Birincisi, baş nazir Şövkət Mirziyoyev, ikincisi isə onun birinci müavini Rüstəm Əzimov idi.
R. Əzimovun həbs olunması xəbərlərinin yayılması Ş. Mirziyoyevin əsas rəqibini sıradan çıxardığı deməkdir.

 

Mirziyoyev və Əzimov: imkanları və gücü
Şövkət Mirziyoyev hakimiyyətdə ən güclü qrup olan Səmərqənd klanının nümayəndəsidir. O, 2003-cü ilin 11 dekabr tarixində bu vəzifəyə təyin olunub və indiyə qədər öz vəzifəsini icra edir. O, 2000-ci ildə "boz kardinal” İsmoila Djurabekovun birinci müavinliyindən siyasi iyerarxiyanın pillələrini qaxlamağa başlayıb. "Səmərqənd klanı”nın daxili işlər naziri Zakir Almatov, maliyyə naziri Bəxtiyar İbrahimov və digərləri kimi nüfuzlu şəxsləri olmasına baxmayaraq, Ş. Mirziyoyev onları geridə qoymağı bacarıb. Buna səbəb kimi Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Rüstəm İnoyatovla yaxın əlaqələrə malik olması göstərilir.
Hazırda Şövkət Mirziyoyev "Səmərqənd klanı”nın lideridir.

Məlumatlara görə, İ. Kərimovun özü 2000-ci illərin sonlarında qızı Gülnarə Kərimovanın dövləti idarə edə bilməyəcəyini anlayaraq, Şövkət Mirziyoyevə varisliyini təklif edib. Əvəzində Kərimovlar ailəsini qoruyacağına dair zəmanət alıb. Bu rəsmi məlumat olmasa da, Mirziyoyevin Kərimovlara yaxın olduğu dəqiqdir. Bu baxımdan, onun hakimiyyətə gələ biləcəyi ehtimalı böyükdür.
Digər tərəfdən, Rusiyanın da Kərimovdan sonra Ş. Mirziyoyevi dəstəkləyəcəyi deyilir. Burada Mirziyoyevin hakimiyyətdə güclü resurslara malik olması ilə yanaşı, Rusiyadakı özbək milyarder Əlişir Usmanov faktoru da var. Məlumatlara görə, Ş. Mirziyoyev Əlişir Usmanovla yaxın qohumluq əlaqələrinə sahibdir.

Ölkədə güc strukturlarının, xüsusilə Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Rüstəm İnyatovun da dəstəyinin Ş. Mirzoyev tərəfində olması onun əlini gücləndirir.

Rüstəm Əzimov hakimiyyət strukturunda müdiri, hakimiyyət savaşında rəqibi olan Ş. Mirziyoyevdən zəif görünür.
R. Əzimov 2000-ci ildə Özbəkistanın baş nazirinin birinci müavini postuna gətirilib. O, makroiqtisadi inkişaf, struktur dəyişiklikləri, xarici investisiyaların cəlb edilməsi və ərazilərin kompleks inkişafı məsələləri faktiki olaraq rəhbərlik edib. 2005-ci ilin fevralında o, həmçinin, maliyyə naziri postunu da tutub.
R. Əzimov Daşkənd klanının üzvüdür. O, özbək hökumətinin maliyyə məsələsinə baxır, həmçinin beynəlxalq maliyyə strukturları və təşkilatları ilə əlaqələr qurur. Hökumətdə çoxları onu İslam Kərimov tərəfindən yaradılmış alternativ güc kimi qəbul edirlər. Hansı ki, nizamnaməyə görə baş nazirin iştirak etməli olduğu bir çox beynəlxalq tədbirlərdə Özbəkistanı o təmsil edir. Əzimov praqmatik iqtisadçı xarakterinə malikdir.
Əgər Rusiya Ş. Mirziyoyevi dəstəkləyirsə, Rüstəm Əzimova dəstəyi Qərb verir. Hər halda ekspertlər Əzimovun Qərb üçün daha əlverişli olduğunu düşünürlər.

O, rəqibi qədər siyasi resurslara malik olmasa da, ölkənin əsas maliyyəsi məhz Əzimovun əlindədir. Bu isə rəqibinin qarşısında onun əlini gücləndirəcək faktdır. Digər tərəfdən, R. Əzimovun İslam Kərimovun ailəsinin əsas sirlərini bildiyi üçün lazımi anda bundan istifadə edəcəyi iddia olunur.
Əgər R. Əzimovun həbs olunması doğrudursa, o zaman Özbəkistanda Rusiyanın qalib gəldiyini deyə bilərik. Yox, Ş. Mirziyoyev rəqibini hələ də sıradan çıxara bilməyibsə, o zaman Özbəkistanda iqtidarı ələ keçirmək üçün təkcə Səmərqənd və Daşkənd klanı arasında yox, həmçinin, Rusiya və Qərb arasında da savaşın başla
dığını deyə bilərik.

 

Demokratik.Az

Oxşar xəbərlər