Ukraynada azərbaycanlı iş adamının evinə hücum edildi

  • 22 iyun 2016, 17:42

Ukraynada bir müddət öncə oğlu oğurlanmış azərbaycanlı iş adamının Donetskdəki evinə separatçılar hücum edib.

Məlumata görə, Ukrayna Azərbaycanlıları Konqresinin Donetsk vilayəti üzrə keçmiş sədri, hazırda biznes fəaliyyəti ilə məşğul olan iş adamı Malik Pirverdiyevin evinə və obyektlərinə silahlılar tərəfindən hücum edilib.

Ukraynadakı mənbənin saytımıza verdiyi məlumata görə, iş adamının Donetskdəki mülkü separatçılar tərəfindən dağıdılıb.

Hadisə ilə bağlı əlaqə saxladığımız Ukraynadakı Azərbaycan diasporunun nümayəndələri  də məlumatı təsdiqləyiblər.

Azərbaycanın Ukraynadakı Səfirliyinin konsulluq şöbəsindən də məlumatı təsdiq ediblər.

Konsulluq şöbəsindən Modern.az-a bildirilib ki, Donetskdə hadisə baş verən yerə səfirliyin əməkdaşı da gedib və olayla bağlı araşdırma aparılır.

Yerli hüquq-mühafizə orqanları tərəfindən də araşdırmalar aparılır.

Qeyd edək ki, Ukraynada nüfuzlu iş adamı kimi tanınan Malik Pirvediyev sərvətinə görə dəfələrlə separatçılar tərəfindən hədələndiyi üçün ailəsi ilə birgə bir müddət əvvəl Donetskdən Kiyevə köçüb.

Xatırladaq ki, Malik Pirverdiyevin oğlu, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Donetsk Vilayət təşkilatının sədri Cəlal Pirverdiyev ötən il naməlum şəxslər tərəfindən oğurlanaraq, 10 aya yaxın girov saxlanılıb və sonda 300 min dollar müqabilində azadlığa buraxılıb.

 

Demokratik.Az

Oxşar xəbərlər