Britaniya mətbuatı: "Avropa parçalanacaq, Rusiya dağılacaq, Çin qarışacaq"

  • 10 fev 2016, 20:37
"The Express” qəzetinin yazdığına görə, Strategic Forecasting özəl araşdırma şirkəti yaxın onillikdə dünyanın siyasi-iqtisadi mənzərəsinin proqnozunu verib.
Bu proqnoza əsasən yaxın gələcək siyasi çaxnaşmalar, maliyyə təlatümləri və daimi terror təhlükəsi ilə zəngin olacaq.
Qəzet yazır ki, Strategic Forecasting-in hesabatındakı bəzi məqamlar həqiqətən də dəhşətlidir.

Dörd Avropa

Hesabata görə, bu onillikdə Avropa dörd yerə parçalanacaq.
Avropanın "yeni parçaları” Qərbi Avropa, Şərqi Avropa, Skandinaviya və Britaniya adaları kimi tanınacaq.
Proqnoza görə bu hissələr arasında əməkdaşlıq və ümumiyyətlə münasibətlər zəifləyəcək.
Hesabatda deyilir ki, ola bilsin, Avropa İttifaqı bir təsisat kimi qalmaqda davam edəcək, lakin ölkələr arasındakı iqtisadi, siyasi və hərbi əlaqələr daha çox ikitərəfli müqavilə və razılaşmalara əsaslanacaq.

Çin iqtisadiyyatı tənəzzüldə olacaq

Proqnoza görə Çin, yaxın on ildə siyasi xaosla üzləşəcək. Hesabatda deyilir ki, Çinin yenicə başlanmış iqtisadi yavaşıması qarşıdan gələn on ildə tənəzzülə çevriləcək.

Çin iqtisadiyyatının tənəzzülə düşəcəyi proqnozlaşdırılır

Bütün bunlar ümumi narazılığa və Kommunist Partiyasına qarşı etirazlara gətirib çıxaracaq.
Proqnoza görə, Çin Kommunist Partiyası daha barışdırıcı mövqe tutmaqdansa, daha sərt tədbirlərə əl atacaq.
Çinin əsas problemləri, onun ölkə sərvətini əhali arasında düzgün paylaşmamasından irəli gələcək.
Ümumilikdə ölkənin iqtisadi inkişafı son dərəcə azalacaq.
"Putin üsyan edən Moskvanı görəcək”
Hesabatda deyilir ki, Rusiya süqut edəcək.
"Vladimir Putin üsyan edən Moskvanı öz gözləri ilə görəcək” – deyilir hesabatda.
Moskvaya qarşı üsyan olmasa da, Moskva Rusiya Federasiyasının geniş ərazisi üzərində nəzarəti itirəcək.
Hesabata görə, parçalanmış Rusiyanın fraqmentləri ayrı-ayrılıqda mövcud olacaq.
Strategic Forecasting bildirir ki, ABŞ bütün dünyada ən böyük iqtisadiyyat olaraq qalsa da, dünyanın qalan hissəsindən daha dərin özünütəcrid yolunu tutacaq.
Birləşmiş Ştatlar dünyadakı münaqişələrə daha az müdaxilə etməyə çalışcaq.
Hesabatda deyilir ki, növbəti onillik ərzində Birləşmiş Ştatlar beynəlxalq aləmdə daha az görünəcək.