Yüksək pensiya verilən ölkələrin siyahısı

  • 09 fev 2016, 21:45

Təqaüd yaşına çatmış vətəndaşlar ölkənin ən həssas kateqoriyasına daxildir. Pensiyaçıların layiqili sosial təminatı dövlətin qarşısında dayanan ən vacib məsələlərdən biridir. Uzun illər boyu ölkənin inkişafı üçün əmək fəlaiyyətində olan insanlar qocalanda dövlət tərəfindən aylıq pensiya və bəzi imtiyazlarla təmin olunurlar. Dünyanın müxtəlif ölkələrində pensiya güzəştləri müxtəlifir.

Modern.az bəzi ölkələrdəki təqaüd yaşı və pensiya məbləği ilə bağlı məlumatları təqdim edir.

ABŞ təqaüdçülər üçün münbit şərait quran dövlətlərdən sayılır. Bu ölkədə 1935-ci ildə qəbul edilən "Social Security Act" qanunu ölkə vətəndaşlarının sosial təminatının parametrlərini müəyyənləşdirən əsas layihə hesab olunur. Sənədə görə, dövlət bütün təqaüd yaşlı insanlara iqtisadiyyat böhran, yaxud tərəqqi mərhələsində olsa da, layiqli sosial təminat və yardım ayırır. 

 

Amerikada istənilən şəxs 62 yaşı tamam olduqdan sonra və ya vaxtından əvvəl təqaüdə çıxa bilər. Lakin vaxtından əvvəl pensiyaya çıxanlar tam olmayan məbləğdə təqaüd alırlar. Amerikada pensiyaya çıxma yaşı 65-dir. Orta pensiya isə 1328 dollar təşkil edir. Amma nəzərə almaq lazımdır ki, 5-6 və 30-35 illik iş stajı olan pensiyaçıların aldığı təqaüd fərqlidir.

Almaniyada isə pensiya təminatını ya özəl fondlar, ya da dövlət həyata keçirir. Qanuna əsasən, aylıq gəliri 3900 avrodan az olan şəxslər mütləq qaydada dövlət təminartı ilə pensiya alır. Gəlirləri bundan çox olan almanlar isə özəl fondlarla müqavilə bağlayır və pensiyaya çıxanadək hər ay banka müyyən məbləğ ödəyir. Hər ay yığılan vəsait illər sonra pensiyaçıya geri qaytarılır.

 

Qeyd etəmk lazımdır ki, ölkədə pensiya yaşı kişilər üçün 67, qadınlar üçün isə 65-dir. Lakin hökumətə bu yaş həddinin 70 yaşa çatdırılması təklif olunur. Almaniyada ideal orta aylıq pensiya miqdarı 1250 avro təşkil edir.

İqtisadi böhran məngənəsində boğulan İspaniyada pensiya yaşı yaxınlarda 65-dən 67-yə qaldırılıb. Buna baxmayaraq, təqaüdçülərə aylıq 850 avro pensiya ödənilir. Ölkədə doğum böhranı olduğu üçün pensiya yaşının 70-ə qaldırılması, əmək pensiyaçılarının iş stajının isə 35-dən 37-yə qaldırılması təklif olunur. 

Şərqi Avropa ölkəsi Polşa isə pensiya təminatını hələ ki, tam təmin edə bilmir. Burada təqaüdün minimal həddi 195 avro, orta göstəricisi isə 353 avrodur. Polşada həm dövlət fondu ZUS, həm də özəl "Açıq Pensiya Fondu" təqaüdçülərə yardımlar ayırır.

Çin isə özünəməxsus pensiya qanunları ilə yaşayır. Bu ölkədə kişilər 60, qadınlar isə tutduqları vəzifəyə görə 50, yaxud 55 yaşda pensiyaya çıxırlar. Çində yalınz dövlət işçilərinə təqaüd verilir. Kənd yerlərində yaşayan yaşlı insanlar isə dövlətdən ümumiyyətlə, heç bir yardım almır. Dövlət strukturlarında azı 15 il çalışan şəxslər Çin hökumətindən orta hesabla ayda 180-205 dollar arasında təqaüd alırlar. Rəsmi Pekin ölkədə 170 milyon pensiya yaşına çatmış vətəndaşın olduğunu bildirir.

Türkiyə isə ahıl yaşlı vətəndaşlara yüksək sosial təminat verən ölkələrdən sayılır. Burada təqaüdçülər aldıqları əmək haqqının 64,5%-i həcmində pensiya alır. Kişilər bu ölkədə 60, qadınlar isə 58 yaşında təqaüdə çıxır. 5 və daha artıq uşağı olan qadınlar isə 48 yaşda pensiyaçı olur. Ölkədə minimum pensiya 465 dollar, orta pensiya isə 680 dollar təşkil edir.

Şimal qonuşmuz Rusiya isə zəif pensiya təminatı ilə seçilir. Bu ölkədə kişilər 60, qadınlar isə 55 yaşda pensiyaya çıxsa da, ölkədə orta aylıq pensiya 160 dollar təşkil edir. 

Azərbaycanda 1 yanvar 2016-cı il tarixə 1 milyon 296 min pensiyaçı var. Ölkəmizdə orta aylıq pensiya 175-180 manat (təxminən 105 dollar) təşkil edir.

 

Azərbaycanda kişilər 63, qadınlar 60 yaşda pensiyaya çıxırlar.