Qahirədə partlayış: çoxlu ölən və yaralanan var

  • 22 yan 2016, 08:07

Qahirənin Giza rayonunda Ehramlara aparan küçədə yerləşən çoxmərtəbəli binanın mənzillərinin birində baş verən güclü partlayış nəticəsində 10 nəfər həlak olub, 20 nəfərdən çox yaralanıb.

İTAR_TASS bu barədə bildirib ki, polisə binada bir qrup terrorçunun partlayıcı qurğu istehsal edən mini-fabrik təşkil etdiyi barədə siqnal daxil olub. Hadisə yerinə gələn polislər bir neçə əldəqayırma partlayıcı qurğu aşkar ediblər. Onlardan birini zərərsizləşdirmək istəyərkən güclü partlayış baş verib.

Xəbər verilir ki, həlak olan arasında Misir Daxili İşlər Nazirliyinin azı iki polis zabiti var. Bundan əlavə zərərçəkənlər arasında bir neçə polis əməkdaşı, o cümlədən Giza kriminal idarəsinin başçısı, habelə yaxınlıqdakı evlərin sakinləri də var.

Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları istintaq tədbirləri həyata keçirirlər.

İlkin məlumata görə, bu partlayışda fəaliyyəti rəsmən qadağan olunmuş "Müsəlman qardaşlar" təşkilatının əli var.