Politoloq: "Son hücumlar PKK-dan mesajdır"

  • 18 iyun 2015, 21:01

Türkiyədə hökumət böhranı davam edir.

PKK liderlərindən Murat Karayılan HDP lideri Səlahəddin Demirtaşı siyasi romantik adlandırıb. Murat Karayılan HDP-nin koalisiya ilə bağlı təkliflərinin də romantik olduğunu bildirib.

Bir müddət idi səssiz qalan PKK Türkiyənin Hakkari vilayətinin Dağlıca kəndində fəallaşmağa başlayıb. Kəndə hücum edən PKK-çılar bir nəfəri yaralayıblar. Siyasətçi Savcı Sayan isə sensasion açıqlamalar verərək bildirib ki, CHP-dən 30-40 deputat AKP-yə keçəcək.

Türkiyədə baş verən bu qarışıq prosesləri politoloq Fərhad MehdiyevÖlkə.az-a verdiyi açıqlamasında şərh edib.

Fərhad Mehdiyev: "Kulislərdə belə bir danışıqlar var ki, AKP başqa partiyalardan özünə millət vəkili transfer etmək istəyir. Bu transferin CHP-dən olub-olmayacağını demək çətindir. Çox ciddi məbləğdə pulla bu transferləri həyata keçirə bilərlər. Əvvəllər bunun qarşısın alan bir sistem var idi, əgər millət vəkili bir partiyadan başqasına keçirdisə onun mandatı əlinindən alınırdı. Ancaq indi bu qayda yoxdur, AKP də bundan istifadə etmək istəyəcək.

AKP MHP ilə koalisiya qurmaq istəyir, ancaq MHP kürdlərlə bağlı "Çözüm sürəci"nin dayandırılmasını istəyir. AKP nəyin bahasına olursa-olsun koalisiyaya getməlidir. Hökumət qurulmadan erkən seçkilər olsa, partiyalar yenə eyni səs qazanacaqlar. Bu mənzərə yenə təkrar olunacaq. AKP müvəqqəti də olsa koalisiya qurmaq məcburiyyətindədir. AKP MHP ilə koalisiya qurmaq istəyir, ancaq bundan HDP çox narahatdır. PKK-nın son zamanlar fəaliyyətinin artması isə ona işarədir ki, "Çözüm sürəci"n dayandırsanız PKK yenidən sillaha sarılacaq. Son hücumlar PKK-dan mesajdır.

MHP razı olsa AKP MHP koalisiyası baş tutacaq və MHP ağıllı davransa bu koalisiyadan uduşlu çıxacaq. AKP-CHP kaolisiyası mümkünsüz kimi görünür. Ərdoğan AKP-nin daxil olmadığı koalisiya qurdurmaz, misal üçün MHP, VHP, HDP koalisiyasına heç vaxt razı olmaz, ona görə ki, bu Ərdoğan üçün təhlükədir".

Səxavət Məmməd