Türkiyənin baş naziri istefa verdi

  • 09 iyun 2015, 21:51

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 7 iyun millət vəkili seçimlərinin ardından bu gün baş nazir Əhməd Davudoğlu ilə görüşüb və onun istefasını qəbul edib. Bi istefa həm də Türkiyə hökumətinin buraxılması deməkdir.

Demokratik.Az-ın "Anadolu" agentliyinə istinadən verdiyi məlumat görə, görüş Prezident İqamətgahında baş tutub. Ərdoğan Davudoğluna təşəkkürünü bildirib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Ə.Davudoğlu yeni hökumətin tərkibi formalaşdırılana qədər vəzifəsinin icrasına davam edəcək.

Görüşlə bağlı Prezident Sarayından verilən açıqlamada bildirilib: "Prezident Ərdoğan baş nazir Davudoğlu tərəfindən təqdim olunan Nazirlər Kabinetinin istefasını qəbul edib. Bu günə qədər keçən xidmətləri üçün minnətdarlığını ifadə edən cənab prezident Nazirlər Kabinetinin yeni hökumət qurulana qədər vəzifəsini icra etməsini istəyib”. 

Qeyd edək ki, iyunun 7-də Türkiyədə keçirilmiş parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyası (AKP) 40,9, Cümhuriyyət Xalq Partiyası (CHP) 25, Milliyyətçi Hərəkat Partiyası (MHP) 16,3, Xalqların Demokratik Partiyası (HDP) isə 13,1 faiz səs toplayıb.

Türkiyə qanunvericiliyinə görə, 45 gün müddətində yeni hökumət qurulmalıdır. Bu hökuməti AKP parlamentə düşən digər 3 partiyadan birinin iştirakı ilə koalisiya şəklində formalaşdırmalıdır.