Ukraynanın güvəndiyi ölkələr – Zelenskinin siyahısında kimlər var?

  • 16 iyun 2022, 15:58
“Kiyev Hindistanla yanaşı, təminatçı dövlətlər arasında Böyük Britaniya, Polşa və Türkiyəni görmək istəyir”.
Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində bildirilib.
Məqalədə Rusiya-Ukrayna müharibəsi ətrafındakı son geosiyasi gəlişmələrə diqqət çəkilib:
“Ukraynada ağır döyüşlər davam edir, hər iki tərəf itki verir. Buna baxmayaraq, rəsmi Kiyev gələcəkdə Ukraynanın təhlükəsizliyinə təminat verə biləcək dövlətlər barədə də düşünür, təklfilər irəli sürür.
Hindistanda nəşr olunan “The Hindu” dərgisinin yazdığına görə, Ukrayna rəsmiləri təminatçı dövlətlər arasında Hindistanın da adını çəkiblər. Rusiyanın Hindistanla yaxşı əlaqələri olduğu nəzərə alsaq, Kremlin Kiyevin təklifinə qarşı çıxmayacağı ehtimal edilir.
Kiyev Hindistanla yanaşı, təminatçı dövlətlər arasında Böyük Britaniya, Polşa və Türkiyəni görmək istəyir. Rusiya birinci ikisini çıxmaqla Türkiyənin təminatçı olması əleyhinə çıxmayacaq. Kiyevin Hindistanı təklif etməsi bu ölkənin dünyada və bölgədə oynadığı rolla əlaqəlidir. Dehlinin hən Moskva, həm də Kiyevlı yaxşı münasibətləri var. Başqa sözlə, Hindistan siyasi baxımdan Rusiya və Ukraynaya eyni məsafədədir. Digər tərəfdən, Hindistanın Çinlə gərgin münasibətləri fonunda ABŞ-la strateji əlaqələrini genişləndirməsi də Ukrayna üçün faydalıdır. Ukrayna Hindistanın maliyyə və humanitar yardımına da ehtiyac duyur. Dehli və Hindistanın özəl şirkətləri bu günə qədər Ukraynaya 230 ton humanitar yardım göndərib”.
Təhlildə qeyd edilib ki, Ukrayna təminatçı dövlətlər axtararkən Rusiyanın bu ölkəyə qarşı işğalçı müharibəsinin nə zaman bitəcəyi sual altındadır:
“Kreml Ukraynanın şərqini tam işğal etmədən müharibəni bitirmək istəmir. Ukrayna isə şərqinin işğalıyla barışmadığından müharibənin uzun müddət davam edəcəyini proqnozlaşdırmaq olar”.
Oxşar xəbərlər