PUTİN 9 MAY BAYRAMINI NİYƏ HƏRBİLƏŞDİRİB?

  • 09 may 2022, 21:56
“Rusiya prezidenti Qələbə günü paradını özünün “gövdə göstərisi”nə çevirib”.“8 may 1945-ci ildə Berlində nasistlərin generalları Qırmızı Ordu komandanı marşal Georgi Jukova və müttəfiq qüvvələrin Avropadakı nümayəndələrinə qeyd-şərtsiz təslim oldular. Bu, Moskva vaxtı ilə ertəsi günün səhər saatlarına təsadüf etdiyindən, 9 May tarixi - Nasist Almaniyası üzərində Qələbə günü kimi qəbul edildi. Bu xəbəri eşidən Moskvalılar mayın 9-da böyük sevinclə küçələrə axışdılar”.
“AzPolitika.info” bu mövzuda Britaniyanın “The Economist” nəşrində yayımlanan materialların bir qismini oxuculara təqdim edir: “Xalqın kortəbii şəkildə meydanlara axışması, Sovet lideri İosif Stalini narahat edirdi. Həmin dövrdə bu cür siyasi əhval-ruhiyyəyə təsir edən tədbirlərin keçirilməsi kommunist hakimiyyəti üçün təhlükəli hesab olunurdu. Bu tədbir ya qadağan edilməli ya da dövlətin maraqlarına uyğunlaşdırılmalı idi. Stalin mümkün riskləri nəzərə alaraq, 9 May- Qələbə günü ilə bağlı rəsmi dövlət tədbirinin keçirilməsi əmrini verdi.
İyunun 24-də Moskvanın “Qırmızı Meydan”ında Sovet qoşunlarının iştirakıyla hərbi parad keçirildi. İki saat davam edən paradda təxminən 35 min Sovet əsgəri Stalinin qarşsında, Leninin məzarı önündə yürüş etdilər.
Düşünə bilərsiz ki, bu ənənə 1945-ci ildən pozulmadı və 9 May-Qələbə günü hər il böyük təmtəraqla qeyd olundu. Ancaq belə olmadı. Stalin, müharibənin bitməsiylə xalqın milli əhval-ruhiyyəsinin artmasından ehtiyat edərək, Qələbə Günü tədbirinin keçirilməsinə icazə vermədi. Parad yalnız 1965-ci ildə müharibənin bitməsinin 20-ci ildönümümündə Leonid Brejnevin göstərişi ilə qeyd olunmağa başlandı.
Rusiyada 9 May-Qələbə günü 1995-ci ildən etibarən, hər il böyük təmtəraqla qeyd olunur. 2000-ci ildə Vladimir Putin hakimiyyətə gəldikdən sonra Qələbə günü paradı Rusiya Silahlı Qüvvələrinin “hərbi güc göstərisi”nə çevrildi.

Həmin vaxtdan, paradda Rusiya bayrağının ardınca, nüvə başlığı daşıyan ICBMS-lər və estakadalar da daxil olmaqla müxtəlif təyinatlı Rusiya silahları nümayiş etdirilməyə başlandı. Paradda əsas diqqət çəkən məqamlardan biri də, Putinin çıxışıdır. Onun yumşaq nitqli “ura”sına minlərlə hərbçinin “ura” deyə cavab verməsi, ortaya tükürpərdici görüntülərin çıxmasına səbəb olur. Stalin kimi Vladimir Putin də kütləvi tədbirlərin keçirilməsindən qorxur. Ona görə də Putin xalq şənliklərinə nəzarəti ələ keçirdi və 9 May bayramını hərbiləşdirdi.
Stalinin dövründə təşkil olunan bu paradda iştirak edən əsgərlər döyüş meydanında qələbədən qayıdırdılar. Ukraynadakı hadisələrdən sonra paradda iştirak edən əsgərlərin hansı qələbədən qayıtdıqları isə məlum deyil.

“Qırmızı Meydan”da çox güclü görünən Rusiya ordusu Ukraynada ağır məğlubiyyətlə üzləşdiyindən, bu ilki parad daha az hərbi texnika və avadanlıqla (həmişəkindən 35 faiz az) keçirildi. Təbii ki, müharibədə on minlərlə hərbi texnika itirən Rusiyanın, bu silahlara “Qırmızı Meydan”da yox, Ukraynada daha çox ehtiyacı var”.
E. Bəyməmmədli
“AzPolitika.info”
Oxşar xəbərlər