Pentaqon: "Rusiya Gürcüstandan Ukraynaya qoşun yeridir"

  • 26 mart 2022, 13:01
ABŞ kəşfiyyatı Rusiya qoşunlarının Gürcüstandan Ukraynaya yeridildiyini qeydə alır, bu barədə cümə günü jurnalistlərə ABŞ Müdafiə Nazirliyinin yüksək vəzifəli nümayəndəsi bildirib. Xəbəri Turan-ın Vaşinqton müxbiri verib.
"Biz onların Gürcüstandan əlavə qüvvələr göndərməyə çalşdığının ilk əlamətlərini əldə etmişik", deyə Pentaqon nümayəndəsi bildirib. "Biz Gürcüstandan müəyyən sayda qoşunların yeridildiyini gördük".
Vaşinqton Kreml qoşunlarının 2008-ci ildə işğaldan sonra yerləşdiyi "Gürcüstandan müəyyən sayda qoşunun yeridildiyinin" şahidi olub, amma Müdafiə Nazirliyinin nümayəndəsi bu qoşunların nə sayını, nə haraya göndəriləcəyini, nə də Ukraynaya nə vaxt çatacağını açıqlaya bilməyib.
Pentaqonun fikrincə, bu gün Rusiya hərbiçiləri yerüstü əməliyyatlar keçirməkdə daha az maraqlıdırlar və Ukraynanın şərq hissəsində - Donbasda cəmləşiblər.
"Orada hələ qarşıda ağır döyüşlər var və biz düşünürük ki, onlar orada möhkəmlənib, gələcək danışıqlarda bundan istifadə etməyə çalışırlar".
O, həmçinin ukraynalıların Azov dənizində Berdyansk limanında Rusiyaya məxsus hərbi gəmini məhv etməsi haqqında məlumatı təsdiq edib.
Məhv edilən "Saratov" adlı Rusiya gəmisi 20-yə qədər tank daşıya bilən "Alliqator" tipli universal desant gəmisi idi. O, qurbanların sayını və ukraynalıların gəmini məhz nə ilə vurduğunu açıqlamayıb.


Oxşar xəbərlər