Qədim, zəngin və keşməkeşli Ukrayna tarixi - Rusiya əsrlərdir bu ölkədən nə istəyir?

  • 28 fev 2022, 19:35
Hazırda aralarında qanlı döyüşlər gedən Rusiya və Ukraynanın mübahisə mövzularından biri də tarixdir. Rusiya dövlət rəhbərliyi, o cümlədən ölkənin təbliğat vasitələri tarixdə Ukrayna adlı dövlətin olmadığını, hazırkı Ukraynanın bolşeviklərin lideri Vladimir Lenin tərəfindən bir neçə əyalətin birləşdirilməsi nəticəsində yarandığını iddia edir.
Hətta müharibə ərəfəsində Rusiya prezidenti Vladimir Putin açıq şəkildə hazırkı Ukraynanı “bolşeviklərin əl işi” adlandırdı, Leninin Rusiyaya məxsus olan torpaqlarda Ukrayna adlı dövlət yaratmaqla xəta etdiyini və bu zaman regiondakı insanların rəyinin soruşulmadığını bildirdi. Putin dedi ki, Ukraynanı Rusiya torpaqlarında Lenin qurdu.
Bəs əlahəzrət tarix nə deyir? Doğrudanmı, tarixdə Ukrayna dövləti olmayıb və bu adda dövlət SSRİ liderlərinin “əl işi”dir?

Mərkəzi-Şərqi Avropada yerləşən Ukrayna ərazisinə görə Avropanın Rusiyadan sonra ikinci böyük ölkəsidir. Ərazisi 603,7 min kvadrat kilometr, sərhədlərinin uzunluğu 7590 kilometr olan Ukraynada hazırda rəsmi olaraq 42 milyon əhali yaşayır. Yeri gəlmişkən, Ukrayna Avropada əhalisi sürətlə azalan ölkələrindən biridir. 1991-ci ildə Ukrayna müstəqil olarkən əhalisinin sayı 50 milyon olsa da, sonrakı illərdə təbii artımın yavaş olması və miqrasiya səbəbindən əhalinin sayı azalıb. 2014-cü ildə Krımın Rusiya tərəfindən işğalı, Donbas və Luqanskda separatçı müharibələr nəticəsində əhalinin sayında kəskin şəkildə azalma müşahidə olunub.
Qədim slavyan dilində “sərhəd ölkəsi” mənasını verən Ukrayna sözün həqiqi mənasında mədəniyyətlərin qovşağı, şərqdən qərbə yürüşlərin keçid nöqtəsi olub. Bu səbəbdən də çox qədim zamanlardan bu ölkədə fərqli etnik qruplar məskunlaşıb.
Qara dəniz, Dnepr, Dnestr kimi iri çaylar və mülayim iqlim qədim dövrdən Ukrayna ərazisini yaşayış üçün cəlbedici edib. Buna görə də, eramızdan əvvəl Qara və Azov dənizi sahillərində yunan koloniyaları, düzənlik ərazilərdə isə köçəri tayfaların məskunlaşması qeydə alınıb. Kimmerlər, iskitlər, sarmatiyalılar, sonrakı dövrdə avarlar, bolqarlar və 7-9-cu əsrlərdə Xəzər Xaqanlığı ərazisinə daxil olduğu üçün türk tayfaları Ukraynada yayılıb. Sonrakı əsrlərdə cənubi Ukraynada kumanlar, peçeneqlər geniş yayılıb.
Eramızın 5-6-cı əsrlərində rus tayfalarının cənuba doğru yayılması baş verdi və bu zaman cənub slavyanları adlanacaq qrup Balkan yarımadasına, şərq slavyanları isə indiki Ukraynanın qərbi, mərkəzi və şimal ərazilərində, həmçinin Belarusun cənubunda meşəlik ərazilərdə məskunlaşmağa başladı. Dnepr çayının qərb sahilində inşa olunan Kiyev şəhəri isə eyniadlı dövlətin mərkəzi olur.

Kiyev o zaman cənubdan – Bizansdan Baltik sahillərinə doğru gedən mühüm ticarət və nəqliyyat yolunun üzərində yerləşirdi. 9-cu əsrin ortalarında (882-1132) yaranan Kiyev rus dövləti 10-cu əsrdə artıq Ladoqa gölündən Volqaya qədər uzanan böyük bir dövlətə çevrilmişdi. 988-ci ildə knyaz Vladimirin rəhbərliyi zamanında Bizans İmperiyasının təsiri ilə Kiyev rus dövləti xristianlığı – sonradan pravoslav adlanacaq qanadı – qəbul edir. Kiyev xristianlarının lideri metropolit isə Bizans imperatoru tərəfindən təyin olunurdu. Ancaq sonrakı əsrlərdə çöl köçəri tayfalarının aramsız hücumları və bunun nəticəsində ticarət yollarının dəyişməsi Kiyev dövlətini də zəiflətdi. 12-ci əsrin sonunda Qalitsiya və Volnı knyazlıqlarının birləşməsi nəticəsində Qalitsiya-Volnı adında ittifaq yaranır.
11-12-ci əsrlərdə Moskva və digər knyazlıqlar parlamağa başladı. 1240-cıi il monqol yürüşləri nəticəsində Kiyev ağır zərbə alır. Buna baxmayaraq, 13-cü əsrdə Kiyev Bizansın təsiri ilə yenidən inkişaf edir, mədəniyyət çiçəklənir.
14-cü əsrdə Ukrayna ərazisi 3 böyük dövlət arasında bölünmüş vəziyyətdə olur. Bunlar Qızıl Orda, Polşa krallığı və Böyük Litva Knyazlığı idi. 1380-ci ildə Litva Knyazlığı və Polşa Qalitsiya və Volnını öz aralarında bölürlər. Litva Volnı, Polşa isə Qalitsiyaya sahiblənir.
1475-ci ildə Qızıl Orda Xanlığının dağılmasının ardınca Krım Xanlığı Osmanlı vassallığını qəbul edir. Bununla da Krım və Ukraynanın cənub əraziləri uzun müddət Osmanlı İmperiyasının ərazisi olur.

1569-cu ildə imzalanmış Lyublin müqaviləsinə əsasən, Polşa və Litva Knyazlığı birləşərək Reç-Pospolita dövlətini yaradır və Ukrayna ərazilərinin böyük hissəsi bu dövlətin tərkibində olur.
1648-ci ildə kazaklar üsyan edərək Polşadan ayrılır və 1649-cu ildə Boqdan Xmelnitskinin rəhbərliyi ilə Kazak Getmanlığı yaradılır. Ancaq bir neçə ildən sonra Getmanlıq Rusiya və Polşa arasında bölünür. 1654-cü ildə Pereyaslav müqaviləsinə əsasən, Ukrayna kazak Getmanlığı Rus çarlığının tabeliyinə keçib. 1667-ci ildə imzalanmış Andrusova müqaviləsinə əsasən, Dnepr çayının sağ (qərb) sahili – Kiyev şəhəri istisna olmaqla – Polşaya, sol (şərq) sahili isə Kiyevlə birlikdə Rusiyanın tərkibinə daxil edilir.
Ancaq bu zaman vəziyyətlə barışmayan ukraynalılar üsyan edərək Petro Doroşenkonun rəhbərliyi altında və Ukraynanın bölünməsindən narazı qalan Osmanlı dövlətinin də yardımı ilə müharibə uğurla nəticələnir və 1672-ci ildə ölkəni 25 ilə yaxın bir zaman ərzində vahid dövlətdə birləşdirir.
Yeri gəlmişkən, ilk dəfə “Ukrayna” sözü də qədim slavyan dilində “sərhəd ölkəsi” mənasında məhz 1672-ci il sazişində istifadə olunur.
Ancaq Doroşenkonun qələbəsi uzun sürmür. Sağ sahildə baş verən dağıntılar və aclıq əhalinin torpaqları tərk etməsi ilə nəticələndi. 1681-ci il 3 yanvarda Osmanlı ilə Rusiya arasında imzalanmış Baxçasaray müqaviləsinə əsasən, Dnepr və Dnestr çayları arasındakı ərazi Osmanlı hakimiyyətində qalır, Rusiya isə Kiyevlə birlikdə şərq sahili Ukraynanı ələ keçirir.

Osmanlı hakimiyyətinin Avropada zəifləməsindən sona 1699-cu ildə Polşa yenidən Podoliya ərazisini ələ keçirdi. Şərq sahili isə Getman Mazepanın dövründə xeyli güclənsə də, Birinci Pyotra qarşı müharibədə İsveç kralı ilə ittifaq quran Mazepa məğlub olur və Moldovaya qaçır.
1764-cü ildə isə İkinci Yekaterina Getmanlığı ləğv edərək Ukrayna ərazisini tamamilə Rusiya İmperiyasına birləşdirir. 1775-ci ildə isə kazakların Zaporojiye Seçi Rusiya ordusu tərəfindən dağıdılır. Eyni zamanda 1786-cı ildə Ukrayna Milli Kilsəsi ləğv olunaraq Moskvaya tabe etdirilir.
Polşa hakimiyyəti dövründə Dneprdən qərbdəki Ukrayna torpaqlarında inkişaf zəifləyir. Eyni zamanda Polşanın təsiri ilə katoliklik daha da inkişaf edir. 19-cu əsrdə isə Qərbi Ukrayna Avstriya-Macarıstan İmperiyasının tərkibinə daxil edilir. Krım xanlığına isə 1783-cü ildə Rusiya İmperiyası tərəfindən son qoyulur. Birinci Dünya Müharibəsi zamanı Ukrayna Rusiya və Avstriya-Macarıstan İmperiyası arasında əsas müharibə meydanına çevrilir.
1917-ci ildə Çar Rusiyasında baş verən inqilabdan dərhal sonra Kiyevdə Ukrayna Mərkəzi Radası və daha sonra Ukrayna Xalq Respublikası yaradılır. Ancaq ilk dövrdə Rusiya tərkibində muxtariyyət tələb edən Ukrayna siyasətçiləri 1918-ci il yanvarın 22-də müstəqil Ukrayna müstəqilliyin elan edir. Lakin bolşevik qüvvələri bu dövrdə Kiyevi işğal etsələr də, Brest-Litovsk sülhündən sonra apreldə Kiyevi tərk etməyə məcbur olur. Aprelin 22-də isə Almaniyanın dəstəklədiyi qüvvələr çevriliş edərək Rada hakimiyyətini ləğv edir. Ancaq Pavlo Skoropadskinin hakimiyyəti uzun davam etmir, Almaniyanın müharibədə məğlubiyyətindən sonra Ukrayna Milli İttifaqı yenidən hakimiyyətə gəlir. 1919-cu il yanvarın 22-də iki – Qərbi və Şərqi Ukraynanın birləşməsi barədə qərar qəbul olunsa da. bu proses faktiki olaraq reallaşmır.
 
Qərbi Ukraynanın bir hissəsi Polşa, Rumıniya və Çexoslovakiyanın tərkibinə daxil edilir. Bolşeviklər isə Şərqi Ukraynanı ələ keçirib sovet hakimiyyəti qurur. 1921-ci ildə imzalanmış Riqa müqaviləsinə əsasən, Şərqi Ukraynada sovet hakimiyyəti qurulur, qərb əraziləri (Qalitsiya və qərbi Volna) isə Polşada qalır.
1939-cu ildə Almaniyanın Polşanı işğal etməsindən sonra SSRİ qüvvələri Qalitsiya və qərbi Volnıya ordu yeridərək buranı (Molotov-Ribbentrof paktı – K.R.) SSRİ-yə qatdı. 1941-ci ildə Almaniya Ukraynanı işğal etsə də 1943-cü ildə Stalinqrad müharibəsindən sonra Ukrayna azad edilir və tədricən irəliləyən sovet ordusu digər əraziləri azad edir. 1944-cü ildə Ukrayna tamamilə nasist işğalından azad edilir. ancaq müharibə zamanı 5 milyon ukraynalı ölür, 700 şəhər və 28 min kənd xaraba qalır.
1945-ci ildə Qalitsiya və qərbi Volnı, Şimali Bukovina, daha sonra Macarıstan və Çexiyadan alınan Zakarpatiya Ukraynaya birləşdirildi və Ukrayna BMT-nin üzvü seçildi. 1954-cü ildə isə Ukraynanın Rusiyaya birləşdirilməsinin 300 illiyi münasibətilə Krım Ukraynaya birləşdirildi.
16 iyul 1990-cı ildə Ukrayna suverenliyini, 24 avqust 1991-ci ildə isə müstəqilliyini elan edir. 991-ci il dekabrın 1-də keçirilən referendumda Ukrayna əhalisinin böyük əksəriyyəti – 90 faiz seçici - müstəqilliyə səs verdi. Referendumla üst-üstə düşən seçkidə ölkənin ilk prezidneti Kravçuk seçildi.
 
1992-ci ilin mayında Ukrayna Strateji Silahların Azaldılması müqaviləsini (START-1) - Lissabon Protokolunu imzaladı. 1994-cü ilin yanvarında isə ABŞ, Rusiya və Ukrayna üçtərəfli nüvə silahının ləğvi müqaviləsini imzaladı. Bu müqaviləyə əsasən, Ukrayna ərazi bütövlüyü və təhlükəsizliyinə zəmanət qarşılığında nüvə başlıqlarını ləğv etməyi öhdəsinə götürürdü. Bununla da Ukrayna təhlükəsizlik üçün əsas təminatdan imtina etmiş oldu.
Ukrayna əhalisinin 67 faizi pravoslav xristian, 11 faizi heç bir dinə mənsub olmayanlar, 9 faizi katolik, 7 faizi xristian (məzhəb göstərilmədən), 1 faizi protestant, 1 faizi müsəlman, 1 faizi yəhudi və yerdə qalan digər dinlərin təmsilçiləridir.
Ölkədə ən qatı dindarlıq 76 faizlə mərkəzdə, 71 faiz cənub, 63 faiz şərq regionlarındadır. Ən aşağı dindarlıq isə 57 faizlə qərb regionundadır. Ən güclü dini mərkəz əhalinin 14,9 faizinin bağlı olduğu Ukrayna Pravoslav Kilsəsidir. İkinci yerdə isə 10,9 faizlə Moskva Patriarxlığıdır.
Göründüyü kimi, Ukrayna zəngin və keşməkeşli tarixə malik bir xalqdır. Uzun bir tarixi dövr boyunca işğallar, qanlı müharibələr yaşamış bu ölkənin zəngin dövlət ənənələri, şanlı mübarizə tarixi var. Bu ölkəni vahid bir millətə, bir dinə - məzhəbə - aid etmək olmaz.
Kənan RÖVŞƏNOĞLU
Oxşar xəbərlər