Dünya niyə silahlanır? Azərbaycan və Ermənistan hərbi büdcələrini niyə artırır?

  • 21 yan 2022, 20:45

Pandemiya təhlükəsinin ortaya çıxdığı 2020-ci ildə bir çox şirkətlərin maliyyə itkisi ilə üzləşməsinin fonunda iri hərbi sənaye müəssisələrinin gəlirinin artdığı müşahidə olunub.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) ötən ilin dekabrında yaydığı hesabata əsasən, qlobal müdafiə sektorunda təmsil olunan ən böyük 100 şirkətin 2020-ci ildə ümumi gəliri 531 milyard dollar təşkil edib.

Bu isə 2019-cu illə müqayisədə 1,3 faiz, 2015-ci illə müqayisədə isə 17 faiz çoxdur.

Qurumun tədqiqatçıları hesab ediblər ki, şirkətlərin mənfəətində müşahidə olunan artım ölkələr üzrə hərbi avadanlıqlara tələbatın artmasından irəli gəlib.


Beynəlxalq Strateji Araşdırmalar İnstitutu isə hesab edir ki, silah istehsalının artması ötən bir neçə il ərzində silahlı münaqişələrin çoxalmasına səbəb olub.

Qurumun münaqişə və təhlükəsizlik üzrə tədqiqatçısı Benjamin Petrini BBC News Azərbaycancaya müsahibəsində deyib ki, 2019-2020-ci illərdə silahlı münaqişələrin sayı 1946-cı ildən bəri ən yüksək həddə çatıb.

"Buna əsas səbəb üçüncü tərəf hesab edilən güclü ölkələrin münaqişələri siyasiləşdirməsidir. Həmin dövlətlər arasında ciddi maraq toqquşmasının olduğunu nəzərə alsaq, kiçik münaqişələrin böyük müharibəyə çevrilməsi mümkündür," - tədqiqatçı qeyd edib.


Benjamin Petrini Rusiya və NATO, eləcə də ABŞ və Çin arasında birbaşa toqquşmaların olmasını istisna etmədiklərini bildirib.

Hərbi büdcələrini artıran ölkələrin ikisi Cənubi Qafqazdadır - Ermənistan və Azərbaycan bu tendensiyanı 2-ci Qarabağ müharibəsindən sonra da davam etdirir.


Azərbaycan və Ermənistan hərbi büdcələrini niyə artırır?

2020-ci ildə baş verən 44 günlük müharibədən sonra sülh prosesində maraqlı olduqlarını deyən Azərbaycan və Ermənistan hökumətləri bu ilin dövlət büdcəsində müdafiə xərclərini artırıblar.

Rəsmi Yerevan növbəti il üçün hərbi büdcəsini 11 faiz genişlədərək 640 milyon dollardan 710 milyon dollar həddinə çatdırıb.

Azərbaycan isə müdafiə xərclərini 14 faiz böyüdərək 2.65 milyard dollara yüksəldib.

Bundan əlavə, hər iki ölkə yerli silah istehsalının artırılmasına da qərar verib.

Bakı, Rusiya və Yerevan arasında imzalanmış 10 Noyabr razılaşmasını "kövrək sülh sazişi" adlandıran Arda Mevlütoğlu üçün müharibədən sonra hərbi büdcənin artırılması gözlənən olub.

"44 günlük müharibə zamanı Ermənistan həm canlı qüvvə, həm də hərbi texnika baxımından ciddi itkilər verdi. İndi rəsmi Yerevanın ölkənin təhlükəsizliyini təmin etmək və Azərbaycana qarşı öz maraqlarını qorumaq üçün güclü silahlı qüvvəyə ehtiyacı yaranıb. Ona görə də, Ermənistanın müdafiə büdcəsini artırmasını bir növ hərbi restavrasiya kimi qiymətləndirmək olar," - bildirib.

Arda Mevlütoğluya görə, Azərbaycan da müharibə zamanı hərbi arsenalında müasir silahlar azaldığı üçün xərclərini artırmaq və bu itkini kompensasiya etmək ehtiyacı hiss edib.

"Bununla belə, Azərbaycan işğaldan azad edilən ərazilərdə hərbi kontingentini yaratmaqla yanaşı, hərbi infrastruktur məsələlərini də həll etmək istəyir. Bu isə əlavə xərc tələb edir," - deyə ekspert vurğulayıb.

Hərçənd hər iki ölkə müdafiə xərclərini artırsalar da, İkinci Qarabağ müharibəsindən sonra tərəflər daha çox bölgədə təhlükəsziliyin və regional əməkdaşlığın zərurliyini qabartmağa və bu istiqamətdə addımlar atmağa çalışırlar.

ABŞ döyüş təyyarəsiŞƏKLİN MƏNBƏYİ,ABŞ MÜDAFIƏ DEPARTAMENTI
Şəklin alt yazısı,SIPRI-nin araşdırmasına görə, hərbi sənaye bazarında ilk yeri ABŞ şirkətləri tutur

Silah satışında hansı ölkələr liderdir?

SIPRI-nin araşdırmasına görə, hərbi sənaye bazarında ilk yeri ABŞ şirkətləri tutur.

Qlobal silah sektorunda 100 nəhəng müəssisədən 41-i, ümumi gəlirlərin isə 54 faizi bu ölkənin payına düşür. Həmin şirkətlərin ötən ilki gəliri 285 milyard dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə təxminən 2 faiz çoxdur.

Çin orduŞƏKLİN MƏNBƏYİ,ENG.MOD.GOV.CN
Şəklin alt yazısı,İlk 100-lükdə 13 şirkətlə təmsil olunan Çinin silah satışından gəlirləri 67 milyard dollar civarında olub

İkinci yerdə Çin gəlir.

İlk 100-lükdə 13 şirkətlə təmsil olunan Çinin silah satışından gəlirləri 67 milyard dollar civarında olub.

Bu isə 2019-cu illə müqayisədə 1,5 faiz çoxdur.

SIPRI hesab edir ki, yerli silah istehsalçılarının gəlirlərində müşahidə olunan artım Çin hökumətinin həyata keçirdiyi hərbi modernləşdirmə proqramlarından qaynaqlanır.

Avropa ölkələrindən isə ümumilikdə 26 şirkət ilk 100-lüyə daxil ola bilib.

Əsasən Böyük Britaniya, Fransa və Almaniyaya məxsus şirkətlər qrupda ümumi silah satışının 21 faizni öz əlində cəmləşdirib ki, bunların da birgə gəliri 109 milyard dollar təşkil edib.

Rus sülhməramlılarıŞƏKLİN MƏNBƏYİ,TASS
Şəklin alt yazısı,Rusiya sülhməramlıları Qarabağda

Rusiyanın silah satışı azalıb

Rusiya isə silah satışında ardıcıl olaraq üçüncü ildir ki, geriləyir.

İki il əvvəl silah satışından təxminən 28 milyard dollar gəlir götürən rusiyalı istehsalçılar keçən il təxminən 26 milyard dollar qazanıblar.

SIPRI-nin tədqiqat komandası Rusiyanın silah gəlirlərində müşahidə olunan itkiləri 2011-2020-ci illəri əhatə edən dövlət proqramının bitməsi, eləcə də pandemya səbəbindən daşınmada yaşanan fasilələrlə əlaqələndirib.

Bundan əlavə, Hindistana da silah satışı 53 faiz azalıb və bu da Rusiyanın gəlirlərinə təsir edib.

Növbəti illərdə maliyyə itkilərini kompensasiya etməyi hədəfləyən Rusiya müəssisələri silah satışlarını şaxələndirməklə, dövlət siyasəti çərçivəsində mülki satışın həcmini 2025-ci ilə qədər 30 faiz, 2030-cu ilədək isə 50 faiz artırmağı düşünür.

Bu ölkələrlə yanaşı, İsrail, Yaponiya və Cənubi Koreya şirkətləri də 100-lüyə daxil ola bilib.

Hansı silahlara maraq artıb?

Koronavirus pandemiyasının davam etdiyi müddətdə qlobal silah bazarına yeni oyunçular daxil olub.

Bura hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları və qırıcı təyyarə istehsalçıları daxildir.

2020-ci ildə Türkiyə və Rusiya arasında Liviya uğrunda gedən mübarizə və Qarabağ müharibəsində dronlardan istifadə olunması istehsalçılar arasında bu sahəyə marağı daha da artırıb.

Ən çox hansı ölkələr silah alır?

2020-ci ildə dünyanın ən böyük silah alıcıları Səudiyyə Ərəbistanı və Hindistan olub.

Qlobal silah tranferinin 42 faizi Asiya və Okeaniya ölkələrinin payına düşüb.

Son bir ildə ABŞ istehsal etdiyi silahların 47 faizini Yaxın Şərq ölkələrinə ixrac etdiyi halda, Rusiya və Çinin ən böyük silah bazarı yarımsəhra Afrika ölkələri olub.

Benjamin Petrininin fikrincə, bu statistika əslində nəhəng istehsalçı ölkələrin münaqişələrə müdaxiləsini sübut edir: "Son illər bu cür müdaxilələrin artdığını görürük. Bu isə donmuş münaqişələrin daha aktiv fazaya keçməsinə gətirib çıxarır," - o, BBC Azərbaycancaya deyib.

Hərbi analitik Arda Mevlütoğlu bu tendensiyanın ölkələr arasında müdafiə strategiyasını dəyişdirdiyini deyir:

"Son illər ölkələrin üzv olduqları beynəlxalq hərbi alyanslarla yanaşı, regional hərbi paktlar yaratması da məhz bu amildən qaynaqlanır. Hətta eyni hərbi ittifaqda yer alan ölkələr arasında da ziddiyyətlərin olduğunu müşahidə edirik".

Ekspert buna misal olaraq, Böyük Britaniya, ABŞ və Avstraliyanı birləşdirən və Fransanı kənarda saxlayan AUKUS razılaşmasını, eləcə də Türkiyəni qıcıqlandıran Fransa-Yunanıstan yaxınlaşmasını göstərib.

AUKUS razılaşması Böyük Britaniya, ABŞ və Avstraliyanın birgə müdafiə paktıdır, özünün müdafiə sistemini yaratmağa çalışan Avropa İttfaqının üzvü olduğundan Fransa bu qrupda yer almayıb.

Hərbi fəallığın artdığı regionlar

Ən böyük hərbi fəallıq Cənubi Çin dənizi, Yaxın Şərq, Şərqi Avropa və yarımsəhra Afrika regionlarında qeydə alınıb.

Adı çəkilən ərazilər 2020-2021-ci illərdə həm də daha çox hərbi təlimlərin keçirilməsi ilə diqqət çəkib.

Ümumdaxili məhsul göstəricisi, eləcə də hərbi potensialı güclü olan ölkələrlə yanaşı, yuxarıda qeyd olunduğu kimi, Azərbaycan və Ermənistan kimi kiçik dövlətlər də silahlanmaya böyük maraq göstərib. /bbc.com/

Oxşar xəbərlər