Tehran-İrəvan YOLU və İranın “qırmızı xətti"- Artıq keçdi o dövran!

  • 29 avq 2021, 11:54
Azərbaycanın İrandan Qarabağa gedən yükləri yoxlamaq imkanı yaranır
Avqustun 25-də Azərbaycan hərbçiləri tərəfindən suveren ərazilərimizdən keçən Gorus-Qafan yolunun bir hissəsinin bağlanması ətrafında hay-küy davam edir. İlk olaraq, erməni tərəfi Azərbaycanı üçtərəfli razılaşmanı, eləcə də bölgədəki erməni əhalisinin hüquqlarını pozmaqda günahlandırır, mülki əhaliyə aid yüzlərlə avtomobilin yollarda qaldığını bəyan edirdi.
Lakin günlər keçdikcə, bütün bu hay-küyün sadəcə, həmin bölgədə yaşayan erməni əhalisinin narahatlığı ətrafında olmadığı üzə çıxır. Burada İrəvan üçün daha əhəmiyyətli məqam odur ki, bu yol həm də hazırda Ermənistanı İranla birləşdirən yeganə işlək avtomobil yoludur. 
Məlumat üçün bildirək ki, bu yola alternativ olaraq, ermənilərin Sisian adlandırdığı Qarakilsə-Meğri yolu da var. Lakin 68 kilometrlik bu yolun 43 kilometri olduqca bərbad durumdadır və erməni ekspertlərin də dediyi kimi, oradan nəinki minik, heç yük maşınları da istifadə edə bilməz. Ermənistanınsa bu “basabasda” həmin yolu inşa etməyə nə gücü nə də iqtisadi imkanları var.

Azərbaycanın öz suveren hüquqlarından istifadə edərək, Gorus-Qafan yolunu nəzarətə alması Ermənistanı həmişə özünə arxa-dayaq hesab etdiyi İrandan təcrid etmiş olur. Artıq İran və erməni şirkətləri, yükdaşıyıcıları, dövlət, hökumət strukturları əl-ayağa düşüblər. 
Sosial şəbəkələrdə və mətbuatda yayılan videolardan görünür ki, sözügedən yolun bağlanmasından keçən cəmi 1-2 gün ərzində həmin ərazinin girişində İranın yüzlərlə yük maşını ilişib qalıb. Ərazidə qısa müddətdə bu qədər avtomobilin toplaşması bir daha İranın Ermənistanı ayaqda saxlamaq üçün göstərdiyi çabaların miqyasını ortaya qoyur. Bəlkə də eyni situasiya Azərbaycanda yaransaydı, İranla sərhədə bu qədər yük maşını yığışmazdı. Bu, həm də Ermənistanın Azərbaycandan qat-qat zəif iqtisadiyyata, dəfələrlə az əhaliyə malik olmasına baxmayaraq, İranın özünün bu “əziz və dost” qonşusuyla necə sıx iqtisadi və digər əlaqələr qurmasından, onu dəstəkləməsindən xəbər verir.
Təbii ki, bütün bunlar İranın və Ermənistanın suveren hüquqlarıdır, nə qədər istəsələr dostlaşa, qucaqlaşa bilərlər. Lakin hər iki ölkə zəhmət çəkib Azərbaycanın suveren sərhədlərinə hörmət göstərməlidirlər.

44 günlük müharibədən bir qədər sonra İranın Xarici İşlər naziri Cavad Zərif erməni həmkarı ilə görüşündə “Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir” demişdi. Hansı ki, bu ifadə İran tərəfindən Azərbaycana münasibətdə heç vaxt işlədilməmişdi. İndi də Azərbaycanın ərazi bütövlüyü Azərbaycanın qırmızı xəttidir! Və istər Ermənistan, istər İran, istərsə də digərləri bu xəttə hörmət edəcəklər!
Xatırladaq ki, Ermənistan tərəfi Gorus-Qafan yolu ilə bağlı üçtərəfli razılaşmanın olduğunu qeyd edir və Azərbaycanı həmin razılaşmanı pozmaqda ittiham edir. Lakin İrəvan digər üçtərəfli sazişləri və Ermənistanın onları necə pozduğunu, hələ də qoşunlarını Qarabağda saxladığını, Zəngəzur dəhlizilə bağlı bəndi və digər razılaşmaları yerinə yetirməkdən yayındığını görməzdən gəlir. Bir növ özünün əməl etmədiyi razılaşmaların Azərbaycan tərəfindən yerinə yetirilməsini istəyir.
Digər yandan, razılaşma olubsa da, bu, Azərbaycan, Rusiya və Ermənistan arasında olub. Deməli, şərti olaraq həmin yolda hərəkətə icazə verilibsə də, burada hərəkət edənlər yalnız bizim icazəmizlə Ermənistanın mülki əhalisinə aid avtomobillər ola bilər. Bəs İranın yük maşınları, avtobusları orada nə gəzir?

Faktiki olaraq, bu maşınlar həmin yolda hərəkət edərkən Azərbaycan ərazisinə daxil olur, onlarla kilometr məsafəni qət edir və yenidən Ermənistana daxil olur. Deməli, bunun üçün Azərbaycandan rəsmi icazə alınmalıdır. Gərəkərsə, hətta həmin ərazidə sərhəd və gömrük postları qoyula bilər ki, İranın və digər xarici ölkələrin yük maşınları və vətəndaşları digər sərhəd məntəqələrimizdə olduğu kimi yalnız lazımi prosedurları, yoxlamaları keçdikdən və müvafiq rüsumları ödədikdən sonra həmin yolla ölkəmizə daxil olsunlar və sonra da onu tərk etsinlər.
Məsələ ondadır ki, bu yük maşınlarının bir çoxu sonradan Laçın dəhlizi ilə qanunsuz olaraq Qarabağa girirlər. İrandan Qarabağa və İrəvana həmin yük maşınlarında nələr daşındığını bilmirik. Unutmayaq ki, 44 günlük müharibədə Tehranın Ermənistana tırlarla silah göndərdiyinə dair müxtəlif məlumatlar yayılmışdı. İndi kim təminat verir ki, həmin proses yenə də davam etmir?
Deməli, imkan yaranır ki, suveren hüquqlarımızdan istifadə edərək, Gorus-Qafan yolunun bizim ərazimizdən keçən hissəsindən daşınan yüklərə nəzarət edək, onları yoxlayaq. Yoxsa, bu da 30 illik işğal dövrü deyil, İran artıq adət etmişdi - istədiyi yerdə sərhədimizi keçirdi, Qarabağın bu başından girib, o biri başından çıxırdı, istədiyini daşıyırdı, istədiyi yerdə istədiyi obyekti tikirdi və s. Artıq keçdi o dövran...
Cəlal Məmmədov
“AzPolitika.info”
Oxşar xəbərlər