“Taliban”a görə “İŞİD”lə “Əl-Qaidə” xortlaya bilər

  • 24 avq 2021, 09:21

Azərbaycandan Əfqanıstana gedənlər olacaqmı; ekspertlərdən açıqlama

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması təslim olmayan sonuncu ərazini - Pəncşir vilayətindəki müqavimət qüvvələrini mühasirəyə alıb. “Yeni Müsavat” xəbər verir ki, “Taliban” məsələni sülh yolu ilə nizamlamağa çalışır. Pəncşirdə Əhməd Məsud və vitse-prezident Əmənulla Salehin müqavimət qüvvələri mübarizə üçün toplaşıblar. Ən mürəkkəb relyefə malik əyalət - 140 mindən çox əhalisi olan Pəncşir Kabildən çox da uzaqda deyil. Pəncşir ölkədə taliblərin nəzarətinə keçməyən yeganə əyalətdir. “Taliban”, hətta 1990-cı illərdə Əfqanıstanda ilk dəfə hakimiyyəti ələ keçirərkən buna nail ola bilməyib. Ona görə əyalət coğrafi mövqeyi baxımından strateji əhəmiyyətə malikdir.
Xəbərlərə görə, “Taliban” qüvvələri Pəncşir vadisinin girişində ağır itki veriblər və 300-ə yaxın döyüşçü itiriblər. Bir qrup talibin əsir götürüldüyü bildirilir. Lakin şah Məsudun oğlu Əhməd Məsudun çox uzunmüddətli müqavimət immuniteti görünmür. Artıq dünyanın nəhəng ölkələri belə “Taliban”a əl uzadırlar və belə şəraitdə dəstəksiz qalacaqsa, Pəncşirin dirənişi çox çəkməyəcək. “Taliban” Əfqanıstan prezidenti Əşrəf Qani və vitse-prezident Əmrulla Saleh haqqında da amnistiya elan edib. Bunu hərəkatın yüksək vəzifəli lideri Xəlil ur Rəhman Hakkani Pakistanın Geo TV telekanalına bildirib. “Onlar istəsələr, ölkəyə qayıda bilərlər. Biz öz tərəfimizdən bizə qarşı döyüşmüş generaldan tutmuş adi insana qədər hamını bağışlayırıq. Əfqanıstan rəhbərliyi ilə bizim aramızda düşmənçilik yalnız dinlə bağlı olub”, - deyə o bildirib. 
Bu arada isə ABŞ-ın müdafiə naziri Lloyd Austin amerikalılar və əfqanları Kabildən çıxarıldıqdan sonra çatdırıldıqları təhlükəsiz yerlərdən aparmaq üçün ABŞ-ın altı hava yolları şirkətinə məxsus 17 sərnişin təyyarəsindən istifadəsinə göstəriş verib. Son 30 ildə üçüncü dəfədir ki, ABŞ orduya yardım üçün sərnişin təyyarələrindən istifadə edir. Böyük Britaniya müdafiə naziri Ben Vallas isə deyib ki, Türkiyə və Pakistanda Əfqanıstandan olan miqrantlar üçün qaçqın düşərgəsi yaratmağı planlaşdırırıq. O bildirib ki, sözügedən ölkələrdə miqrasiya mərkəzləri yaradılacaq. Nazir əlavə edib ki, 31 avqustdan öncə heç bir ölkənin Əfqanıstandan təxliyəsi tamamlanmayacaq. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Birliyi Şurası rəhbəri Şarl Mişellə telefon söhbəti zamanı ölkəsinin daha miqrant qəbul edə bilməyəcəyini bildirmişdi.
Əfqanıstandakı Britaniya qoşunlarının keçmiş komandanı polkovnik Riçard Kamp söyləyib ki, prezident Baydenə impiçment edilməməlidir: “O, əslində taliblərə təslim olan ABŞ ordusunun baş komandanıdır. Amerika Birləşmiş Ştatları və silahlı qüvvələrinə xəyanət etdiyi üçün hərbi tribunal qarşısında çıxış etməlidir”.
Yeri gəlmişkən, “Taliban tezliklə ölkənin yeni hökumətinin tərkibini açıqlayacaq. Təşkilatın nümayəndəsi Zabiulla Mücahid deyib ki, Əfqanıstanın aparıcı siyasətçiləri ilə sıx təmasdayıq, kifayət qədər səmərəli dialoq aparılır.
Beləliklə, gözümüzün qarşısında, XXI əsrdə marginal qüvvə kimi tanınan taliblər siyasi hakimiyyətə təkbaşına yiyələniblər. Onlardan fərqli olaraq, Yaxın Şərqin qorxunc terrorçu qruplaşması İŞİD geri çəkildi, “Əl-Qaidə arxivə qovuşdu, ”Taliban" iqtidara gəldi. Ancaq bu qələbə Yaxın Şərqdə silahlı təşkilatları ruhlandıra bilər. Hətta İŞİD və “Əl-Qaidə”nin dirçəlməsini istisna etməyənlər var.
Sabiq MTN polkovniki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a qeyd etdi ki, bir neçə il qabaq dövlət olmayan İŞİD yaranmışdı: “Hamı deyirdi ki, onun dünyaya təsiri olacaqmı? Amma təsir elə böyük oldu ki, hətta Azərbaycandan rəsmi rəqəmlərə əsasən, 900 adam bu terrorçu birləşməyə qoşuldu. Bu azmış kimi, Azərbaycanı hədələdilər, terror baş verməsə də, gərgin günlər yaşatdılar. Təsəvvür edin, İŞİD qondarma dövlət idi, bu isə BMT tərəfindən tanınan Əfqanıstandır və ölkəni silahlı dəstə idarə edir".
İlham İsmayıl: Qarabağ savaşının "Mixaylo"su - Bayrağa qurban gedənlər...
İlham İsmayıl: “İŞİD və “Əl-Qaidə”nin gizlənmiş dəstələri birləşəcəklər, Azərbaycandan ailəsi ilə Əfqanıstana gedənlər olacaq, necə ki, Suriyaya getmişdilər"
İ.İsmayılın fikrincə, Əfqanıstanda müəyyən məzhəb davası olacaq, ikinci və üçüncü ölkələr bir-birinə qarşı talib variantından istifadə edirlər: “Yəni radikal qruplar Azərbaycanda olub. Məsələn, sən çadra haqda fikrini yazırsan, sosial mediada ajiotaj yaranır. Mənə elə gəlir ki, Azərbaycandan ailəsini götürüb Əfqanıstana gedənlər də olacaq. Necə ki, İŞİD yarananda ailəsi ilə birgə İraq və Suriyaya getmişdilər. Əslində qoy getsinlər, azalsalar yaxşıdır. Amma fakt budur ki, özlərinə tərəfdaş axtarırlar, ideoloji iş aparırlar. Əgər “Taliban” keçici bir təşkilat olsaydı gündəmdə bu qədər qalmazdı. Bu isə Əfqanıstanda dövləti və hakimiyyəti ələ alıb, bəzi dövlətlər də ondan qlobal qarşıdurmada istifadə edir, yönləndirirlər".
Ramiyə Məmmədova: “Sanksiyalar Türkiyəyə ziyan vura bilər”
Ramiyə Məmmədova: “Silahlı təşkilatların fəallaşması, Əfqanıstana dayaq nöqtəsi kimi baxması mümkündür, amma ”Taliban"la İŞİD yola getmir"
Ekspertin sözlərinə görə, Əfqanıstanın içində vətəndaş müharibəsi davam edəcək: “Həmin toqquşmalar nəticəsində İŞİD və “Əl-Qaidə”nin qaçıb dağılmış, gizlənmiş dəstələri birləşəcəklər. Ümumiyyətlə, kimlərsə fikirləşir ki, taliblər dəyişib, amma elə deyil, “Taliban” dəyişməyib. Onlar yenə küçədə qadını istədikləri geyimdə görməyəndə öldürürlər. Bu rejim belədir. Amma Azərbaycanda əməliyyat şəraiti yenilənib, bizim əməliyyatçılar çox peşəkardırlar və əminəm ki, bu cür təhlükələrin qarşısını alacaqlar".
Siyasi təhlilçi Ramiyə Məmmədovanın sözlərinə görə, Yaxın Şərqdə radikal ekstremist silahlı təşkilatların fəallaşması mümkündür: “Hətta onların ”Taliban"a və Əfqanıstana bir dayaq nöqtəsi, qərargah kimi baxması da gözləniləndir. Çünki İŞİD Mosulu götürəndə oxşar presedent yaranmışdı və müəyyən stimul vermişdi. İndi “Taliban” dövləti idarə edəcək və bu da əlbəttə ki, “Əl-Qaidə” üçün həvəsləndirici ola bilər. Amma unutmayaq ki, “Taliban” İŞİD-lə yola getmir, hətta onlara qarşı döyüşüblər, burada məzhəb fərqi var. Ona görə güman etmirəm ki, İŞİD  üçün yeni dövr başlasın. Üstəlik, bu cür terrorçu şəbəkələri dirildən və idarə edən beynəlxalq güclərdir, onların dirijor çubuğu hərəkətlənəndə, “başla” əmri alanda fəallaşırlar".
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
Oxşar xəbərlər