Ermənistanın “sorosçu” baş naziri devriləcəkmi?

  • 19 dek 2020, 09:58

Müharibə vaxtı isti divanlarda oturanlar “sorosçu” baş naziri devirə biləcəklərmi? Rusiyalı ekspert: “Yaxşı olardı ki, müxalifət öz tərəfdarlarını mitinqlərə deyil, iməciliyə çıxaraydı”; Ermənistan iqtisadiyyatında şok həddə kiçilmə gözlənilir...

II Qarabağ savaşındakı rüsvayçı məğlubiyyətin ardınca Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etirazların daha bir həftəsi nəticəsiz başa çatır. Əsas səbəbb əlbəttə ki, 2018-ci ilin yazındakı kimi, geniş xalq kütlələrinin aksiyalara güclü dəstək verməməsi, ona maraq göstərməməsidir. Bu da o anlama gəlir ki, erməni xalqı hakimiyyət dəyişikliyinin onun həyatında müsbətə doğru kardinal dönüş yaradacağına inanmır.
Başqa sözlə, nümayişlərə rəhbərlik edənlərin “yeni Ermənistan” yaratmaq potensialını toplum ciddi qəbul etmir, onların səmimiliyinə, yumşaq desək, şübhə edir. Daha dəqiqi, sadə ermənilərin əksəriyyəti başa düşür ki, dava Ermənistan uğrunda, onun gələcəyi, xilası uğrunda yox, hakimiyyət və kreslolar uğrundadır - həmişəki kimi.
Ermənistana isə bu dəqiqə hökumət dəyişikliyi deyil, ən əvvəl milli şüurda köklü - 180 dərəcə dəyişiklik lazımdır ki, bəlkə yalançı ideallardan, Türkə nifrətdən qurtulub da o, nicat yoluna çıxa bilsin. Yoxsa “toplananların yerini dəyişəndə cəm dəyişməyəcək”. Buna az sonra düşmən ölkənin xalqı, hamı bir daha əmin olacaq.
***** 

 İqor Korotçenko 
“Yaxşı olardı ki, müxalifət Ermənistanda öz tərəfdarlarını mitinqlərə deyil, iməciliyə çıxaraydılar. İrəvan meriyasının planına əsasən ictimai işlərdə pulsuz işləyərdilər. Küçələri süpürər, evlərin fasadlarını təmizləyərdilər, könüllülər kimi xəstəxanalar və qocalar evlərində işləyər, ölən əsgərlərin ailələrinə kömək edərdilər”.
“Yeni Müsavat”ın məlumatına görə, bu kinayəli sözləri rusiyalı tanınmış siyasi-hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko telegram kanalında yazıb.
“Yoxsa ki, müharibə vaxtı isti divanlarda oturanlar indi Paşinyanı devirməyə çıxıblar. Məğlubiyyətə siz özünüz, hamınız cavabdehsiniz - Nikol Paşinyan başda olmaqla hamınız birlikdə. Əgər öz ağlınız yoxdursa, effektli bir dövləti necə qurmağı və döyüşə hazırlıqlı ordunu necə yaratmağı Azərbaycandan öyrənin”, - deyə Korotçenko əlavə edib.
*****

Təbii ki, Nikol Paşinyan da situasiyanın fərqindədir. Eyni zamanda, havaların getdikcə soyumasının belə, onun xeyrinə işlədiyini bilir. Həmçinin, zaman amili az rol oynamır. Çünki etirazların pik nöqtəsi artıq keçib və çətin ki, müxalifət bundan sonra onun əleyhinə yüz minlik etirazla təşkil edə bilsin. Kütləvilik isə belə hallarda mühüm şərtdir.
Bununla belə, “sorosçu” baş nazir vəziyyəti yumşaltmaq, olan-qalan narazıları da küçələrdən dinc yolla yığışdırmaq üçün öz taktikasına davam edir. Onun növbədənkənar parlament seçkilərinin mümkünlüyü ilə bağlı açıqlaması bu qəbildəndir. Aydındır ki, bununla hakim komanda həm əlavə, qiymətli vaxt qazanmaq istəyir, həm də istefa tələbini kəsərsiz etməyə çalışır. Hələ bilmək olmaz ki, erkən seçkilərdə parlaq qələbəni kim qazanacaq, ümumiyyətlə, qazanan qüvvə olacaqmı?

Naira Zohrabyan
Ermənistandakı “Çiçəklənən Ermənistan” müxalifət partiyasının nümayəndəsi Naira Zohrabyanın sözlərinə görə, “Ölkədə doğrudan da erkən parlament seçkiləri üçün hazırlıqlar gedir, ancaq bunlar Paşinyanın istefası ilə deyil, əksinə, onun öz hakimiyyətini gücləndirməklə əlaqəli olacaq”.
“Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, “Vestnik Kavkaza” portalına bildirib.
O, Paşinyanın heç vaxt könüllü istefaya getməyəcəyinə əmin olduğunu söyləyib: “Onun yanvarın 1-nə keçən gecə vəzifədən gedəcəyi barədə yayılan məlumat olsa-olsa, Yeni il zarafatıdır. Mən Nikol Paşinyanla 10 il işləmişəm və onun vəzifədən necə möhkəm yapışdığını görmüşəm. Bu səbəbdən dəqiq deyə bilərəm ki, Paşinyan nə 31 dekabrda, nə də 2 fevralda könüllü istefa verəsidir”, - deyə Zöhrabyan qeyd edib.
Onun sözlərinə görə, müxalifət Paşinyana təhlükəsiz bir istefa təklif edir, lakin o, belə bir təkliflə razılaşmır. “Nikol Paşinyan gec-tez, mütləq gedəcək. Hələ ki, biz ona bir ”humanitar dəhliz" təqdim edirik. Təəssüf ki, bu “humanitar dəhliz”dən o, istifadə etmək istəmir" deyən “Çiçəklənən Ermənistan”ın nümayəndəsi partiyasının ölkədə erkən parlament seçkilərinin hazırlanması haqda məlumatı olduğunu da söyləyib: “Nikol Paşinyanın erkən parlament seçkilərinə hazırlaşdığı barədə məlumatımız var, ilkin tarix kimi mart ayının sonu ola bilər. Ancaq onun planı bu seçkiləri saxtalaşdırmaq, hakim partiyanın qələbəsini imitasiya edib hakimiyyəti qorumaq və təzədən baş nazir seçilməkdir”.
O, opponentlərin belə bir ssenarinin gerçəkləşməsinə imkan verməyəcəyinə inandığını söyləyib. “Təəssüf ki, bu adam artıq adekvatlığını və legitimliyini itirib. Dünən (srağagün - red.) hətta küçələrə çıxan insanları o, qiyamçı adlandırdı. Bildirdi ki, bu, elitar bir qiyamdır. Burda mən onunla razıyam. Bu gün Ermənistanın bütün elitası küçələrə çıxıb, hansı ki, düşünəndir, ideya istehsal edəndir. Bu insanlar heç vaxt evlərinə getməyəcəklər - baxmayaraq ki, Paşinyan hava şəraitinin etiraz aksiyalarını davam etdirməyə mane olacağını düşünür. Ancaq o, anlamır ki, bu, hakimiyyət uğrunda yox, Ermənistan uğrunda aparılan mübarizədir”, - Zohrabyan əlavə edib.
Lakin yuxarıda vurğulandığı kimi, bu, əsla Ermənistan uğrunda, onun gələcəyi uğrunda aparılan mübarizə deyil. Bunu ən azı, “elitar müxalifət”in" radikal ritorikasından, səsləndiriyi şüarlardan və çeynənmiş tezislərdən görmək olar. Ermənistan bu yolu artıq keçib. Ən əsası, onlar ölkəni düşdüyü bu fəlakətli durumdan çıxarmaqla bağlı konkret heç bir proqrama, “Yol xəritəsi”nə malik deyilər. Demək, hakimiyyət istefa qışqıran qüvvələr üçün vasitə deyil, elə hədəfin özüdür ki var...  
*****
 
Bu arada Ermənistan iqtisadiyyatında 10%-lik kiçilmə olacağı barədə şok proqnozlar səslənməkdədir. Belə ki, erməni mediası yazıb ki, Mərkəzi Bankın 2021-ci ildə 3% aralığında iqtisadi böyümə proqnozlaşdırması yerli iqtisadçı və maliyyəçilərin sərt təpkisi ilə üzləşib.
“Mərkəzi Bankın 2021-ci ildə% 3 aralığında iqtisadi artım proqnozlaşdırır. Banka görə, bu il azalma təxminən 7,5% olacaq. Bu ciddi deyil. Ona görə ki, büdcə kəsiri artmaqdadır və hakimiyyət bu il zərərlərin yalnız 25% -ni bərpa etmək niyyətindədirlər”.

Karen Adonts 
Bu barədə iqtisad elmləri doktoru Karen Adonts məlumat verib.
“Yəni hakimiyyət geriləməni 3 il ərzində bərpa etmək niyyətindədir? Bu şərtlərdə hansı iqtisadi böyümə və investisiya haqqında danışmaq olar? Ümumiyyətlə, mən Ermənistanda iqtisadi tənəzzülün 10%-ə yaxınlaşacağını proqnozlaşdırıram”, - deyə o, news.am saytı onun sözlərindən sitat gətirib...
Şübhə yox ki, bu bəd proqnoz müharibə nəticəsində Ermənistanın aldığı ağır zərbələrlə, o sırada böyük maddi və iqtisadi itkilərlə də bağlıdır. Vəziyyəti düzəltməyin tək yolu isə qonşu Azərbaycan və Türkiyə ilə əlaqələri təcili yoluna qoyub, blokadadan çıxmaqdır. Nəyi ki, müxalifətin dilindən hələ heç kim eşitməyib. “İstefa!” qışqırmağa nə var ki...
Siyasət şöbəsi,
“Yeni Müsavat”
Oxşar xəbərlər