Tramp “fenomenal qələbə çaldıq” deyir, Bayden isə...

  • 05 noy 2020, 09:45

ABŞ-da Respublikaçıların namizədi 64 faiz səslə qalib gəldiyini söyləyir, amma Demokrat rəqibini qismən üstələyir; politoloqlardan ilkin versiyalar...

Donald Tramp özünü ABŞ-dakı prezident seçkilərinin qalibi elan edib.  Respublikaçılar yenidən ölkənin idarəetməsinə yiyələnməyə yaxındır.
Əvvəlcədən verilən proqnozlar da Trampın şanslarının daha yüksək olduğunu söyləyirdi. Onun iqtisadi siyasəti amerikalıları qane edirdi.
“Yeni Müsavat” xəbər verir ki, Tramp seçkilərin ertəsi günü Ağ Evdə çıxış edib və qələbə qazandığını böyük bir şəstlə, arxayınlıqla bildirib.
Sitat: “Fenomenal nəticələr əldə etmişik! Kimsə bunu gözləmirdi! Biz böyük bayrama, qələbəni qeyd etməyə hazırlaşırıq!”
Onun sözlərinə görə, o qədər irəlidədir ki, Demokratlar arxasınca çata bilməzlər: “Fərq o qədərdir ki, hər hansı təftişə gərək yoxdur. Əlavə səslərə də ehtiyacımız yoxdur. Biz 64 faiz səslə qalib gəlmişik”.
Həlledici ştatlarda səssayma davam edir
O, çıxışında məhkəməyə müraciət edəcəklərini də qeyd edib: “Ali məhkəmə vasitəsilə seçkidə qələbə qazandığımı sübut edəcəyəm”.
ABŞ vitse-prezidenti Maykl Pens də bəyan edib ki, xalq seçimini edib və Tramp yeni prezidentdir. Sadəcə, qalır rəsmi elan olunması...
Onun rəqibi Co Bayden Demokratlar Partiyasının namizədiydi. Bayden qatı ermənipərəst Kamala Harrisi özünə vitse-prezident seçmişdi.
Bayden səslərin hələ sayılacağını söyləyib, rəqibini tələsməməyə çağırıb. “Biz inanırıq ki, qələbəyə gedən doğru yoldayıq”,- Bayden Delaver ştatında tərəfdarları qarşısında bildirib.
O qeyd edib ki, bülletenlərin sayılması ötən seçkilərdə olduğundan çox vaxt apara bilər, amma nəticələrin “yaxşı olacağını” hiss edir.
Donald Tramp bir çox ştatlarda birinci yerdədir | Report.az
Bayden Arizona və Pensilvaniya ştatlarında seçici kollegiyası üzvlərinin səslərini qazandığını açıqlayıb.
Deyib ki, Minnesota ştatında da nəticələr onun xeyrinədir. Habelə Corciya ştatında seçkini udmaq şansı pis deyil.
“Hazırda Viskinson və Miçiqanda da səslərin sayılması gedir, nəticələrin bizim xeyrimizə olacağına dair yaxşı hisslərimiz var”, - Bayden bildirib.
Trampın özünü qalib elan etməsindən isə görünür ki, nəticələr bəllidir. Ən azı bu qədər arxayın çıxış etməzdi.
Lakin politoloq Hikmət Hacızadənin fikrincə, tələskənlik Trampın xasiyyətidir, tam nəticələr açıqlanana qədər gözləmək lazımdır.
Onun “Yeni Müsavat”a dediyinə görə, Tramp həmişə emosional çıxışlar edir və qələbənin kimin qazandığını indidən söyləmək tezdir. Odur ki, nəticələr dəyişə bilər.
Düşmən hər fürsətdən istifadə edə bilər - Zaur Məmmədov
 Zaur Məmmədov
Siyasi şərhçi Zaur Məmmədov da qəzetimizə səslərin sayımının tam yekunlaşmadığını açıqladı. Onun fikrincə, tərəflərin vaxtından əvvəl özünü qalib elan etməsi rəqibə psixoloji təzyiq etmək vasitəsidir.
Ekspertin sözlərinə görə, hazırda Bayden nisbətən üstündür, amma fərq azdır. Politoloq hesab edir ki, bizə Respublikaçıların qələbəsi lazımdır.
“Trampın Cənubi Qafqaz regionu ilə bağlı baxışları əvvəldən məlumdur. Eləcə də Rusiya və Türkiyə ilə münasibətlər onun dövründə nisbətən yaxşı olub. 
Baydenin Türkiyə ilə münasibətləri ürəkaçan deyil. Söhbət dünya nizamının yeni perspektivindən gedir. Tramp dünyanın iqtisadi və siyasi xəritəsində inqilabi gedişlər etdi.
Onun Çin siyasəti, nəhəng korporasiyaların Amerikaya cəlb edilməsi, pandemiya səbəbindən Pekindən təzminat tələbi, İsraili ərəb ölkələri ilə yaxınlaşdırması mühüm hadisələr idi.
Odur ki, seçkidən sonra ABŞ-ın Qarabağla bağlı tutacağı mövqe çox əhəmiyyətlidir. Onların bəyanatı Azərbaycana və Ermənistana təsirsiz ötüşməyəcək".
Z.Məmmədov bununla belə, kimin seçkidə qalib gəlməsindən asılı olmaraq, ABŞ-ın Azərbaycanla iqtisadi tərəfdaş olduğunu xatırlatdı:
“Vaşinqtonda gözəl bilirlər ki, biz işğal edilmiş torpaqlarımızı azad edirik. Ümumiyyətlə, Bjerzinski yazırdı ki, Rusiya-ABŞ müharibəsində bu coğrafiyada Azərbaycanın xüsusi əhəmiyyəti var”.
Ramiyə Məmmədova: “Danışıqların nəticəsi bir müdət sonra bəlli olacaq”
Ramiyə Məmmədova
Analitik Ramiyə Məmmədova deyir ki, hələlik Bayden 224, Tramp 213 səs qazanıb:
“Tramp ölkə daxilində neoliberal iqtisadi modeli müdafiə edərək, şirkətlərin daha da güclənməsini və işsizliyi azaltmağı hədəfləyib.
Bayden isə daha çox xalqın rifahının yüksəlməsi ilə şirkətlərə qarşı bir mövqe almaqdadır.
Tramp beynəlxalq təşkilatların əhəmiyyətsiz olduğunu vurğulayır. Bayden isə dövlətlər əvəzinə təşkilatları müdafiə edir.
Tramp Yaxın Şərqdə İsraili, Asiyada Yaponiya və Cənubi Koreyanı dəstəkləyir, təkqütblü sistem yaratmağa çalışır.
Bu gedişatı tənqid edən Bayden beynəlxalq təşkilatların müdaxiləni və demokratik olmayan liderlərin getməsini istəyir".
Ekspertin sözlərinə görə, namizədlərin baxışlarındakı fərqləri görəndə həm amerikalıların, həm dünya ölkələrinin Trampdan daha razı qaldığını söyləmək olar.
Onu da deyək ki, bu məqalə hazırlanan saatlarda Donald Tramp səslərin hələ sayılıb qurtarmadığı 6 ştatın 5-də birinci yerdə idi.
Bülletenlərin 64 faizinin sayıldığı Pensilvaniyada D.Tramp səslərin 56,1, səslərin 71 faizinin sayıldığı Miçiqanda 53,4, həmçinin 94 faizinin sayıldığı Şimali Karolinada 50,1 faizini,80 faizinin sayıldığı Corciyada 56 faizini, 91 faizinin sayıldığı Viskonsində 51,3 faizini qazanıb.
Demokrat Partiyasının namizədi Co Bayden isə bületenlərin üçdə ikisinin sayıldığı Nevada ştatında səslərin 50,3 faizini əldə edib.
Seçki bitər-bitməz ABŞ-da etiraz aksiyaları da başlayıb. Bir qrup insan seçkilərin ilkin nəticələri elan edildikdən sonra küçələrə çıxıb.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
Oxşar xəbərlər